Texnologiya

Azərbaycan genişzolaqlı internet abunəçilərinin sayına görə MDB-də liderdir

23 Aprel 2014 20:26
0 Şərh     Baxış: 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və bu gün yayımlanmış "Qlobal informasiya texnologiyaları hesabatı - 2014" ("The Global Information Technology Report - 2014") adlı illik hesabatda göstərilir ki, ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən "Şəbəkələşmə hazırlığı indeksi" göstəricisinə görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib.

Azərbaycan Marketinq Cəmiyyətindən Trend-ə verilən məlumata görə, hər zaman MDB ölkələri arasında yüksək mövqelərdə yer alan Azərbaycan bu reytinq cədvəlinə, əsasən, bir çox aparıcı ölkələri də qabaqlayıb.

Sevindirici haldır ki, Azərbaycan "ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi" reytinqinə görə dünyada 1-ci yerdə göstərilib ki, bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir.
 

Eyni zamanda, "Şəbəkələşmə hazırlığı indeksi"nin formalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə Azərbaycan hər 100 nəfər arasında internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu, genişzolaqlı internet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır.

Bundan əlavə, şirkətlərin innovasiya qabiliyyətinə görə ölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pilləni tutur.
 

Hesabatda diqqət çəkən məqamlardan biri də odur ki, yuxarı orta gəlirli ölkələrlə müqayisədə Azərbaycan orta göstəricidən daha yaxşı nəticə qazanıb və hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri tutub. MDB-də birinci olmaqla, ölkəmiz İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur.

Hesabata əsasən, Azərbaycan Avropada İtaliya (58-ci yer), Polşa (54), Slovakiya (59) və Monteneqronu (52), eləcə də qonşu ölkələrdən Türkiyə (51), Gürcüstan (60) və İranı (104) qabaqlayıb. Həmçinin Azərbaycan dünya nəhənglərindən Çin (62), Braziliya (69) və Meksikanı (79) arxada qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.