Sağlamlıq

Özündənrazılıq uşaqlıqdan formalaşan xüsusiyyətdir

31 Mart 2015 17:56
0 Şərh     Baxış: 5 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Özündən razı insanları ətrafdakılar xoşlamır, onlar özləri isə çox vaxt qüruruna söykənərək tənha qalır. Kənardakı insanlar onların daha yaxşı yaşadığı, onlardan daha üstün olduğunu düşünərək onlara paxıllıqla da yanaşa bilərlər. Özündən razı olanın davranışı başqasına onu alçaltmaq istəyi kimi də görünə bilər. Bəs əslində özündən razı insanlar nə hiss edir və niyə belə hərəkət edirlər?

Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, özündən razılıq kənardan pis görünür. Dik burun, irəli qabardılmış alt dodaq, yuxarı qaldırılmış baş özündən razı olan insanı büruzə verən əlamətlərdir. Əgər üzdə özündən razılıq ifadəs varsa, belə insana yaxınlaşmaq, onunla söhbətləşmək və dostlaşmaq istəyi az olur. Belə insanlar çox qürurlu olduğu üçün əksər vaxt tənha qalırlar, onları sevənlər az olur.

Psixoloq bildirib ki, özündən razılıq insanda uşaqlıqda yaranan xüsusiyyətdir: "Lakin bu, tədricən, insan gücləndikcə və çox nailiyyət əldə etdikcə də yarana bilər. Bəzi insanlarsa buna əsas olmadan da özündən razı olmaları ilə fərqlənirlər".

Uşaqlıqda insan sürətlə böyüyür, daha güclü, dözümlü olur, dünyanı tanımağa, müxtəlif bacarıqlara yiyələnməyə çalışır. Məsələn, heç yeriyə bilməyən uşaq tezliklə bəzi hərəkətləri çox asan öyrənə bilir. Bəzi hərəkətləri icra etmək üçünsə çox çalışmalı olur, özünü idarə etməyi bacarmağı öyrənir. Mürəkkəb hərəkətlər xüsusilə də körpənin həyatının ilk aylarında çətinliklə başa gəlir. Əvvəl anası yedizdirirdisə, sonradan özü əllə, daha sonra isə qaşıq və çəngəllə yeməyi öyrənir. Bütün bu proseslərdən keçərkən uşaq bunu çox asan edə bilən böyükləri də görür, lakin özündən balacalara da fikir verir. Uşağa iki amil təsir etməyə başlayır: biri mədəniyyətə sahib, qayda-qanunla hərəkət edən böyüklər, biri də istədikləri kimi hərəkət edən balacalar. Özündə şıltaqlığı, uşaqlara xas sərbəstliyi basa bilənlərdə özündən razılıq yaranmağa başlayır. Bunun ilk əlamətlərini uşaqların davranışında aydın görmək olar. Onlar özündən balacaların yanında özünü daha üstün hesab edir. Bu cür davranışı sərgiləyən uşağın əsas vəzifəsi mədəni davranış qaydalarına bələd olmayan, dəcəllik edən, köhnəlmiş davranış qaydalarını göstərən uşaqla arasında məsafə yaratmaqdır.

Yeniyetməlik dövründə də özündən razılığın əlamətləri formalaşa bilər. Bu dövrdə özündən razılığın yaranması böyüklərin rollarının mənimsəməsi ilə bağlıdır. Yeniyetmələr arasında kimsə öz gözəlliyi, kimsə də öz gücü ilə fəxr edir. Bu da özündən razılığa gətirib çıxarır. "Belə insanların dilindən tez-tez eşitmək olar. Məsələn, qızlar arasında "Mən məktəbdə hamıdan gözələm", oğlanlar arasında "Mən məktəbdə hamıdan güclüyəm" deyirlər. Digərlərindən daha yaxşı oxuyuram, daha yaxşı geyinirəm, daha varlıyam və s. kimi fikirlər yeniyetmələrə həmyaşıdlarından özünü üstün tutmağa səbəb olur".

Rzayevanın dediyinə görə, insanlar yaşa dolduqdan sonra elə hallarla üzləşirlər ki, öz mənliyini qorumalı olurlar: "Bu zaman insanlar onların mənliyinə xələl gətirə biləcək insanlardan uzaqlaşırlar. Bu səbəbdən də özündən razı görünə bilərlər. Özündən razı görünüş əslində kövrək bir isanın zirehi də ola bilər. Lakin bu zireh başqalarını ona yaxınlaşmağa qoymur. Onların başqalarına çox ehtiyacı olduqda, səhv etdikdə belə birinci addım atmağı, hisslərini etiraf etməyi özlərinə sığışdırmırlar".

Müsahibim deyir ki, özündən razı insanlar başqalarının məsləhətindən yararlanmağı alçalmaq kimi qəbul edirlər. Onlar özlərinə hətta başqa cür davranış modelinə yiyələnməyə düşünməyi belə icazə vermirlər.

Psixoloq özündən razı olan insanlarla qarşılaşanlara, ailə üzvləri arasında belələri olanlara məsləhətlər verərək bildirir ki, özündən razı olan insanın daxilindəki mənəvi dəyərlərə fikir verərək soyuq davranışını bağışlamaq olar. "Ola bilsin ki, o, daxilində çox yaxşı insandır. Qüruru ona addım atmağa qoymur. Qüruruna görə o, hissiz və soyuq görünür. Bunları başa düşərək özündən razı insanla münasibət qurmaq və ya münasibəti düzəltmək olar".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.