Sağlamlıq

Qarpız alarkən diqqətli olun! - VİDEO

3 İyul 2015 22:39
0 Şərh     Baxış: 2 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət-Toksikologiya Laboratoriyası bazarlarda satılan yemiş və qarpızlarda gübrələrin miqdarının yoxlanılmasını tədbirlərini gücləndirib.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bu barədə laboratoriyanın rəhbəri Yaqub İbrahimov məlumat verib.
 
Onun sözlərinə görə, mövsümlə əlaqədar olaraq bütün bazarlarda qarpız, yemiş, eləcə də bəzi mövsümi meyvələr yoxlanılır.
 
"Bir sıra bazarlarda yoxlamalar aparılıb. Yaxın zamanda bu işi bölgələrdə də davam etdirəcəyik. Nitratın miqdarı aşkar edilən məhsullar satışdan çıxarılacaq. Qarpız üçün əsasən Saatlı, Sabidabad, İmişli və Bərdə rayonlarında yoxlamalar aparacağıq. Bununla yanaşı, iri pərakəndə satış obyektlərində də yoxlamalar aparırıq".
 
Y.İbrahimov bu vaxta qədər aparılan monitorinqlər zamanı 500-600 kq qarpız və yemişin tərkibində nitratın miqdarının artıq olduğuna görə satışdan çıxarıldığını bildirib:
"Nitratın miqdarı ötən illə müqayisədə bu il nisbətən yaxşıdır.  İyulun sonu, avqustun əvvəlində nitratın miqdarı normaya uyğun olur.  Bu baxımdan yaşlı adamlar, azyaşlı uşaqlar, xəstələrin iyulun əvvəllərində qarpız yemələri məsləhət görülmür".
 
Y.İbrahimov  qarpız və yemiş yemək üçün ideal vaxtı da açıqladı:
"Qarpız artıq istixana şəraitində yetişdirildiyinə görə may, iyun aylarında bazarda qarpız tapmaq mümkündür. Əvvəllər isə iyulun ortasında az hallarda bazarda qarpız olurdu. Bunu nəzərə alaraq biz də qarpızı avqustun birindən yeməyi məsləhət görürük. Əlbəttə, heç kimə qadağa qoya bilmərik".
 
Yol kənarlarda, evlərin həyətində qarpız satanlar yoxlamadan kənar qala bilər. Ona görə də Y.İbrahimov əhaliyə xəbərdarlıq etdi ki, bu yerlərdən qarpız alarkən diqqətli olsunlar:
 
"Bazarda satılan qarpızı biz yoxlayırıq, buna görə də məsuliyyət daşıyırıq. Yol kənarlarında, həyətlərdə qarpız satışına görə, satıcı və alıcılar məsuliyyət daşıyırlar. Lakin bu problemin tam həll edilməsi üçün gələcəkdə qarpız və yemişin birbaşa sahədə yoxlanması üçün səyyar laboratoriyaların təşkili üçün üzərində iş aparırıq. Bu, ən düzgün variantdır. Çünki bu məhsullar əkilən sahəyə gübrə bəzən normadan çox verilir, ona görə də problem əkin sahələrində yaranır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.