Sağlamlıq

"Zobu olan hər kəs əməliyyata..."

17 May 2017 23:52
4 Şərh     Baxış: 2 635

Milli.Az endokrinoloq Nadirə Ağazadənin ailem.az-ın müsahibəsini təqdim edir. 

- Əhali arasında zob kimi tanınan xəstəlik əslində nədir?
 
- Əhali arasında zob adı ilə tanınana xəstəlik qalxanabənzər tiroid vəzinin ölçülərinin hər hansı səbəbdən böyüməsidir. Bu ya tiroid vəzisində olan düyünlər, ya automun proses, qalxanabənzər vəzin ölçülərinin böyüməsi ilə özünü göstərir. Qalxanabənzər vəzin böyüməsinə səbəb tiroid düyünləridirsə, biz artıq bir çox vacib məqamlara toxunuruq. Tiroid düyünləri ya xəstənin özü tərəfindən, ya da həkimin fiziki müayinəsi əsasında aşkara çıxarılır. Və ya adi müayinələrdən keçdikdə təsadüf nəticəsində xəstəlik aşkarlanır. Düyün aşkarlanan hər bir xəstədə bizi maraqlandıran bəzi sualları araşdırırıq. Düyün aşkarlandı, bu düyünün hiperfunskiyası varmı, bu düyündə xərçəng olma ehtimalı varmı, düyünün ölçüləri böyükdürsə, ətrafa təzyiq simptomları varmı? Bunları araşdırıb sonrakı mərhələlərə keçirik. Düyün aşkarlandıqdan sonra xəstənin keçmiş həyat tarixçəsini toplayırıq. Yəni uşaq çağlarından baş-boyun bölgəsindən şüa terapiyası alıbmı, ailəsində hər hansı tiroid xəstəlikləri, xərçəng hekayəsi, ailəsində digər endokrinoloji xəstəlikləri varmı? Bunlardan sonra xəstənin yaşı və cinsi bizim üçün çox önəmlidir. Uşaq və 20 yaşdan az olan insanlarda qalxanabənzər vəzidə düyün aşkarlanıbsa və ya şəxs kişi cinsinə məxsusdursa, bu düyünlərdə bədxassəli olma ehtimalı digərlərinə nisbətən yüksək olur. Ona görə də anamnizidən sonra ultrasəs müayinəsi aparılır və düyünün bədxassəli olma ehtimalına fikri verilir. Sonra tiroid hormonlar yoxlanılır. Nəticəyə baxaraq biopsiyaya göndərə bilərik.
 
- Bu xəstəliyin əlamətləri hansılardır? Hansı şikayətlər zobun olmasına işarədir?
 
- Tiroid vəzində hər hansı düyün aşkarlanıbsa, bu düyünün funksional aktivliyini bilmək üçün tiroid hormonlar mütləq yoxlanmalıdır. Tiroid vəzi kiçik bir endokrin orqan olduğuna baxmayaraq, insan üçün həyati önəm daşıyan funksiyaları - böyümə və cinsi inkişaf, mübadilə və bədən temperaturunun tənzimlənməsini, sinir sisteminin normal inkişafını idarə edir. Ona görə hər bir insanın tiroid tərəfindən sintez olunan tiroid hormonlarına ömür boyunca ehtiyacı vardır. Tiroid vəzin çox işləməsi - hipertiroid adlanır, yəni vəzi özündən normadan artıq T3, T4 hormonları sintez edərək, bədəndə bütün funksiyaların artmasına, xəstədə kliniki şikayətlərin meydana çıxmasına səbəb olur. Xəstələr hansı şikayətlərlə gəlirlər: dərinin quru olması, son vaxtlarda çəki almaq, tüklərin tökülməsi, yaddaşın pozulması, qəbizlik, qadınlarda menstrual tsiklin pozulması, hətta sonsuzluq, süd vəzilərinə südün gəlməsi, yuxunun pozulması, depressiyaya meyllilik, ürək döyüntülərinin artması, çəki azalması, ishal və s.
 
- Tam müalicəsi varmı?
 
