Sağlamlıq

Orqanlarını satışa çıxaranlar var: səbəblər heyrətamizdir

23 Oktyabr 2014 17:20
0 Şərh     Baxış: 2 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Satışda canlı insan böyrəyi 10-25 min manat arasında dəyişir

Populyar "Moment of Peace" - "Sülh Anı" videosunda titrlərdə müəllifi mübahisəli olan bir mətn keçir. Yuxusunda Tanrıdan müsahibə götürdüyünü görən jurnalist insanlarda onu ən çox nəyin təəccübləndirdiyini soruşur. Adi bir suala bütün həyatımızı əks etdirən 4 cümləlik sadə, amma fəlsəfi bir cavab eşidir: "İnsanlarda məni daha çox təəccübləndirən odur ki, uşaq olmaq onları darıxdırır, tez böyüməyə tələsirlər, sonra yenidən uşaq olmağı arzulayırlar. Onlar pul qazanaraq sağlamlıqlarını itirirlər, sonra isə sağlamlıqlarını bərpa etmək üçün qazandıqları pulu xərcləyirlər. İnsanlar gələcək haqqında o qədər düşünür və yaşadıqları zamanı o qədər unudurlar ki, nə indi ilə yaşayırlar, nə də gələcəklə. Onlar elə yaşayırlar ki, sanki heç vaxt ölməyəcəklər və elə ölürlər ki, heç elə bil yaşamayıblar..."

Azərbaycanda "İnsan orqanlarının (və ya toxumalarının) transplantasiyası haqqında" qanun mövcuddur. Transplantasiyasına icazə verilən orqanların da konkret siyahısı var. Qəzet elanlarında daxili orqanlarını satan (donor) və orqana ehtiyacı olan (resipiyent) insanların nömrələrinə rast gəlirik. Xəstələri başa düşürəm, sağlamlıqlarına qovuşmağa ehtiyacları var, amma öz sağlam orqanını pul qarşılığında satan insanların da arqumentləri varmış. Elanlardakı nömrələrdən birinə zəng etdim. Telefon işləmirdi, sistemdən çıxarılmışdı. İkinci nömrə də söndürülmüşdü. Hesab edirəm ki, o elanların sahibləri istədiklərinə çatıblar. Üçüncüdə bir kişi cavab verdi. O, böyrəyini satmaq istəyirdi. Mənimlə söhbətində belə bir niyyətdə olduğunu desə də, sonda problem çıxdığını, qanında hepatit virusu tapıldığını söylədi. Sonra nədənsə telefonu qapatdı. Növbəti nömrədə yenə telefona cavab verən kişi idi. Bu dəfə potensial alıcı ilə söhbət edirdim. Dedi ki, böyrək dostuna lazım imiş və artıq tapılıb. Onda mən prosedur qaydaları, alış-satış qiyməti ilə maraqlandım. Məlum oldu ki, onlar böyrəyi 10 min manata alıblar. Amma adətən qiymət 10-12 min manat arasında dəyişir. Bir qədər pullu olanlar daha artıq verə bilir. Bu, şans məsələsi imiş. Dedi ki, onlara A (II) RH+ rezuslu qan qrupu olan şəxsin orqanı lazım imiş.

