Sağlamlıq

Uşaqlıq travmalarının nəticəsi - FOBİYA

26 May 2015 18:58
0 Şərh     Baxış: 2 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün ətrafımızda olan bir çox insanların nələrləsə bağlı qorxusunun olduğunu bilirik. Bu qorxular insanda şüuraltına tam yeridildikdə isə fobiyaya çevrilir. Fobiyaların siyahısına nəzər saldıqda bir çox fərqli situasiyadan, heyvan, həşərat, qapalı məkanlardan, liftdən, yüksəklikdən qorxanlara rast gəlmək olar. Amma bununla yanaşı, bir çox gülməli fobiyalar da var. Sevməkdən, evlənməkdən, gülməkdən, yuyunmaqdan, güzgüdən, sudan, təklikdən, tozdan, hətta kitab oxumaqdan da qorxmaq kimi fobiyalar var.

Müsahibim Şəbnəm Həsənova qapalı məkanlara qarşı fobiyasının olduğunu deyir. Yaxınları onun bu fobiyasının əsassız olduğunu deyirlər: "Bilmirəm nə vaxtdan bu qorxu məndə yaranmağa başlayıb. Amma metro, lift və bu kimi qapalı və ya yeraltı məkanlara daxil olanda qorxuram. Düzdür, məcburən metro və liftdən istifadə edirəm. Amma gərək həmin vaxt yanımda tanışlardan kimsə olsun. Əgər tək gedirəmsə və hətta binanın 10-cu mərtəbəsinə çıxmalıyamsa, özümə zülm etməli olsam da, liftlə deyil, pilləkənlə çıxıram. Bəzən tək olanda 5 dəqiqəlik metro yolunu yarım saatlıq avtobus yolu ilə getməyə dəyişirəm".

Ş.Həsənova deyir ki, o fobiyanı artıq qəbul edib və bununla mübarizə etmək haqda o qədər də düşünməyib: "İnanmıram ki, nə vaxtsa bu qorxu məndən uzaqlaşsın. Bəzən cəhd etmək istəyirəm. Amma sonra düşünürəm ki, böyük qorxu keçirərəm. Ona görə tək olduğum halda metro və liftdən kifayət qədər istifadə etməməyə çalışıram".

Psixoloq Vəfa Rəşidova qəzetimizə açıqlamasında bildirdi ki, heç bir fobiya insanda durduğu yerdə yaranmır və hər biri müəyyən tutarlı səbəblərdən formalaşır: "Məsələn, insan durduğu yerdə yüksəklikdən və yaxud qaranlıqdan niyə qorxsun ki? İnsan qorxduğu vəziyyətlə bağlı travma aldığı zaman fobiya yaranır. Əgər bir insan qaranlıqdan qorxma ilə bağlı fobiyası varsa, deməli, o bununla bağlı travma alıb".
Psixoloq deyir ki, fobiyanın yaranma riski uşaqlıq yaşlarında daha çoxdur: "Bir çox hallarda fobiyanın yaranma səbəbləri uşaqlıqdan gəlir. Yəni, bu gün insanda hansısa qorxu formalaşırsa, bu uşaqlıqda aldığı travmaların nəticəsidir. Fobiya bütün yaş qruplarında yarana bilər. Amma daha çox həssas yaş dövründə - uşaqlıqdan yeniyetməliyə qədər olan bir zamanda baş verir. 25-30 yaşında insanda da hər hansı bir fobiya yarana bilər. Amma bu oturuşmuş, kəskin xarakterli olmur. Uşaqlıqdan yaranan fobiyasa insanın sümüyünə işləyir".

V.Rəşidova deyir ki, bəzi fobiyaların yaranmasında valideynlərin də rolu böyük olur. Onlar fikir vermədən uşaqlarına böyük ziyan vurmuş olurlar: "Bunu sadəcə bir misalla izah etmək istəyirəm. Bir qız uşağı böyüyənə qədər kişilərdən qorxur. Buna səbəb bəzi valideynlərin düzgün olmayan tərbiyə metodundan istifadə etməsidir. "Kişilərə yaxınlaşmaq olmaz", "Filan yerdə oğlanlar durub, ora getmək olmaz" kimi və s fikirləri qız uşaqlarının şüuraltına yeridirlər və tərbiyəni də bəzən bu cür verirlər. Bunlar isə qız uşaqlarında kişilər haqqında neqativ düşüncə formalaşdıra bilir. Valideyn xəbəri olmadan artıq uşağa travma vermiş olur. Həmin qız böyüyəndə kişilərə qarşı neqativ düşüncədə olanda, yaxud ailə quranda hər hansı problemlər yaşananda valideynlər dərhal düşünürlər ki, görəsən nə problem var? Uşaqlıqda dedikləri bir kəlmə ilə övladlarına necə böyük travma vurduqları isə ağıllarına gəlmir".

V.Rəşidovanın sözlərinə görə, fobiyanın yaranıb-yaranmaması daha çox insanın həyat tərzi ilə əlaqəlidir. İnsanın hansı mühitdə yaşaması, həyata, hadisələrə hansı baxış bucağından baxması, hansı düşüncə ilə böyüməsi önəmli faktorlardandır: "Fobiya düşüncə ilə bağlıdır. İnsan düşünərək özündə fobiya yarada da bilər, onu uzaqlaşdıra da. Məsələn, qaranlıq otağa girməyən biri öz düşüncəsində fikirləşsə ki, mən o otağa gedəndə guya nə olacaq ki? Bu cür düşüncə ilə yanaşsa, fobiyanı dəf edə bilər. Yaxud elə insan var ki, 30-35 yaşı olsa da, yüksəklik qorxusunu dəf edə bilməyib. Çünki buna cəhd etməyib. "Qorxuram" deyib çəkilib kənarda dayanıb və bir növ bununla barışıb. Problemə "İnsan özünü həkimi olmalıdır" - düşüncəsi ilə yanaşılmalıdır".

Fobiyası olan insanlar çox vaxt sanki bu problemin onları izlədiklərini də deyirlər. Hətta "Mən liftə minəndə lift xarab olur", yaxud "Metro tuneldə qalır" kimi düşünürlər. Psixoloq deyir ki, bu cür hadisələr təkcə fobiyası olanların deyil, hər kəsin başına gəlir. Sadəcə olaraq baxır kim buna nə dərəcədə fikir verir".

Qorxu hissinin insanı müəyyən məqsəddən yayındırdığını deyən psixoloq bildirdi ki, fobiya insandan uzaqlaşdırılmadıqda karyeraya, şəxsi həyata, hətta sağlamlığına belə böyük ziyan vura bilər: "Əgər insanda hər hansı fobiya varsa, həmin şəxs istəməsə də, müəyyən vaxtdan bir qorxduğu ilə üzləşir. Hər dəfə isə həmin qorxunun stresini yaşamaq insanın sağlamlığına zərbə vurur. Bu yığıntı isə fobiyanın daha da şiddətlənməsinə gətirib çıxarır".

V.Rəşidova onu da bildirdi ki, fobiya düşüncə ilə bağlı problem olduğu üçün onun müalicəsində hər hansı dərman preparatlarının tətbiqinə ehtiyac olmur: "Biz bu problemi müalicə edərkən insanların baxış bucaqlarını dəyişməyə çalışırıq. Fobiyaların müalicəsində çox vaxt dərmandan istifadə olunmur. İnsanın düşüncəsi dəyişildikdə fobiyanı özündən uzaqlaşdırması asan olur. Əsas odur ki, qorxu haqda düşünməsin. Çünki qorxduğu başqası üçün qorxulu deyilsə, demək, onun da bu problemi dəf etməsi çətin deyil. Sadəcə olaraq insan özü istəməli və düşüncəsinə problemin o qədər böyük olmadığını yeritməlidir".

Kaspi.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.