- Tiroid vəzin xəstəlikləri çoxdur. Hərəsinin özünün ayrı-ayrı müalicə prinsipləri var. Əgər zəhərli urdursa, üç müalicə prinsipi var. Birinci sadə dərman müalicəsidir. Dərman müalicəsi 12-24 ay davam edir. Bu müalicə təsir etmədikdə radioaktiv yodla müalicə təyin edirik. Bu da təsir etmirsə, cərrahi müalicəyə əl atırıq. Hipetiroid olduqda isə ömürlük dərman atmaqdır. Qalxanabənzər yetməzliyi halında xəstə ömrünün axırına qədər dərman atır. Əgər düyünün ölçülərində sürətli böyümə olarsa, yenidən biopsiyaya yollayırıq.
 
- Tiroid düyünləri hansı hallarda cərrahi əməliyyatla kəsilib götürülür?
 
- Tiroid düyünü olan hər adam dərhal cərrahi əməliyyata qaçmamalıdır. Cərrahi əməliyyatın öz göstərişi var. Biz biopsiyaya yollayırıq, orada şübhə oldusa və ya bədxassəli törəmə çıxdısa, artıq birbaşa göstəriş cərrahi əməliyyatdır. Və ya zəhərli urlar dərman müalicəsinə, radioaktiv yoda cavab vermirsə, cərrahiyyə əməliyyatı burada göstərişdir. Digər halda, çoxlu düyünlərdir, ölçüləri böyükdür və nə vaxtsa baş-boyun bölgəsində şüa terapiyası alıb. Bu halda da cərrahiyyə əməliyyatı olunur. Həddən artıq böyük ur digər orqanlara təzyiq edir. Bu halda əməliyyat qaçılmazdır. Bir də kosmetik baxımdan böyük urlar əməliyyatla kəsilib götürülür. Hər düyün əməliyyat olunmur. Bunun üçün mütləq göstəriş olmalıdır.
 
- Vəzilərin xərçəngə çevrilmə ehtimalı nə qədərdir?
 
- Tiroid düyünu olan hər kəs bu düyünlərdə xərçəng olma riskinin özəlliklərini bilməlidir. Bu özəlliklər hansılardır?  Düyünün sürətlə böyüməsi, ölçüsü, ailədə tiroid xərçənginin olması, öncədən baş-boyun radioterapiyası alanlar, ssintiqrafiya müayinəsi zamanı soyuq düyünlərin aşkara çıxarılması və s. Bütün bu özəlliklər xəstələr tərəfindən diqqətə alınmalı və tiroid düyününə səhlənkar yanaşılmamalıdır. Endokrinoloq tərəfindən təyin olunmuş müayinələr (Tiroid USM, Punksion biopsiya, Ssintiqrafiya) zamanında, gecikdirilmədən edilirsə, tiroid xərçənginin qarşısı alınmış olacaqdır.
Tiroid düyünlərinin 5%-də xərçəng riski olduğundan düyün aşkarlanan xəstədə başlanğıc olaraq qalxanabənzər vəzi hormonları yoxlanılmalı və tiroid USM edilməlidir. Düyünün xərçəng olma riski tiroid USM ilə şübhələnilir, diaqnoz isə biopsiya (İİAB) ilə dəqiqləşdirilir. Məqsəd düyündə xərçəng olmanı istisna etməkdir. Biopsiyadan sonra xoşxassəli cavab alınan tiroid düyünləri zaman keçdikcə böyüdüyündən nəzarətdə qalmalı, USM müayinəsi 6-12 ay sonra təkrarlanmalıdır. Əgər düyünün ölçülərində sürətli böyümə varsa, bu, yüksək risk kimi dəyərləndirilir, xəstəyə həmin ay və ya 3 ay içərisində düyünün biopsiyasını təkrarlamaq məsləhət görülür. Tiroid düyünlərinin nəzarət və müalicəsində ən önəmli məqsəd xəstəni lazımsız cərrahiyədən qorumaq və xərçəngi vaxtında aşkar etməkdir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Əliyev. · 17 May 23:5802

    .

    Cavab yaz
  • Anonim
    Turan · 18 May 08:4500

    Cox duzgun malumat.

    Cavab yaz
  • Anonim
    kassir · 18 May 12:0300

    ehhh derdim tezelendi

    Cavab yaz
  • Anonim
    ses · 18 May 15:0500

    eyer hemen vezde kicilme gedirse ona demekdir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.