Sağlamlıq

Anemiya xəstələri üçün ağır sınaq - FOTO

18 Dekabr 2014 17:27
0 Şərh     Baxış: 1 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ailəsi 9 yaşlı Muradı qəflətən yaxalayan xəstəliyin cəngindən qurtarmağa çalışır

Azərbaycanda bu il həyata keçirilməyə başlayan sümük iliyinin köçürülməsi əməliyyatı xəstələri sağlığına qovuşdurubmu?

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada milyonlarla insan anemiya xəstəliyindən əziyyət cəkir. Azərbaycanda da belə xəstələrin sayı az deyil. Ekspertlərin fikrincə, uşaqlar arasında yayılan bu xəstəlik irsi xarakter daşıyır. Onlardan biri də 9 yaşlı Murad Bayramovdur. O, aplastik anemiyadan əziyyət çəkir.

Atası Maqsud Bayramov deyir ki, Muradda bu xəstəliyin olmasını dekabrın 4-də biliblər. Ona kimi uşağın səhhətində heç bir problem olmayıb: "Bütün uşaqlar kimi oynayırdı, qaçırdı, tam normal idi. Sonra sinəsində xal yarandığını görüb həkimə apardıq. Həkim baxdıqdan sonra aplastik anemiya diaqnozu qoydu. Xəstəliyi qisaca belə izah etdi ki, sümük iliyində qan əmələ gətirən hüceyrələr yoxdur. Müalicəsi üçün isə sümük iliyi köçürmə əməliyyatı lazımdır. Həkim dedi ki, mümkün olsa Azərbaycanda, olmasa xaricdə bu əməliyyat həyata keçirilməlidir".

M.Bayramov deyir ki, əməliyyat üçün artıq Respublika Talassemiya Mərkəzinə müraciət ediblər: "Ərizəmizə iki həftə ərzində baxılacağı bildirildi. Bacısından, məndən və anasından nümunələr götürdülər. Cavabın nə olacağını bilmirik. Ancaq övladımın sağlamlığına qovuşması üçün hər şeyə razıyıq. Murad hazırda Hematologiya və Qanköçürmə İnstitutunda qalır. Xəstəliyini öyrəndiyimiz gündən etibarən sağalması üçün hər bir çarəyə əl atırıq. Ancaq əməliyyatın xarici ölkədə həyata keçirilə biləcəyini söyləsələr, buna maddi gücümüz çatmaz".

Həkim Adil Qeybulla deyir ki, anemiyalar 2 qrupa bölünür. "Birincisi, dəmir çatışmazlığı mənşəli, digəri isə hemoqlobinin əmələ gəlməsinin pozulması ilə ortaya çıxan anemiyalardır. Bu xəstəliklər daha çox kiçik və böyük talassemiyalardır. Yəni burada quruluşuna görə orta mürəkkəbliyə daxil olan hemoqlobin zülalının əmələ gəlməsi pozulur. Adətən bu xəstəliklər irsi faktorlara söykənir. Anemiyaların çoxsaylı növləri var. Hər bir forma ayrıca identifikasiya olunmalıdır. Bəzi anemiyalar isə bədxassəlidir. Bu eritrositlərin əmələ gəlməsinin pozulmasıdır. Hemoqlobin əmələ gəlsə belə, onları daşıyan eritrositlərin-qırmızı qan hüceyrələrinin əmələ gəlməsi pozulur. Yəni təkcə hemoqlobinin qanda yetərli miqdarda olması bəs etmir. Eritrositlərin də miqdarı normal olmalıdır".

A.Qeybulla deyir ki, aplastik anemiyalar sümük iliyində formalaşır. Onun müalicəsi üçün isə ilik köçürmə əməliyyatı həyata keçirilməlidir: "Azərbaycanda sümük iliyinin köçürülməsi praktikada nə dərəcədə həyata keçirilib, məlumatsızam. Bilirəm ki, Nazirlər Kabinetinin qərarı ilə bu əməliyyatın ölkəmizdə keçirilməsinə icazə verilib. Kifayət qədər müsbət hadisədir. Çünki bu olduqca bahalı prosedurdur. Bu qədər vəsaitin xaricə axını da məqsədə uyğun deyil. İlik köçürüləcək xəstələrin Azərbaycanda qalıb, burada əməliyyat olunması böyük bir üstünlükdür. Ancaq keçirilən sümük iliyi əməliyyatlarının nəticələrini nə mətbuatda, nə də praktikada görmüşük. Yəqin ki, yavaş-yavaş nəticələri olacaq".

2014-cü il iyulun 18-də Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzində keçirdiyi mətbuat konfransında Azərbaycanın təbabət tarixində ilk dəfə olaraq sümük iliyi əməliyyatının uğurla həyata keçirilməsi ilə bağlı məlumat verilib. Respublika Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev bu əməliyyatın Azərbaycanın təbabət tarixində bir ilk olduğunu deyib: "Bu ilin may ayında Azərbaycanın təbabət tarixində ilk dəfə olaraq Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin üç nəfər xəstəyə köçürülməsi əməliyyatı həyata keçirilib. Bu mürəkkəb əməliyyatı Talassemiya Mərkəzinin mütəxəssisləri belarusiyalı həmkarlarının dəstəyi ilə həyata keçirib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir. Evə yazılmaq ərəfəsindədirlər.

R.Rzayev bildirib ki, MDB məkanında sümük iliyinin köçürülməsi yalnız Rusiyada, Ukraynada, Belarusda, digər dünya dövlətlərinə gəlincə isə 16 ölkədə mövcuddur: "Sevindirici haldır ki, artıq Azərbaycan bu çətin işi bacaran ölkələr sırasındadır. Burada sümük iliyinin transplantasiyası əməliyyatı dövlət hesabına, pulsuz həyata keçirilir".

R.Rzayevin sözlərinə görə, elə vəziyyət ola bilər ki, sümük iliyinin köçürülməsinə ehtiyacı olan şəxsin bacı və ya qardaşı sağlam olmasın. Belə olan halda dünya transplantasiya təcrübəsində Dünya Donorlar Bankının qeydiyyatında olan donor hüceyrələrindən istifadə olunur: "Hazırda həmin bankda 25 milyona kimi potensial donor var. Həmin donor bankında olan donorların sümük iliyindən istifadə olunur. Lakin bunun üçün sümük iliyi transplantasiyası ilə məşğul olan dövlətin Dünya Donor Bankının qeydiyyat sisteminə daxil olması lazımdır. Azərbaycan hələlik bu sisteminə daxil deyil. Bu da yaxın gələcəyin işidir. Çünki qeydiyyata daxil olmaq üçün həmin ölkədə bu sahə üzrə 100-ə yaxın əməliyyat aparmaq lazımdır".

Bizimyol.info

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.