Sağlamlıq

Bakıda 3 manata körpə zəhəri - FOTO

30 Oktyabr 2014 13:16
13 Şərh     Baxış: 38 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Eyyub Hüseynov: "Süni qidaların qiymətlərinin yüksək olmasının səbəbi pediatrlara vasitəçiliyə görə ödənilən pulların məhsulun üzərinə gəlməsidir"

Hazırda genofondumuzu təhdid edən ən ciddi məsələlərdən biri də süni körpə qidalarıdır. Daha çox xarici ölkələrdən idxal olunan və mənşəyi məlum olmayan körpə qidaları övladını öz südü ilə bəsləməkdən imtina edən analar üçün asan çıxış yolu olsa da, körpələr üçün xəstəlik mənbəyidir.
Durum o həddə çatıb ki, artıq süni qida distribüterləri ilə əlaqədə olan pediatrlar da müxtəlif yollarla valideynləri buna sövq edirlər.

Süni qida bazarında durumu öyrənmək üçün bu məhsulların satıldığı apteklərə və marketlərə baş çəkdik. Qiyməti 3-9 manat arasında dəyişən körpə qidalarının satışı və markalanması qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Əksər qutuların üstündə Azərbaycan dilində bir söz belə yazılmayıb. Qidanın hazırlanma qaydası və ana südünü əvəz edə bilməməsi haqqında qeyd yoxdur. Həmçinin, saxlanma yerinin temperaturu zəruri dərəcədən daha yüksəkdir.

Milli.Az xəbər verir ki, "Yeni Müsavat"a açıqlamasında Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov hazırda bu sahənin nəzarətsiz olduğunu və uşaqların gələcəyi üçün təhlükəli ola biləcəyini istisna etmir: "Biz yeni komissiya yaratmışıq və bu komissiya ana südünün təbliği və körpə qidalarının araşdırılması ilə məşğul olacaq. Burada ən başlıca problem doğum evlərində körpələrə ilk dəfə süni qidanın verilməsi məsələsidir. Azərbaycan qanunları və ümumdünya Səhiyyə Təşkilatının kodeksləri bunu qadağan edir. Ümumiyyətlə pediatrlarla süni körpə qidası distribüterlərinin əlaqəsi yolverilməzdir.

Doğum evlərində uşaq dünyaya gələn kimi onu anadan ayırırlar və anadan xəbərsiz süni qida verirlər. Beynəlxalq kodekslərə görə isə, yeni doğulan uşağın ilk anlarda ana ilə təması kəsilməməlidir və ilk olaraq ana südü ilə qidalanmalıdır".

Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda ana südü ilə əmizdirmənin faizi həddindən artıq aşağıdır və 12 faizdən yuxarı deyil: "Hətta Avropa ölkələrində bundan yuxarıdır. Burada daha ciddi məsələ süni qidaların pediatrların vasitəsilə doğum evlərinə qədər irəliləməsidir. Bizdə olan məlumatlara görə, doğum evlərində analara təmənnasız olaraq süni qida təklif edirlər. Distribüterlər doğum evləri ilə əlaqəyə girərək, onların vasitəsilə süni qidaları analara məsləhət görürlər. Azad İstehlakçılar Birliyi buna qarşı mübarizə aparır. Azərbaycan bu bəladan qurtulmalıdır. Uşaqların süni qida ilə qidalandırılması minimuma endirilməlidir. Bir neçə il öncə "Erkən yaşlı körpələrin qidalandırılmasına dair" AR qanunu qəbul olunub. Orada süni qidaların markalanması, yayılması marketinqi məsələlərinə toxunulub. Bu gün Azərbaycan bazarında süni qidaların markalanması düzgün şəkildə aparılmır, əksəriyyətinin üzərində Azərbaycan dilində çox kiçik informasiya verilib. Ən ciddi məsələ süni qidaların saxlanma şəraiti ilə bağlıdır. Normalda bu tip qidalar 25 dərəcədən aşağı temperaturda saxlanmalıdır, Azərbaycanda isə saxlanma yerlərində buna əməl olunmur və bu qidalar körpələr üçün təhlükəli hala gəlir. Rayonlarda vaxtı keçmiş uşaq qidalarına tez-tez rast gəlinir".

Birliyin sədri onu da bildirdi ki, süni qidaların qiyməti həddindən artıq yüksəkdir: "Bu ailələrin büdcəsinə ciddi təsir edir. Qiymətlərin yüksək olmasının səbəbi pediatrlara vasitəçiliyə görə ödənilən pulların süni qidanın üzərinə gəlməsidir. Xarici ölkələrdə süni qidalar yalnız apteklərdə satılır, harada gəldi satılmır. Ölkəmizdə isə marketlərdə də buna rast gəlmək olar.

