Texnologiya

Peyklərimiz necə idarə olunur?

31 Yanvar 2015 11:23
Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın və Qafqazın ilk peyk operatorudur. Müştərilərinə hər zaman yüksək keyfiyyətli xidmətlər göstərmək məqsədilə qurumun fəaliyyəti beynəlxalq standartlar səviyyəsində qurulub. "Azərkosmos" təsis edildiyi gündən etibarən Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1" vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə şəbəkələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir.

"Azərkosmos"un ictimaiyyətlə əlaqələr üzrə meneceri Aysel Soltanova AzərTAc-ın müxbiri ilə söhbətində şirkətin yaranmasından və fəaliyyət istiqamətlərindən danışıb. Şirkət Prezident İlham Əliyevin 3 may 2010-cu il tarixli Sərəncamı əsasında yaradılıb, 2013-cü ilin fevralın 8-də fəaliyyətə başlayıb. A.Soltanova bildirdi ki, "Azərkosmos"un birbaşa iştirakı ilə fəzaya buraxılan ilk peykimiz - "Azerspace-1" Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda mühüm rol oynayır.

Peyklərin idarə olunması mərkəzi

"Azərkosmos"un peyk əməliyyatlarının idarə olunması mərkəzi həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərir. Peyk Əməliyyatları qrupunun rəhbəri Dunay Bədirxanov burada 40-dan çox texniki işçinin çalışdığını bildirib. O qeyd edib ki, peyk əməliyyatlarının əsas məqsədi peykə ayrılmış 46 dərəcə şərq uzunluğunda qalması, peykin sazlığı və faydalı yükünün müştərilərin istəyinə uyğun olaraq konfiqurasiya olunmasıdır. 2014-cü ildə "Azərspace-1" peyki vasitəsilə ilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması peykin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də Livan, Əfqanıstan, ərəb ölkələri bazarında fəaliyyət göstərməsinə optimal şərait yaradıb. Teleradio və telekommunikasiya xidmətləri vasitəsilə 24 ölkədən olan müştəri bazasının yaradılması 2014-cü ildə irəliyə doğru atılan uğurlu addımlardan hesab olunur. Qeyd edək ki, 2014-cü ildə "Azerspace-1" peyki vasitəsilə 13-ü yerli kanal olmaqla 124 yerli və əcnəbi kanal yayımlanıb. 2013-cü il ərzində "Azerspace-1" peykinin peyk tutumlarının satışından əldə etdiyi gəlir 10 milyon ABŞ dolları, 2014-cü ildə isə 13 milyon ABŞ dolları olub.

Yerli kadrlar

Ötən dövrdə "Azərkosmos"da yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilib. Texniki heyət mərhələli şəkildə ABŞ-da və Malayziyada müxtəlif kurs və təlimlərdə iştirak edib. Əsas məqsəd "Azərspace-1" peykinin idarə və istismar edilməsinin azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilməsini təmin etməkdir. Səhmdar cəmiyyətin İnsan resursları şöbəsinin müdiri İnarə İbrahimxəlilova hazırda qurumun 99 faiz işçilərinin yerli kadrlardan ibarət olduğunu bildirib. Bu gün "Azərkosmos" ASC əsasən data və media xidmətlərinin göstərilməsində fəal rol oynayır. Buna misal olaraq, Türkiyə Prezidentinin andiçmə mərasimi, 2014-cü ildə keçirilmiş futbol üzrə Türkiyə Kubokunun "Azerspace-1" peykinin periodik tutumundan istifadə etməklə canlı yayımlanmasını göstərmək olar. Həmçinin bu ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar olaraq, "Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq bu peyk vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi haqqında imzalanan müqavilə buna misal ola bilər. "Azərkosmos"un yerləşdiyi ərazidə "Azərspace-1"ə nəzarəti həyata keçirmək üçün bütün imkanlar var. Burada peykin idarə olunması üçün müxtəlif təyinatlı antenalar quraşdırılıb.

3-cü peyk üçün hazırlıq

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Yerüstü sistemlərə xidmət qrupunun rəhbəri Emil Abbasovun sözlərinə görə, qrupun işi peykə göndərilən komandaların davamlılığını təmin etmək, peykin orbitdə izlənməsi və avadanlıqların sazlığına nəzarətdir. Hazırda Azərbaycanın "Azerspace-1" peykindən başqa, həm də 2014-cü ilin iyununda orbitə buraxılan, yeni adı "Azersky" olacaq "Spot 7" Yer səthinin məsafədən müşahidə peyki var. Peyk "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında 2 dekabr 2014-cü ildə imzalanmış müqaviləyə əsasən "Azərkosmos" ASC-yə təhvil verilib. Bu müqavilə "Bakutel 2014" Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində Prezident İlham Əliyevin iştirakı ilə imzalanıb. Prezident peykdən ilk simvolik görüntünü əldə etməklə "Azersky" peykinin kommersiya fəaliyyətinə start verib. Qeyd edək ki, Azərbaycanın sayca 2-ci, təyinatına görə Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky" geniş tətbiq sahələrinə malikdir. Hazırda "Azerspace-2" adlı ikinci telekommunikasiya peykinin texniki parametrlərinin müəyyənləşdirilməsi və peyki istehsal edəcək şirkətin seçilməsinə dair tenderə hazırlıq işləri gedir. "Azerspace-2" peykinin 2017-ci ildə orbitə çıxarılması planlaşdırılır. Bu peykin "Azerspace-1"in orbitdəki ehtiyatı kimi istifadə olunacaq və bu da müştərilərə davamlı və etibarlı xidmət göstərilməsinə imkan verəcək.

AzərTAc
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.