Soruşdum, satın almaq istəyənləri necə tapmaq olar? Donorun qan qrupu ilə maraqlandı. Mən də uydurdum, onun dediyi kimi A (II) RH+ rezuslu olduğunu söylədim, eyni zamanda bu işdə maraqlı tərəf olmadığımı, sadəcə bir tanışıma yardım etmək istədiyimi bildirdim. Müsahibimin suallarına cavab verməklə yanaşı, mən də ona suallar yağdırırdım. Məlum oldu ki, transplantasiya əməliyyatını İranda həyata keçiriblər. Bu isə onlara 8 min manata başa gəlib. Soruşdum, elanla böyrək satışa çıxarsaq, bizə problem yaranmaz? Dedi, hazırda almaq yox, satmaq qadağandır. Fikrini də belə izah etdi ki, "əgər alış elanı varsa, bilinir ki, bu ehtiyacdan yazılıb və kiməsə təcili orqan köçürməsi lazımdır. Amma satmaq şübhə oyada bilər". Sonra da "əslində bu insanın öz orqanıdırsa, onu satmağının kimə nə dəxli var?", deyə, bilmirəm mənə, ya özünə sual verdi. Dedim, əksinə, alış elanı daha şübhəlidir, orqan mafiyası-filan baxımından. Fikrimlə razılaşmadı: "Bu insanlardan biri xəstədirsə, digərinin orqanının ona lazım olmağı çox normaldır". Yəni bazarda tələb varsa, təklif də var və ya əksinə. İxtisası ilə maraqlandım, dedim bəlkə həkimdir. Olmadığını söylədi, sadəcə "belə şeyləri bilirəm", dedi.

"Allah "kliyent"ini yetirsin"

Soruşdum, buradan İrana gedib, bəlkə o adamın böyrəyini orada sataq? Məsləhət bilmədi, "qətiyyən belə etməyin, sizi aldadarlar, "moşenniklər" çoxdur", dedi. Bildirdi ki, qonşu ölkədə xarici vətəndaşların donor qismində daxili orqanlarını satmağa qadağa yoxdur, prosedur sadədir. Lakin ölkə əhalisinə bu, yasaqdır. İran vətəndaşı əcnəbidən orqanını ala bilər, lakin özününkünü qıraqdan gələnə sata bilməz. Öz vətəndaşları arasında isə donorluğa belə bir qadağa yoxdur: "İranın yerli vətəndaşlarına orqan satışı çox ucuzdur - 500-700 manat arasında. Oraya Əfqanıstan, Tacikistan kimi ölkələrdən də gəlirlər, çünki həmin dövlətlərdə orqan satışı qadağandır. Bizdə əvvəlcə donor tapılır, xəstə ilə birlikdə oraya gedib köçürməni etdirirlər. Biz də donoru Azərbaycandan götürmüşdük. Onu uzun müddət axtarmalı olmadıq, yarım ayın içərisində tapdıq. Yəni iki həftə ərzində bizə xeyli zənglər oldu, satmaq istəyən çox idi. Biri 15 min manata öz böyrəyini təklif edirdi, o biri 12 min manata. Müxtəlif qiymətlərdi. Sonda qan qrupu uyğun gələn biri ilə razılaşdıq. Dostumun 37, donorun 32 yaşı vardı. Nə qədər cavan olsa, o qədər yaxşıdır. 40-45 yaşa qədər insanın donorluğu normaldır, amma hər iki tərəfin səhhətini nəzərə alaraq daha yaşlıları donor kimi qəbul etmirlər. Hər ikisi bir böyrəklə yaşasa da, hazırda satan da yaxşıdır, alan da. Bəzi insanlar onsuz da bir böyrəklə yaşayır".

Müsahibim dedi ki, maraqlanıblar, bizim yerli klinikalarda da orqanların transplantasiyası aparılır, qiymət də 12 min manat civarındadır. Dedim, bəlkə yerli klinikalara müraciət edək, ən təhlükəsizi də bu olar. Dedi ki, mənim nömrəmi artıq götürüb: "Maraqlanan "uşaqlar" var, kimə lazım olsa, mən bunu təşkil edərəm, özünüz danışarsız, 3-5 gün vaxt lazımdır. "Uşaqlar" var, onlara böyrək lazım olur. Ehtiyacı olan xəstələr çoxdur. Neçəyə satarsız?". Dedim, siz 10 min manat dediniz, elə o qiymətə olsun. Hətta bir az baha da ola bilər. Dedi ki, "alan adamla özünüz də danışın, başa düşər ki, donor kefindən satmır, ehtiyacı var ki, bu addımı atır". Dedim "əslində onun çox pula ehtiyacı var, mən sata bilməz deyə aşağı qiymət söylədim".

