Sağlamlıq

Orucluq və qidalanma arasındakı tarazlıq

30 İyun 2015 17:09
0 Şərh     Baxış: 2 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müqəddəs Ramazan ayının başlaması ilə çoxlarını maraqlandıran məsələlərdən biri də orucluq və qidalanma arasındakı tarazlığın düzgün formada saxlanmasıdır. Tanınmış dietoloq Leyla Zülfüqarova bu barədə öz fikir və məsləhətlərini bölüşərək insanları oruc tutduqları günlərdə sağlamlıqlarını qorumağa çağırıb.

Leyla xanıma görə, illərlə formalaşan səhv stereotiplərimiz nəticəsində orucluq haqqında adevkat olmayan fikirlər yaranlıb: "Bu daha çox bizim orucluq ayına bəslədiyimiz münasibətdən irəli gəlir. Orucluq ayı bir saflaşma, pəhriz ayıdır, biz on bir ay yeyir-içir, orqanizmimizə toksinlər toplayırıq. Orqanizmə heç olmasa bir ay istirahət vermək lazımdır. Əgər biz fikir bucağımızın saflaşması, düşüncə, niyyətlərimizin saflaşması deyiriksə, nəyə görə orqanizmin saflaşmasını düşünməyək?"

Bu fikirləri APA TV-də "Sosium" proqramındə səsləndirən dietoloq xanım orucluğun əsas mahiyyətinin bir ay ərzində orqanizmi saflaşdırmaq olduğunu vurğulayıb.

"Bir ay ərzində tamamilə sağlıqlı qidalarla bəslənən orqanizm, bundan sonra qeyri-sağlam qidaları, onsuz da, götürməyəcək. Çünki bir ay ərzində orqanizmi çox gözəl tendensiya ilə planlamış oluruq. Bu baxımdan Ramazan ayından sonra yerində olmayan fikirlərin formalaşması, insanların orucu səhv şəkildə tutması ilə əlaqəlidir. Orucluqda iki yemək vaxtı var - imsak və iftar. Burada orqanizm üçün ciddi təzyiq o ola bilər ki, 16-18 saata yaxın məsafədə orqanizmə heç nə daxil olmur. Demək ki metabolizm aparatımızda bir az ləngimə yarada bilərik. Amma bunun qarşısını almaq üçün çox gözəl qayda qanunlar qoyulub. İmsak və iftarda yeyiləcək çox düzgün qidalar var. Əgər biz düzgün qidaları deyil, orqanizm üçün səhv qidaları seçsək, təbii ki bundan sonra iftar vaxtı səhhətdə ağırlaşma olur", - deyə Leyla xanım qeyd edib.

Dietoloq xanım oruc tutanlara qidalanmadan sonra dərhal yatmamağı tövsiyə edib: "Oruc tutanlar tez yatmamalı, iftardan sonra mütləq 3-4 sat oyaq qalmalıdır. İftardan sonra iki saat oyaq qalmaq vacibdir. Bəziləri gündə bir dəfə bayram süfrəsi kimi naz nemətlərlə bəzədilmiş süfrə arxasına əyləşməklə işlərini bitmiş sayırlar. Bu, bayram deyil, orqanizmə ən böyük cəza verməkdir. Birdən-birə fərqli qida qruplarını orqanizmə ötürmək fermentləri də çaşdıra bilər. Orqanlar sistematik olaraq ayrı-ayrı çalışırlar, hər bir orqan öz hormonunu ifraz edir. Bu zaman turş qidalarla şirin qidaları bir yerdə qəbul etməyimiz ən böyük cəza olardı. Çünki belə olan təqdirdə qidalar tam həzm olunmaya bilər, qida çürüməsi yaranar və köp əmələ gələr. İftar üçün sadəcə şorbamızı, salatımızı və orqanizm üçün lazım olan protein ağırlıqlı qidaları seçməliyik. Gün ərzində şirinə olan ehtiyacımızı xurma ilə almalıyıq. Xurma ən müdrik nemətdir, çünki tərkibi karbohidrat və zülaldan ibarət olan bəlkə də yeganə meyvədir və orqanizmin zülala olan ehtiyacının 85 faizini ödəyir".

Leyla xanım bildirib ki, orucluq vaxtı yarımfabrikat məhsullardan istifadə zərərlidir. O kolbasa və sosiska kimi məhsullarından qəti olaraq imtina etməyi tövsiyə edib.

Dietoloq xanım gün ərzində fiziki işlə məşğul olan oruc tutmuş insanlara imsakda və iftarda ətli yeməklər yeməyi məsləhət görüb. Onun məsləhət gördüyü ətli yeməklər buxarda bişirilmiş ət məhsulu ilə hər hansı tərəvəzin bişmiş forması, ətli səbzəli yeməklər, bunun yanında taxıllı qida növləri, məsələn bulğur, qarabaşaq və sair bu kimi qidalardır: "Eyni zamanda, biz ən çox maye qəbul etməyə diqqət yetirməliyik. Maye dedikdə söhbət təmiz, qazsız və şəkərsiz sudan gedir. Dietoloji cəhətdən ən düzgün içki ağ mayedir. Mən açıq rəngli bitki çaylarını tövsiyə edərdim. Bitki çaylarına çobanyastığı, cökə çiçəyi, itburnunu daxil edə bilərik. Orucluğun mahiyyəti bizi sağlam həyata kökləməkdirsə, biz işlənmiş qidaları qəbul etməklə orqanizmimizdə problemlər yaratmamalıyıq".

Leyla Zülfüqarova bildirib ki, iftarı su ilə açmaq məsləhətdir: "Su ən ciddi sakitləşdiricidir. Ən ciddi fikir verəcəyimiz məqam qidaları xırda porsiyalarla, müəyyən zaman kəsiyində orqanizmə ötürməkdir. Sudan sonra sulu yemək, meyvə şirəsi və qatıq məhsulları qəbul etmək olar. Sonra salat və əsas yemək olaraq ətli tərəvəzli yemək qəbul etmək lazımdır. İftarda kabab da yemək olar, bu zaman süfrədə ayran olması vacibdir. Ən qızıl qayda isə axırıncı yeməyi yatmazdan üç saat əvvəl yeməkdir. Oruc tutanlara iftarda təbii qidalar, çərəz qəbul etməyi tövsiyə edərdim. Ramazan ayı bitəndən sonra insanlar orqanizmdə müsbət dəyişikliyi görürlər. Təzyiq, baş ağrısı problemi keçir, artıq kilolardan az da olsa qurtulur. Sonda insanın çox gözəl yuxu rejimi olur, gün ərzində özünü yaxşı hiss edir, sağlam olan insanın ruhu da sağlam olur. Orucluq ayı saflaşma və pəhriz ayıdır".

Dietoloq xəstə insanların, hamilə və uşaq əmizdirən qadınların oruc tutmaqdan sığortalandığını deyib. Onun sözlərinə görə, əgər orqanizm sağlam deyilsə, gündəlik hər hansı həblərdən istifadə olunursa, o insan oruc tutmamalıdır. Hətta səfərdə olan adam belə orucluqdan sığortalanıb, çünki o ağır fiziki yükü var, müəyyən saatlarda orqanizmə qida maddələri ötürməlidir. Sonda Leyla xanım qidalara qarşı münasibəti həmişə düzgün saxlamağı tövsiyə edərək deyib: "Qidalara qarşı münasibətimiz tək orucluq ayında deyil , bütün aylarda yerində olarsa, bəşəriyyət belə çox xəstəliklərdən müdafiə oluna bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.