Sağlamlıq

Psixi asılılıq sindromundan toksikomaniyaya

25 Noyabr 2014 15:05
0 Şərh     Baxış: 9 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Narkomaniya dünyada yayılmış ən təhlükəli və demək olar ki, bütün ölkələr üçün eyni dərəcədə bəla sayılan bir asılılıqdır. İnsan həyatı üçün real təhlükə olan və nəticə olaraq insanı öldürən narkomaniya Azərbaycan üçün də eyni dərəcədə təhlükəlidir. Təəssüf ki, bu gün Azərbaycanda narkomaniyadan əziyyət çəkən insanların sayı kifayət qədər çoxdur və bu çoxluq tərkibində azyaşlıların da sayının yüksək olması təhlükənin nə qədər yaxın olduğunu göstərir.

Narkomaniya sözü hər kəsə aydındır, amma ən az narkomaniya kimi təhlükəli və daha da öldürücü bir hal olan toksikomaniya haqqında əksər insanların məlumatı yoxdur. Xüsusən azyaşlı uşaqları olan valideynlər üçün narkotik maddələrə qurşanmağa meyl məsələsi daim nəzarətdə olsa da, toksikomaniyadan xəbərsizlik durumu bu məsələni də nəzarətsiz qoyur.

Azərbaycanda ötən il narkomaniya və toksikomaniyadan əziyyət çəkən xəstələrin statistikası açıqlanan zaman məlum olub ki, ilk dəfə diaqnozu müəyyən olunmuş bu cür xəstələrin sayı 1512 nəfər olub. Ötən il bu xəstəliklə bağlı tibb müəssisələrində qeydiyyatda olanların sayı isə 28 min 506 nəfər təşkil edib. Göstərilən bu rəqəmlər, təbii ki, tamamilə dəqiq olmur. Çünki narkomaniya və toksikomaniyadan əziyyət çəkən insanların hamısı tibb müəssələrində qeydiyyata düşmür. Qeydiyyatlı xəstələrin bu qədər çox olması da real təhlükəni göstərir. Xəstə olub qeydə düşməyənlərin sayı isə ehimal ki, qeyd olunan rəqəmlərdən qat-qat artıqdır.

Həkim narkoloq İmaməddin Əliyev deyir ki, narkomaniyaya düçar olan insanların yaxınlarının onların artıq həyatı uduzduqları fikrinə qapılması narkomanları daha da ümidsiz edir. Çünki cəmiyyətdə heç kim onların müalicəsinə ümidli baxmır, heç kim onlara normal insan münasibəti göstərmir. Sadəcə ailə qayğısı ümidinə qalan narkoman, xüsusən cavan narkoman üçün bütün ümidlər öldüyündən o müalicədən və tibb müəssisələrində qeydiyyatdan imtina edir. Toksikomaniyaya düçar olanlar da narkomanlarla eyni taleyi daşıyır: "Toksikomaniya zəhərli maddələrə şiddətli meyl deməkdir. Narkotik vasitələrə aid olmayan dərman vasitələri və digər maddələrin qəbulundan asılılıq olub, xroniki intoksikasiya, psixi və fiziki asılılıq sindromları ilə xarakterizə olunur. Toksikomaniya və narkomaniya arasında tibbi-bioloji fərq yoxdur. Ən əsas fərq qəbul olunan maddələrdir. Toksikamanlar daha çox hallusinogen və xumarlandırıcı effekt törədən kimyəvi maddələrə üstünlük verirlər ki, bu maddələr rəsmi olaraq narkotik vasitələrə aid edilmir. Elə bu səbəbdən də azyaşlıları toksikoloji maddələrə meylləndirmək elə də çətin olmur. Onları rahat inandırmaq olur ki, qəbul etdiyi heç bir həb narkotika deyil. Xüsusən sedativ vasitələr ilə toksikomaniyaya meyllilik yaradılır ki, azyaşlılar da araşdıran zaman tərkib etibarilə sakitləşdirici preparat olmasına aldanırlar. Elə dərmanlar var ki, onlar cərrahiyyədə, ortopediyada, onkolojik xəstəlik zamanı xəstələrə yazılır və ağrısakitləşdirici, keyləşdirici təsir göstərir. Tam sağlam bir insan bu dərmanın bir həbi ilə artıq olmayan ağrılarını belə unudur, süstləşir, özünü yüngül hiss edir və özünə gəldikdən sonra yenidən o yüngüllüyü axtarır.Son dövrlərdə dərmanın asan əldə olunması cavanlar arasında sui istifadə halını artır və bu cür dərman preparatlarını əldə etmək artıq heç də çətin olmur".

Narkoloqun sözlərinə görə, valideynlər məktəbli uşaqlarının çantalarından hər hansı bir həb tapırsa, bu zaman uşağın məsum "baş ağrısı dərmanıdır" yalanına inanmamalı və ən yaxın əczaxanadan dərmanla bağlı məlumat almalıdır. Xüsusən məktəbli uşaqların özbaşına dərman almasına qarşı daim sərt reaksiyada olmaq və heç bir preparatı özbaşına almasına icazə verməmək elə bir şərait yaradacaq ki, ən kiçik həblər belə şübhə oyandıracaq: "Əsas diaqnostik üsul xəstələrin klinik müayinəsidir. Bu zaman psixi, nevroloji və somatik statuslar haqda məlumat əldə olunur. Xəstələrin müayinəsi zamanı onların davranışına, bəbəklərin vəziyyətinə, dəri örtüyü və selikli qişanın rənginə, inyeksiya yerlərinin olub, olmamasına fikir verilir. Klinik müayinə ilə bərabər müvafiq kimyəvi, toksikoloji laborotoriyalarda labarator diaqnostika aparılır. Diaqnostika nəticəsi olmadan hər hansı bir insan toksikomaniyadan əziyyət çəkir demək mümkün deyil. Toksikoloji vasitə ilə intoksikasiya və bioloji mayelərdə toksikoloji maddənin olması toksikomaniya diaqnozu üçün əsas sayılmır, yalnız hər hansı preparatdan istifadə faktını aşkarlayır. Toksikomaniyanın bir xəstəlik kimi əsas diaqnostikası psixi asılılıq və ya fiziki asılılığın formalaşmasıdır".

Yeri gəlmişkən, ölkədə təhsil müəssisələrində xüsusi reydlər keçiriləcək. Məlumata görə, bu, 2014-2025-ci illəri əhatə edən "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı"nda nəzərdə tutulub. Əsas məqsəd isə gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasıdır. Bundan başqa, uşaqların icbari dispanserizasiyası layihəsi çərçivəsində yuxarı sinif şagirdləri arasında tibbi testlər aparılacaq. Gənclərin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnmə səviyyəsi də müəyyən ediləcək. Bu məsələlərin icrası Təhsil, Səhiyyə, Gənclər və İdman, Daxili İşlər nazirliklərinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.