Bildirdiyinə görə, 10 min manata da böyrək var, 12 min manata da, qiymət donordan asılıdır, ona lazım olan pulun miqdarını deyir, alan da imkanına görə davranır. Qərarlaşdırdıq ki, qiyməti 12 min manata desin. Bir daha məni arxayın elədi ki, "uşaqlar"a deyəcək, bəlkə kiməsə lazımdır. Soruşdum ki, "dostunuza çox donor tapılıb, onlar da mənim tanışım kimi ehtiyacdan satırlar, yoxsa başqa səbəbləri var?" Ritorik cavab verdi ki, "kim öz orqanını kefindən satar? Təbii ki, hamısının problemləri var". Dedim, "tanışım başqa bir əməliyyata girmək üçün böyrəyini satır, bəs o insanlar nə kimi ciddi problemlə qarşılaşıblar ki, orqanlarından könüllü imtina edirlər?" Məlum oldu ki, birinin kiməsə borcu var, onu ödəmək üçün bu yola əl atıb. Başqa birinin evinin tikintisi yarımçıq qalıb, onu başa çatdırmalıdır. Şok oldum. İnsan dünya malı üçün canından qiymətli bir parçanın ayrılmasına necə qol qoya bilər? Bir az "alver" etmək qərarına gəldim, soruşdum böyrəyi 15 min manata təklif etsək, alan olar? "Allah "kliyent"ini yetirsin, niyə olmur ki?!", deyə sualqarışıq cavab verdi. Bu dəfə söz verdi ki, qısa zamanda tanışlarına zəng edib bizi "calaşdırar".

25 min manata satacaqdı ki...

Adını soruşdum, qulaqardına vurdu. Öz adımı deyib israrla onunkunu gözlədim, yenə söhbəti dəyişdi. Doğrusu səbəbini anlamadım, əgər ortada yanlış nəsə baş vermirsə, onun bu davranışında bir məntiq olmalıdır. Mən də konspirativlik xatirinə söhbətin aramızda qalması və kənar adamlara söylənməməsi üçün "xahiş" etdim. Zarafatla "gedib birdən orqan mafiyasının əlinə düşməyək", dedim. Mənə bərk-bərk tapşırdı ki, elan-filan verməyək, çünki artıq qəzetlər elan qəbul etməzlər. Soruşdum "bəs nə yaxşı sizinkini qəbul ediblər, elanınız da gərək ki, çoxdan olmayıb". Məlum oldu ki, bu ilin mart-aprel aylarına təsadüf edib. Dediyinə görə, indi deyəsən qadağan ediblər. Suallarımdan şübhələnmişdi. Fikrini dəyişib, qəzetə müraciət etməyi məsləhət görsə də, yenə dözmədi: "Orqanı almaq yox, satmaq şübhəli görünə bilər. Odur ki, sizə yardım edərəm".

