Sağlamlıq

Orta yaşlı kişilərdə səsdəki azacıq dəyişiklər həyat üçün təhlükəlidir

29 May 2017 23:58
1 Şərh     Baxış: 2 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səs pozulması-insanın yaşına, cinsiyyətinə uyğun olmayan, sosial həyatına mənfi təsir edən əlamətdir. Yəni, istəmədən diqqət çəkən səslər anormal hesab edilir. Bu səslər cəmiyyətdə fərqli adlandırılır. Bunlar səs batması, kobud, xırıltılı, boğuq, qalın, incə, yorğun kimi səslərdir. Çox vaxt səslərindəki dəyişiklik insanları narahat etsə də bunu ötəri hal kimi qəbul edir, həkimə müraciət etməyi lazım bilmirlər. Bütün xəstəliklərdə olduğu kimi səs problemlərində də erkən diaqnostika və erkən dövrdə müalicə daha tez və effektiv nəticələr almağa kömək edir. Xüsusilə orta yaşlı kişilərdə səsdəki azacıq dəyişiklər həyat üçün təhlükəli olan xərçəngönü xəstəliklərin və ya qırtlaq xərçənginin əlaməti ola bilər. Bu səbəbdən şikayətləri olanların, artmasını gözləmədən dərhal həkimə müraciət etmələri məsləhət görülür.

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin qulaq, burun, boğaz xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Afaq Abbasova bildirib.

- Səs pozulmalarının səbəbləri nələrdir?

- Səs pozuntuları qırtlaq, burun və hətta ağciyər xəstəliklərində də görülür. Bir sıra baş, boyun əməliyyatlarından, tiroid cərrahiyyəsindən sonra da səs pozulmalarına rast gəlinir. Bunun ən çox görülən səbəbləri arasında qastroözofageal reflyuks xəstəliyini misal çəkmək olar. Bu xəstəlik zamanı mədə turşuluğu artır və turşuluq geriyə, boğaza atılır. Qastroözofageal reflyuks xəstəliyinin səs pozulmasına səbəb olması geniş yayılsa da çox vaxt diqqətdən yayınır. Bunlardan başqa, işi birbaşa səsi ilə bağlı olan insanlarda uzun müddət yanlış səs istifadəsi də bu kimi xəstəliklərə səbəb ola bilər.

- Səs tellərindəki problemlər hansılardır?

- Bu çox fərqli səbəblərdən baş verə bilər. Lakin insanların qarşılaşdıqları nəticə, yəni şikayətlər oxşardır. Bunlar səsim dəyişib, batıb və ya çıxmır kimi şikayətlərdir. Bu qısa müddətli soyuqlamalar, soyuqdəymə nəticəsində iltihablaşma və ya qeyd etdiyim kimi mədə turşuluğu ola bilər. Bu zaman səs tellərinin arxa hissəsində turşunun aşılayıcı təsirindən dəyişikliklər baş verir ki, bu da asan müalicə olunur. Bu problemlər səsin yanlış istifadəsinə bağlı olan səs tellərinin düyünü, polipi, kistası da ola bilər. Lakin səs telinin iflici, xərçəng kimi daha ciddi xəstəliklərin də ilk əlaməti səs batmasıdır. Yəni şikayətin eyniliyinə baxmayaraq diaqnozlar fərqlidir. Bu zaman diaqnozdan asılı olaraq yanaşma və müalicə üsulları müxtəlif olur. Səsdə bir həftədən artıq davam edən dəyişiklik, qısamüddətli səs batmaları, boğazda yad cisim hissiyyatı, bir müddət danışdıqdan sonra və ya günün sonunda boğazda yorğunluq, gücsüzlük hissi, ani səs dəyişikliyi olduqda həkimə müraciət etmək mütləqdir. Bu kimi problemlərlə qarşılaşanlar ilk növbədə işi səslə bağlı olanlardır. Normal halda insanlarda 10 faiz rast gəlinən səs problemləri işi səsi ilə bağlı olanlarda 50 faiz təşkil edir. Bunun qarşısını almaq üçün ilk növbədə səs gigiyenasına diqqət yetirilməlidir. Səs gigiyenası-səsə mənfi təsir edən amilləri aradan qaldıraraq səsi qorumaq tədbirləridir. Bunlar yetərli su qəbulu, otaqda havanın nəmləndirilməsi, səs-küylü yerlərdə daha az danışmaq, siqaret kimi pis vərdişlərdən imtina etmək, stressdən mümkün qədər uzaq olmaq, yuxu saatlarına düzgün əməl etmək və istifadə olunan dərmanlara diqqət yetirməkdir.

- Yanlış səs istifadəsi nədir?

- Qışqırmaq, ucadan, fısıltı ilə, uzun müddət uyğun olmayan tezlikdə, yəni daha incə və ya daha qalın səslə və ya çox sürətli danışmaq, uşaqlar arasında tez-tez rast gəlinən səs təqlidləri yanlış səs istifadəsidir. Bu cür səs istifadəçilərində funksional səs pozulmalarına və alışqanlıq uzun müddət davam edərsə xoşxassəli qırtlaq törəmələri yarada bilər.

- Belə olan hallarda hansı müalicə üsulları tətbiq edilir?

- Səs xəstəliklərində səbəbindən asılı olaraq dərman müalicəsi, cərrahi əməliyyat və ya səs terapiyası tətbiq olunur. Bəzi hallarda bu müalicələr birgə aparılır.

- Səs terapiyası nədir?

- Bu müalicə üsulunda xəstəyə düzgün səs davranışı, yəni düzgün səs istifadəsi öyrədilir və bu davranışın gündəlik həyatda tətbiqinə nail olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.