Texnologiya

Yapon zondu asteroidə doğru gedir

31 Yanvar 2015 19:20
0 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən ilin dekabrında buraxılan Hayabusa-2 (Şahin-2) kosmik zondu asteroidə doğru yolunu uğurla davam etdirir. Bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) məlumatında deyilir.

Mütəxəssislərin məlumatına görə, hazırda kosmik aparat Yerdən 22 milyon km uzaqdadır, dörd ion raket mühərrikinin hamısı işlək vəziyyətdədir. Bu günlərdə həmçinin JAXA avtopilotun sınaqlarını keçirərək bu rejimdən qısa müddət istifadə edib. Hayabusa-2-nin Yerdən daha iki ay idarə olunması, sonradan aparatın avtomatik idarəetmə rejiminə tam keçirilməsi nəzərdə tutulur. Bundan başqa, ilin sonunda Yaponiya zondu Yerin qravitasiya sahəsi sayəsində uçuş trayektoriyasını dəyişəcək və bilavasitə 1999 JU3 asteroidinə istiqamət götürəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Hayabusa-2 kosmik zondu ötən ilin dekabrın əvvəlində ölkənin cənubunda yerləşən Taneqasima kosmodromundan buraxılıb. 2018-ci ildə zondun 1999 JU3 asteroidinin üst səthinə çataraq oradan torpaq nümunələri götürməsi gözlənilir. Bir sıra alimlərin fikrincə, götürülən nümunələrin tərkibində üzvi maddələr və su ola bilər. Kosmik aparatın Yerə əldə olunan nümunələrlə birlikdə 2020-ci ildə qayıdacağı bildirilir.

Son vaxtlar Yaponiya kosmik proqrama böyük diqqət yetirir. Yanvarın əvvəlində hökumət tərəfindən milli kosmik texnologiyaların inkişafına, maliyyələşmə həcminin çoxaldılmasına, eləcə də sahə üzrə təhlükəsizlik və etibarlılıq səviyyəsinin artırılmasına yönələn yeni onillik proqram təsdiq edilib. Yaxın on ildə müxtəlif təyinatlı səkkiz peykin buraxılışı da gözlənilir. Bundan əlavə, JAXA nümayəndələri bu həftə cari ilin dekabrında 2010-cu ildə buraxılan Akatsuki zondunun Veneranın elliptik orbitinə qaytarılmasına cəhd ediləcəyini bəyan ediblər. Zond ora planet atmosferinin tədqiqi məqsədilə göndərilsə də, mühərrikdə yaranan nasazlıq səbəbindən planlaşdırılan orbitə çıxa bilməyib və hazırda Günəşə yaxın məsafədə yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.