Azərbaycan qanunvericiliyinə və beynəlxalq kodekslərin tələbinə görə, istənilən süni qidanın üzərində yazılmalıdır ki, "ana südü əvəzedilməzdir", "heç bir qida ana südünü əvəz edə bilməz". Hazırda isə bu cür qeydlərə rast gəlinmir".

Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev isə APA-ya açıqlamasında bildirib ki, nazirliyin müşavirələrində, iclaslarında həmişə bu və buna bənzər bir çox məsələlər qaldırılır, xəbərdarlıqlar edilir: "Amma keyfiyyətsiz qidaları reklam edən həkimlərə qarşı hansısa cəzaların tətbiq olunmasından və ya buna görə həkimlərin işdən çıxarılması ilə bağlı məlumatım yoxdur".

Baş pediatr da qeyd edib ki, doğum evlərində uşaqlara süni qidalar vermək olmaz: "Ana südünün bu və ya digər problemi olduğu halda həkimlər bunu edə bilərlər. Bunun üçün tibbi göstəriş olmalıdır. Əgər həkimlər anaya süni qidaları təklif edirsə, o zaman onlar "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanunu pozmuş sayılırlar. Bu qanun körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının təbliği və müdafiəsinin başlıca istiqamətlərini, süni qida məhsullarının istehsalı, idxalı, reklamı və satışına nəzarətin təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir".

"Belə faktlar aşkarlanarsa, müvafiq icra orqanları, o cümlədən Səhiyyə Nazirliyi tədbirlər görməlidir", - deyən N. Quliyev vurğulayıb ki, ümumiyyətlə, qida şirkətləri ilə tibb işçilərinin birbaşa əlaqəsi olmamalıdır: "Süni qida lazım olduqda həkim resept yazmalıdır. Həmin reseptin əsasında da qidalar alınmalı və resept də alınan yerdə qalmalıdır".

Baş pediatr onu da qeyd edib ki, süni uşaq qidalarının ixracı ilə məşğul olan əsas ölkələrdən biri olan Almaniyada ana südü ilə qidalanan uşaqların sayı Azərbaycandakılardan çoxdur: "Onlar süni uşaq qidaları istehsal edib başqa ölkələrə satırlar. Özlərində isə bu qidalardan istifadə yox dərəcəsindədir. Deməli, belə ölkələr qazanc əldə etmək və məhsullarını satmaq üçün xam axtarırlar. İnsanlar ayıq olmalıdır, xüsusilə də analar. Buna qarşı analarla yanaşı, bütün cəmiyyət mübarizə aparmalıdır. Təkcə həkimlərin deməyi bəs etmir".

Ekspertlərin vurğuladığı problemlərə əksər aptek və marketlərdə rast gəlmək mümkündür. Süni qidalara həm aptekdə, həm də marketlərdə, kiçik dükanlarda rast gəlmək olar. Qanunvericiliyin tələblərinə zidd olaraq, distribüterlər məhsullarını mümkün olan hə yerdə satmağa çalışırlar. Burada saxlanma şəraiti ilə bağlı tələblər pozulur.

Baş çəkdiyimiz apteklərin birində distribüter Veysəloğlu şirkətinin nümayəndəsi olan və apteklərə Nutrilion uşaq qidası gətirən Yeganə Əhədova ilə qarşılaşırıq. Təmsil etdiyi şirkətin məhsulu haqqında məlumat verən Yeganə xanım bildirir ki, uşaqlar üçün hər növ qidalar bazara təqdim edirlər. Bu məhsulların tərkibi vitaminlərlə zəngindir: "Təbii ki, bu ana südünü əvəz edə bilməz. Ancaq ana südü kifayət etməyəndə həkimlər süni qidaları da məsləhət görürlər".

Şirkət nümayəndəsinin sözlərinə görə, onlar mütəmadi olaraq ayrı-ayrı xəstəxanalarla, pediatrlarla əlaqə saxlayıb, yeni məhsullar haqqında məlumat verirlər: "Həkimlərə məlumat veririk ki, hansı məhsullarımız var və körpələr üçün faydalıdır. Bəzən nümunə üçün pediatrlara və xəstəxanada olan analara pay da veririk".

Şirkət nümayəndəsinin sözlərindən də göründüyü kimi bu prosesdə "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanunun tələbləri pozulur və vəziyyət, demək olar ki, nəzarətsizdir. Bu səbəbdən analar övladlarını ana südü ilə və mümkün qədər təbii qidalarla bəsləməli, konservantlarla zənginləşdirilmiş süni qidalardan imtina etməlidirlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.