İndi də mənim telefonuma "vızov" gəldi. Geriyə zəng elədim, öncə danışdığım, qanında virus tapılan donor idi. Məlum oldu ki, tək olmadığından mənimlə söhbət edə bilməyib. Bu dəfə ona alıcı olduğumu dedim. Qəzet və internetdə elan verməklə məqsədimə nail ola biləcəyimi söylədi. Hətta qəzetin telefon nömrələrini də təklif etdi. Tezliklə "alıcı" və ya "satıcı" olduğumu özüm də unutdum, qarışdırmağa başladım, gah o, gah bunun "marağ"ından çıxış edərək suallarımı verib adamın dərdini öyrənməyə çalışdım. O, vaxtilə öz böyrəyinin satıcısı olduğundan bir az yüksək qiymətlər söylədi, 13-15 min manatın orta qiymət olduğunu dedi. Bundan çox verən də varmış - 20 min manat. Dedi ki, bu elanlar kimsənin diqqətini çəkmir, çünki adam öz orqanını satır, başqasınınkını yox: "Biz mafiya deyilik, 3-5 adamı yığıb Türkiyə, İrana aparmırıq ki, diqqət çəkək. Odur ki, elan verməkdən çəkinməyin. Burada əsas orqanlar sağlam və gənc olmalı, qan qrupu uyğun gəlməli, bir də böyrək çıxışları eyni olmalıdır. Əsasən 40 yaşa qədər insanların orqanına tələbat var. Pullu bir adam vardı, 25 min manata razılaşmışdıq. Hər şey qaydasında idi, sonda qanımda virus tapıldığından, sövdəmiz baş tutmadı. Bu hadisə may ayında olub. Onlara təcili böyrək lazım idi. Doğrudur, böyrəyi tam imtina etməmişdi, amma bir-iki ay da qalsaydı, dialezə düşəcəkdi. Çıxılmaz vəziyyətdə idilər, 50 min manata da təklif edən olsaydı, alardılar. Sonradan mən zəng elədim, tapdıqlarını dedilər. Elan dərc olunanda hər gün mənə xeyli zənglər gəlirdi, hətta xarici ölkələrdən də. Dediyim kimi, biri ilə anlaşdıq, onun da sonu nəticəsiz qaldı. Orqan tapılanda çox vaxt köçürməni Türkiyədə, İranda etdirirlər".

Böyrəyini verib ölüm yatağındakı qızını sağaldacaqmış

Böyrəyini satmaq niyyətinin səbəbini soruşdum. Dedi ki, 13 yaşlı qızı xəstə imiş: "İlik əriməsindən əziyyət çəkirdi, "lösemi" deyirlər. Ona ilik köçürülməliydi, ona görə də bizə 30 min manat pul lazım idi. Başqa ölkələrə aparmağa imkanım olmadı. Öz böyrəyimi satıb uşağı müalicə etdirəcəkdim. Amma qismət olmadı, 2 ay əvvəl qızcığaz rəhmətə getdi".

Telefondakı adamı tanımırdım, nə qədər doğru və ya yalan danışdığını da bilmirəm, amma bu, bir insan faciəsidir və pulun yoxluğundan bir qız uşağının həyatını itirməsi ata üçün çox ağır olmalıdır. Evi-eşiyi də yoxmuş ki, satsın. İxtisasca gömrükçü, məcburi köçkündür. Bildirdiyinə görə işsizdir. Vaxtilə özünə aid fermer təsərrüfatı olub, alver də edib. Dediyinə görə sonradan başında xəstəlik yaranıb, nəyi varsa, satıb, qonşu ölkələrdə müalicə alıb. Özü bir qədər yaxşılaşandan sonra uşaq yatağa düşüb. Qızının xəstəliyinə görə müraciət etdiyi qurumların adını çəkmədi, amma onu sağaltmaq üçün cəhd göstərib. Onu bir qapıdan o birinə göndəriblər, oradan da başqasına, qalıb arada. Axırda gücü öz canına çatıb, o da sağlam çıxmayıb: "Hər kəs bir quruma yazırdı, gedib günlərlə qapılarda gözləyirdim. Biri 100 manat kömək edə biləcəyini deyirdi, o biri 200 manat. Amma o xəstəlik 100-200 manat sədəqə ilə sağalan deyil axı. Həyat yoldaşımın çəkisi artıq olduğundan böyrək köçürməsi mümkün olmadı. Ailəmə də bildirmədim".

"Mafiya"nın əlinə keçməmək üçün məsləhət verdi ki, əgər resipiyent tapılsa, onu, ailəsini yaxından tanımağa çalışmaq lazımdır. Hər adama etibar etmək olmaz...

Bizimyol.info
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.