Sağlamlıq

Qorxanda dil niyə tutulur?

7 İyul 2015 11:06
0 Şərh     Baxış: 3 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində baş verən qətl zamanı nazirlərdən birinin qardaşının dili tutulub. Ümumiyyətlə, qorxudan, stressdən dil tutulmaları hallarına çox rast gəlinir. Maraqlıdır, dil tutulmasını ciddi xəstəlik hesab etmək olarmı və bu daha çox hansı hallarda baş verir?

Həkim-mütəxəssislərə görə, əslində dil tutulması xəstəlik deyil, insan bədəninin xarici faktorlara verdiyi bir reaksiyadır. Qorxu, həyəcan, çaxnaşma və bənzər duyğular insanın dilinin tutulmasına və danışma qabiliyyətinin bir anlıq itməsinə səbəb ola bilir.

Dil tutulması bəzi insanlarda yalnız bir neçə saniyə, bəzi hallarda isə bir neçə dəqiqə çəkir. Bəzi dil tutulması hadisələrində isə problem qalıcı ola bilir. Buradakı ən əhəmiyyətli faktor bədənin özünü kilidləməsidir. Bu tip vəziyyətlərdə mütləq psixoloji dəstək almaq şərt kimi göstərilir.

Dil tutulmasının müalicəsinə gəlincə, psixoloq Dəyanət Rzayev bunun müalicəsinin falçı, ekstrasens yanında yox, psixoloq yanında mümkün olduğunu dedi: "Bu, sırf psixoloji faktordur. Müəyyən ruhi xəstəliklər nəticəsində insan daxili aləminə gedir. Buna autizim deyilir. Özünə qapanır və danışmır. Hər şeyi eşidir, anlayır, sadəcə olaraq, danışmır. Şüuraltı bir proses baş verir. Amma sağlam insanlarda da müəyyən stress nəticəsində dil tutula bilir. Bu, orqanizmin müdafiə mexanizmləridir. Orqanizm özü muxtar formada fəaliyyət göstərir. Ola bilər ki, emosional gərginlikdə insanın dili tutulur. Çünki həmin emosional vəziyyətdə ona danışmamaq lazımdır. Əgər qorxudan, stressdən dili tutulan adam yaxşı psixoterapevtin yanına getsə, təbii ki, dərman təyin olunacaq və dili açılacaq. Bu cür hallarla tez-tez rastlaşmışıq. Bu hal insan gərginlik, stress keçirəndə baş verir. Ancaq dil tutulması daha çox qorxu nəticəsində baş verir. Əgər dili tutulan insan əvvəllər danışıbsa, onun dili mütləq açılır. Stress orqanizmin ümumi adaptasiya sindromudur. Dili tutulan adamın üzərində psixoloq iş aparmaqla və düzgün müalicə etməklə həmin insanın dili açılacaq. Burada qorxulu və təhlükəli bir şey yoxdur. Psixiatrın məqsədyönlü dərmanlar tərtib etməsi ilə bu problem qısa zamanda aradan qaldırılır".

Tibb elmləri doktoru, professor Adil Qeybulla da dil tutulmanın stress nəticəsində baş verən bir hadisə olduğunu dedi: "İnsanın danışıq, nitq qabiliyyəti çox incə mexanizmlərlə idarə olunur. Hansısa stressdən, ağır xəstəlikdən bəzən xəstələrin dilində kəkələmə, rabitəsizlik və nitqin digər pozuntuları baş verə bilər. Ona görə də bu sahə, yəni beynin bu hissəsi daha çox təsirə məruz qala bilir. Stress zamanı dil tutulmasından başqa göz tutulması, qulaq pozulması, yəni eşitmə qabiliyyətinin itməsi və digər hadisələr də baş verə bilər. Bu beyində idarə olunan mərkəzlərdən asılıdır. Beyində emosional motivasiyaların idarə olunduğu yer var. Bu özü xəstələrdə həddən artıq depressiyada nevrozlara və sairəyə gətirib çıxarır. Yəni bütün bunların hamısı keçirilmiş stressin qalıq əlaməti hesab edilə bilər. Bu cür stresslər, müvəqqəti baş verən həmin epizodlar müəyyən bir müalicə, beynin sakitləşməsi nəticəsində keçib gedir. Hesab edirəm ki, bu situasiyadan daha çox asılıdır. Əgər bu hansısa bir funksiyanın pozulması, dil tutulması və sairə beyində həm də digər patologiyalarla müştərək baş verirsə, əlbəttə, onun müalicəsi xeyli ağırlaşmış olur".

"Yeni Müsavat"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.