Sağlamlıq

Kalsium siropları uşağı zəhərləyə bilər - XƏBƏRDARLIQ

6 Fevral 2016 08:39
5 Şərh     Baxış: 19 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günümüzdə körpələrə həkim məsləhəti olmadan dərman verən valideynlər az deyil.

Xüsusilə də ilk 1 yaşa qədər körpəyə kalsium siropu verməyi valideynlər sanki özlərinə borc bilirlər. Bəs bunun uşaq orqanizminə nə kimi zərəri var?

Milli.Az bildirir ki, məsələ ilə əlaqədar lent.az-a açıqlama verən pediatr Günay Rəsulova deyir ki, ilk yaşlarda körpələr südəmər dövrdə olduqları üçün dietlə çoxlu miqdarda kalsium alırlar. Önəmli olan bu kalsiumun körpəyə normal mübadiləsini təmin edən və mənimsənilməsinə kömək edən Vitamin D damlalarını (Aquadetrim) profilaktik olaraq ilk 2 il körpəyə verməkdir: "Yersiz, özbaşına, həkimlə məsləhətləşmədən istifadə edilən kalsium preparatlarının qəbulu zamanı orqanizm dərmanla gələn artıq kalsiumu ürək və beyin damarlarında depolamağa çalışır. Bu da damarlarda kirəcləşmə, sərtləşməyə səbəb olur, artıq istifadə edilən kalsium bağırsaqların fəaliyyətini pozur, uşaq qəbiz olur, böyrəklərin fəaliyyətinə toksik təsir edir".

Pediatrın sözlərinə görə, xüsusilə də diş çıxarma dövründə kalsium siroplarının istifadəsi daha çox yayılıb. Valideynlər belə hesab edirlər ki, körpəyə kalsium verməklə onun dişinin çıxmasına yardım etmiş olacaqlar. Əslində isə belə deyil: "Diş çıxarma prosesinin qandakı kalsium səviyyəsi və ya miqdarı ilə heç bir asılılığı yoxdur. Boşuna istifadə etdiyiniz bu kalsium siropları diş çıxarmağa təsir göstərməyəcək, kömək etməyəcək. Uşaqlarda diş çıxarma prosesi genetik xarakter daşıyır. İrsən tez diş çıxardan (3 ayda) və ya normalda ilk dişlərini 1 yaşdan sonra da çıxardan uşaqlar var. Süd dişlərinin mayası ana bətnində 16-cı həftədə qoyulur və 3 yaşında tamamlanır. Heç bir vasitə ilə bu prosesə təsir edə bilmərik".

Kalsium preparatlarını hansı halda istifadə edə bilərik?

Əgər uşağın Raxit keçirdiyinə şübhə varsa, qan analizi ilə bu təsdiqlənirsə, o zaman həkim məsləhəti ilə həkimin teyin etdiyi müddət ərzində istifadə edilə bilər: "Əziz valideynlər, həkiminizlə məsləhətləşmədən körpənizə heç bir dərman verməyin!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.