Sağlamlıq

Azərbaycanda Ebola təhlükəsi varmı?

22 Oktyabr 2014 12:37
0 Şərh     Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adil Qeybulla: "Azərbaycana virusun gəlməsi tamamilə realdır".

Qərbi Afrikada Ebola virusunun qurbanlarının sayı 4,5 min nəfəri ötüb. Virusa yoluxanların sayı isə 9 min nəfərdir. Ölüm hadisələrinin əksər hissəsi Qvineya, Liberiya və Syerra-Leone ölkələrində baş verib. Qonşu ölkə Gürcüstanda da virusa yoluxma ilə bağlı həyəcanlı vəziyyət yaranıb. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin Müşahidə Şurasının rəhbəri Paata İmnadze keçirdiyi mətbuat konfransında bildirib ki, son üç ay ərzində Qərbi Afrikadan Gürcüstana 84 nəfər gəlib. Xəstəlik ehtimalının həmin şəxslərdə mümkün olduğu qeyd edilib: "Gürcüstana gələnlərin çoxu Nigeriyadan olub. 21 gün karantin keçdikdən sonra, bu adamlara nəzarət edilmir. Məlumata görə, hələlik bir neçə nəfər həkimlərin nəzarəti altındadır".

P. İmnadze bildirib ki, xəstəliyə tutulmaq ehtimalı olunan bir neçə nəfərin karantin müddəti hələ keçməyib və müddət sona yetdikdən sonra müayinə olunan bu insanlara daha nəzarət edilməyəcək.

"Epidemiya şəklində yayılan viruslar sərhəd tanımır"

Professor Adil Qeybulla "Bizim Yol" qəzetinə açıqlamasında bildirdi ki, bu cür epidemiya şəklində yayılan viruslar sərhəd tanımır. Onun sözlərinə görə, Ebola virusunun Azərbaycana və digər ölkələrə yayılma riski var: "Buna real yanaşmaq lazımdır. Ebola virusu ilə bağlı konkret tədbirlər görmək gərəkdir. Nəzərə almaq lazımdır ki, Ebola ilk dəfə 1976-cı ildə Afrikada yayılıb və yerində lokallaşdırılıb, söndürülüb. Ümumdünya Səhiyyə Təşkilatı artıq bu mövzuda xeyli əmək sərf edib. Ancaq buna baxmayaraq virus bir neçə ölkələrdə yayılıb. Düzdür, bu günlərdə olan raporta görə virus Nigeriya ərazisində tamamilə aradan qaldırılıb, lokallaşdırılıb. Amma digər ölkələrdə virus tüğyan edir. Virusdan həyatını itirən insanlar var. Yoluxmalar hazırda davam edir".

A.Qeybulla deyir ki, virusa qarşı hazırda eksperimental vaksin hazırlanır. "Onun tətbiqi ilə bağlı ciddi işlər gedir. