Sağlamlıq

Ölümü cəmi 1 manata alırıq

21 Aprel 2015 12:49
39 Şərh     Baxış: 55 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adil Qeybulla: "Bu içkilərin tərkibindəki kofein orqanizmdə ciddi fəsadlar törədir"

Bir çox Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması təklif edilsə də, buna müvəffəq olunmayıb. Tərkibində süni kofein olan belə içkilərin Azərbaycanda satışı yalnız məktəb bufetlərində qadağan olunub.

İlk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlanan enerji içkiləri xüsusilə gənclər arasında çox məşhurdur.

Bəzi Avropa ölkələrində, məsələn, Norveç, Danimarka, Fransada bu içkilərin sərbəst satışı qadağandır. Bir neçə ay əvvəl Çeçenistan lideri Ramzan Kadırov da muxtar respublikanın ərazisində energetik içkilərin satışını yasaqlayan qanun layihəsini hazırlamaq barədə sərəncam verib.

Azərbaycanda isə energetik içkilərin satışı və alıcıları son vaxtlarda daha da artıb. Energetik içkilər iki kateqoriyaya bölünür: birincisində kofeinin miqdarı, ikincisində isə karbohidratın miqdarı çoxdur. Bütün energetik içkilərin tərkibində yüksək faizli kofein mövcuddur. Lakin bu içkilərin tərkibindəki vitaminlər multivitamin kompleksini əvəz edə bilməz.

Digər tərəfdən, energetik içkinin təsiri keçəndən dərhal sonra insanda yorğunluq hissi yaranır. Yəni içdikdən sonra enerji yüksəkliyi hissi yaransa da, əslində bu, sadəcə süni enerji artımıdır. Hazırda Azərbaycan bazarında "XL", "Pitbull", "Rox", "Red Bull", "Hell", "Jaquar", "Blue", "Reo Line", "Monster" və sairə kimi energetik içkilər satılır. Onların içərisində daha məşhuru olan "Red Bul" energetik içki bazarının 70 faizini təşkil edir.

Onların qiyməti kofein və karbohidratların tərkibinə, həmçinin böyük və kiçikliyinə görə 1 və 4 manat arasında dəyişir. Baş çəkdiyimiz mağazalarda satıcılar bu içkilərin yaxşı satıldığını, alıcılarının həddən artıq çox olduğunu dedilər. Alıcı Sərxan Əliyev isə energetik içkidən hər gün istifadə etdiyini və bu içkinin onun yorğunluğunu aradan qaldırdığını deyirdi. Zərərləri haqda heç bir məlumatı olmadığını deyən alıcı artıq bu içkiyə vərdiş etdiyini və hər gün bir ədəd də olsa içdiyini söylədi.

Bizə enerji verdiyini düşünərək alıb içdiyimiz energetik içkilərin ürək xəstəliklərinə səbəb olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla bu içkilərin insanda psixoloji asılılıq yaratdığını bildirdi: "Kofein sinir stimulyatorudur və orqanizmdə stimulyasiya yaradır. Amma bu, qısamüddətli bir effekt verir. Energetik içkilərin tam tərkibi hələ ki açıqlanmayıb. Bu baxımdan hesab edirəm ki, belə içkilərdən məhdud dərəcədə istifadə etmək lazımdır. Bu içkilərin tərkibindəki kofein orqanizmdə ciddi dəyişikliklərə səbəb olur. Yəni ürək əzələlərinin həddən artıq stimulyasiyasına və zəifləməsinə gətirir. Belə xəstələrdə ürəyin tez-tez döyünməsi, ürək ritminin pozulması kimi hallar baş verir. Ona görə də hesab edirəm ki, bu içkilərdən mümkün qədər uzaq durmaq daha yaxşıdır".

Bəs bir sıra Avropa ölkələrində olduğu kimi Azərbaycanda da bu içkilərin satışına qadağa qoyula bilərmi? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov energetik içkilərin arzuolunmaz içkilər olduğunu dedi: "Azad İstehlakçılar Birliyi belə içkilərin məktəb bufetlərində satışına qadağa qoyulmasına nail olub. Düzdür, Bakı şəhərində bu qadağaya əməl olunsa da təəssüflər olsun ki, regionlarda problemlər qalır. Biz çalışırıq ki, məktəb yaxınlığında, tibb müəssisələri yaxınlığında energetik içkilər satılmasın. Energetik içkilərin etiketinə baxsaq, görərik ki, onu dövlət orqanları yoxlayıb sertifikat verib. Lakin onu mükəmməl yoxlayan qurum yoxdur. Bütün dünya ölkələrində istehlakçı hüquqlarını qoruyan qurumlar deyir ki, energetik içkilər arzuolunmazdır".

Bu içkilərin yalnız istehlakçı boykotu ilə satışdan çıxarılmasının mümkün olduğunu deyən qurum sədri reklamların da bu işdə əsas rol oynadığını dedi: "Energetik içkilərin reklamı o qədər vizual və səs effekti ilə çəkilib ki, istehlakçıların beyinləri yeyilir. Hətta "Coca cola"ya, bəlkə, 10 il bulanıq su doldursaq, yenə istehlakçılar başa düşməzlər ki, bu nədir. Çünki bu məsələ artıq istehlakçının beyninə oturub. Bu tip içkilərin qarşısını almaq üçün reklamlara məhdudiyyətlər qoyulmalıdır. İstehlakçı hüquqlarını qoruyan qurumlar daima nəzarət etməli, dövlət qurumları da monitorinq aparmalıdır. Səhər dənizkənarı bulvara getsək görərik ki, ağ mərmərin üzərinə tökülmüş "Coca-cola" yerə necə suvaşıb qalıb. Bu da onun göstəricisidir ki, bu tip içkilərin tərkibi müəmmalıdır".

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.