Sağlamlıq

Diqqətli olun - havalar soyuduqca ürəyiniz də çox enerji sərf edir

25 Noyabr 2014 19:24
0 Şərh     Baxış: 2 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanların ürək tutmalarından dünyalarını qəfil dəyişmələri barədə xəbərləri tez-tez eşidirik 

Özünü qəfil büruzə verən bu xəstəlik təəssüf ki, bəzi hallarda insanları metroda, ictimai yerlərdə də yaxalaya bilir. Sonuncu belə hadisə bir neçə gün öncə metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verdi. Belə ki, ad və soyadı naməlum olan paytaxt sakini stansiyanın yaxınlığındakı dayanacaqda avtobus gözləyərkən ürək tutmasından dünyasını dəyişdi. Ətrafdakı insanların səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı. Həkimlər isə bu cür halların qış fəslində daha da arta biləcəyini ehtimal edirlər. Söhbət orqanizmimizin, ürəyimizin qışa nə dərəcədə hazır olmasından gedir. Türkiyəli həkimlərin bu günlərdə apardıqları araşdırmalar maraqlı məqamlardan xəbər verir. Məlum olub ki, soyuq havalarda damarlar daraldığı üçün qanda laxtalanma artır, ürək lazımınca qidalanmır, nəticədə infarkt və ani ölümlər baş verir.

Bu durumdan xüsusən ürəyinin tac damarlarında problemi olanlar daha çox təsirlənirlər. Odur ki, mütəxəssislər qış girmədən həkim müayinəsindən keçmə xəbərdarlığı edirlər. Mövzu ilə bağlı açıqlama verən türkiyəli həkim Günsel Şurdum Avcı infarkt hallarının ən çox qış aylarında baş verdiyini vurğulayıb: "Ürəyi xəstə olanların, şəkər xəstələrinin və nisbətən yaşlı insanların qış mövsümünün soyuq havasından zərər görməmələri üçün indidən tədbir görmələri vacibdir".

Ürəyə mənfi təsir göstərən qidalar

Bir müddət öncə Akademik Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu, tibb elmləri namizədi, baş elmi işçi Rafiq Yusifli də qəzetimizə açıqlamasında qış aylarında ürək-damar xəstəliklərinin başvermə riskinin artdığını söyləmişdi: "Soyuq havada əlimizin rəngi ağardığı kimi, reflektor olaraq digər orqanlarda da dəyişikliklər müşahidə edilir. Məsələn, ürək damarlarında sıxılma baş verir. Soyuqla əlaqədar ürək daha çox enerji sərf edir, daha çox işləyir".

Rafiq Yusiflinin sözlərinə görə, qış fəslində çətin həzm olunan qidalar da ürəyə mənfi təsir göstərir: "Elə insanlar var ki, hər gün evdə ət xörəyi bişməsə, özlərini narahat hiss edirlər. Əslində qarışıq yeməklər daha yaxşı olardı. Yəni əgər 3 gün ət xörəyi yeyiriksə, bir dəfə də göyərtidən, tərəvəzdən hazırlanmış yeməklərdən, salatlardan istifadə yaxşı olardı".

Fəsildən asılı olmayaraq, heyvan mənşəli yağların qanda xolesterolu artırdığını söyləyən R. Yusifli fikirlərinə bunları da əlavə etdi: "Nə ətdən, nə də yüngül yeməklərdən birdəfəlik imtina doğru olmazdı. Məsələn, elə turşular, zülallar var ki, yalnız ətdə, yumurtada olur. Ürək xəstələrinin özləri də yağdan istifadəni kəskin şəkildə azalda bilməzlər. Çünki bəzi vitaminlər məhz yağın tərkibində sovrulur".

"Yükdən azad olma günləri"

Tibb elmləri namizədi hər bir şəxsə "yükdən azad olma günləri" keçirməyi məsləhət görür: "Bu, o anlama gəlir ki, həftənin hansısa bir günü xörəkdən imtina edirsən. Deyək ki, 2 kilo alma alırsan və gün ərzində ancaq alma yeyirsən. Yaxud bir günü "salat günü" elan edirsən və ancaq salat yeyirsən. Yayda gün ərzində təkcə qarpız yemək də çox xeyirlidir. Bunu edəndə insan orqanizmindəki artıq zülallar aradan qalxır və bədən təmizlənir. Hətta mən deyərdim ki, bu, insanın avtomobili yuduzdurmasına bənzəyir. Yuduzdurandan sonra maşın necə təmiz olursa, insan orqanizmi də elə təmizlənir". Rafiq həkim gündəlik qidaların iş sisteminə uyğun tənzimlənməsinin də tərəfdarı olduğunu vurğulayır: "Bir insan bütün gün oturaq işdə işləyirsə, onun ağır qidalardan istifadəsi məsləhət deyil. İş vaxtı, heç olmasa, hər 2 saatdan bir masa arxasından qalxmaq, gəzişmək lazımdır. İşdən sonra isə gündə ən azı 40 dəqiqə, həftə ərzində isə 240-250 dəqiqə gəzmək yaxşı olardı. Bunlar olmayanda ürək sakit həyat tərzinə öyrəşir, köməkçi damarlar inkişafdan qalır. Bədən gücə düşəndə onların öz işlərini yerinə yetirə bilməməsi isə əksər hallarda xoşagəlməz nəticələrə gətirib çıxarır".

Ürək tutma əlamətləri

Tac arteriyası ürək əzələlərini oksigenlə zəngin olan qanla təchiz edir. Ürək əzələləri bu cür qandan məhrum olduqda infart və ya ani ölümlər baş verir. Ürək tutması, adətən, ürək-damar xəstəlikləri nəticəsində yaranır. Bu isə bəzən arteriyaların daxili divarlarında xolesterol və digər maddələrin yağlı çöküntüsü zamanı baş verir. Bəs ürək tutmasının ilkin əlamətləri nələrdir, bu zaman hansı addımları atmaqla vəziyyətdən qismən çıxmaq olar? Ürək tutmasının ən çox yayılmış əlaməti sinədə davamlı ağrı və ya narahatçılıq hiss olunmasıdır. Bu zaman sinə adi formada da ağrıya bilər, şiddətli göynəmə də baş verə bilər. Ağrı çiyinlərə, qollara, boyuna və ya çənəyə də vura bilər.

Ona necə kömək edək?

Ürək tutmasının digər əsas göstəricisi tənəffüsün çətinləşməsidir. Nəbz normadan sürətli və ya zəif, qeyri-müntəzəm olur. Şəxsin dərisi avazımış, kül rəngində və ya sifətinin ətrafı göyərmiş ola bilər. Zərərçəkəndə ürək bulanması, qusma halları, təngnəfəslik və ya səsli tənəffüs də mümkündür. Bu halla üzləşən adama yardım etmək istəsəniz, qapalı şəraitdəsinizsə, otağa təmiz havanın daxil olmasına şərait yaradın, pəncərəni açın. Xəstənin nəfəs almasını çətinləşdirən geyiminin düymələrini, kəmərini açın. İlk yardım göstərən zaman ehmallı və toxtaqlıq verən şəkildə hərəkət edin. Zərərçəkənin rahat vəziyyəti onun həyəcanını azaldır və narahatlığını zəiflədir. Həkimlər köməyə yetişənə qədər zərərçəkənə ciddi diqqət yetirin. Bu zaman ona məsləhət əsasında dərman da verilə bilər.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.