Texnologiya

Azərbaycan dövlətinin xəbər siyasətinin TAC-ı

1 Mart 2015 10:04
Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
AzərTAc və ya tam adı Azərbaycan Dövlət İnformasiya Agentliyi 95 illik yubileyini qeyd edir. Hazırda yerli və xarici kütləvi informasiya vasitələri üçün Azərbaycanın hələlik yeganə rəsmi dövlət informasiya mənbəyi olan AzərTAc 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Daha sonra agentlik sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyətini davam etdirib. Azərbaycan 1991-ci ildən yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib və 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.


Trend xəbər verir ki, 2015-ci il fevralın 26-da isə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın Azərbaycan Dövlət İnformasiya Agentliyi - AzərTAc adlandırılması haqqında sərəncam imzalayıb.

AzərTAc rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində 7 dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və çin dillərində informasiyalar yayır.

AzərTAc-ın respublikanın bölgələrində, eləcə də dünyanın müxtəlif yerlərində müxbir məntəqələri fəaliyyət göstərir. Agentlik foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır.

Agentliyin multimedia və videoxəbər xidməti "Gəzdim Azərbaycanı", "Abidələrimiz", "Dünya şəhərləri", "Sənət korifeylərimiz" və digər layihələr həyata keçirir. 2013-cü ilin sentyabrından AzərTAc-ın Uşaq Bilik Portalı fəaliyyət göstərməyə başlayıb. Agentliyin yenilənmiş videosaytı da artıq istifadəyə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.