Sağlamlıq

Uşaqlarda anadangəlmə bud-çanaq çıxığının səbəbləri və müalicəsi - FOTO

5 Sentyabr 2015 14:00
Baxış: 21 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Anadangəlmə bud-çanaq oynağı patologiyaları körpəlik və ya uşaqlıq dövrlərində meydana çıxan anatomik anomaliyaları təsvir edən ümumi bir termindir. Oynağı əmələ gətirən oynaq çuxuru (sirkə kasası) və oynaq başının (bud sümüyü başının) bir-birinə münasibətinə görə uşaqlarda displaziya, yarımçıxıq və tam çıxıq ola bilər. Bu patologiya vaxtında aşkara çıxarılıb düzgün müalicə olunarsa heç bir qalıq əlamət qalmaz. Əks halda bu xəstəlik çox ciddi əlilliyə səbəb ola bilər.

Qadının ilk uşağı dünyaya gətirməsi, dölün çanaq gəlişində olması, əkizlik zamanı əsasən qız uşaqlarında, doğuşdan sonra əyriboyunluq (tortikolis), əyripəncəlik ( PEV) kimi anomaliyaları və genetik meyillilik olan yenidoğulmuşlarda bu xəstəliyə daha çox rast gəlinir. Saydığımız səbəblərdən bir neçəsi və ya hamısı olan yenidoğulmuş körpələr risk qrupuna aid edilir. Bunun qarşısını almaq üçün xəstəliyi vaxtında aşkar etmək başlıca şərtdir.

Problemin həllində ilk iş valideynlərin ( daha çox ananın) üzərinə düşür. Diqqətli ananın sezə biləcəyi əlamətlərə qasıq büküşlərinin assimmetrik olması, problem olan tərəfdə ayağın bayıra açılmasının məhdud olması, ayaqların uzunluq fərqi və s. aid ola bilər.Doğulduqdan 6 həftə sonra körpələrin mütləq həkim-ortopedin müayinəsində olması məqsədəuyğundur. Risk qrupuna aid edilən uşaqlarda həkim müayinəsi normal keçsə belə Amerika Pediatriya Akademiyası əlavə olaraq ultrasəs (USM) müayinəsini vacib sayır. USM müayinəsini edəcək həkim mütləq bu sahə üzrə mütəxəssis olmalıdır. (normada alfa bucağı 60 dərəcədən, betta buçağı isə 55 dərəcədən yuxarı olmalıdır). 6-8 aylıqdan dayaq hərəkət sistemində sümükləşmə başladığına görə bud-çanaq oynağının ön (AP) rentgen müayinəsi xəstəliyi aşkara çıxarmağa imkan verir. Qeyd edək ki, risk qrupuna aid olmayan körpələr müvafiq olaraq 1, 3 və 6-cı aylarda müayinəyə gəlməlidir. Risk qrupuna aid olunan və ya xəstəlik aşkar edilən körpələr isə müayinəyə müalicənin sxeminə görə gəlməlidir.

Xəstəliyin müalicəsi.

1. 0-6 aylıq uşaqları sadə bir müalicə üsulu ilə xüsusi bandajlarla (pavlik bandajı kimi) sağaltmaq mümkündür.

2. 6-12 aylıq uşaqlar əməliyyatxana şəraitində venadaxili sedasiya ilə qapalı reduksiya olunmaqla (yəni çixiq yerinə salınmaqla) pelvi pedal gips sarğısı tətbiq edilərək müalicə olunur.

3. 1-1,5 yaşlı uşaqlarda artıq qapalı reduksiya bir fayda vermədiyi üçün əməliyyatxana şəraitində ümumi anesteziya ilə açıq reduksiya olunaraq PPG sarğısı tətbiq edilərək müalicə olunur.

4. 1,5-2 yaşlı uşaqlarda əməliyyatxana şəraitində açıq reduksiya, çanaqda osteotomiya (məs.Salter ostetomiyası) və PPG sarğısı tətbiq edilməklə müalicə aparılır.

5. 2,5 yaş və yuxarı yaşlarda artıq açıq reduksiya, çanaqda osteotomiya ilə yanaşı bud sümüyünün yuxarı ucunda da osteotomiya aparılaraq PPG sarğısının tətbiqi ilə müalicə olunur.

Xatırladaq ki, yuxarıdakı müalicə sxemi standart bir formadır, lakin hər xəstədə fərdilik prinsipi mütləq nəzərə alınmalıdır.

Əziz valideynlər, müalicədən görüldüyü kimi xəstəlik nə qədər tez

aşkara edilirsə müalicə o qədər də asan və səmərəli olur, tam sağalma ilə nəticələnir. Bu xəstəlik haqqında daha geniş və ətraflı yazmaq olardı, çalışdıq ki, sadə formada dəyərli oxucuları məlumatlandıraq. Mən həkim ortoped-travmatoloq İlkin Cəlilov və xəstəxanamızın müasir Diaqnostika, Pediatriya və Travmatologiya-Ortopediya şöbələrində çalışan həkimlər adı çəkilən xəstəliyi son diaqnostika və yeni üsullarla müalicə edərək körpələrimizin şəfa tapması üçün çalışırıq.

HB GÜVEN KLİNİK

Ünvan: Atatürk prospekti 3078 Bakı - AZ1108

Tel.: (+994 12) 436 14 96, (+994 12) 436 51 51, (+994 12) 959

Mob. : (+994 50) 766 78 88, (+994 55) 225 78 88

Sığorta tel .: (+994 12) 436 48 41 - Sığorta mob .: (+994 70) 667 77 25
E-mail : [email protected] 

Facebook /HBKlinika

www.guvenklinik.com

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.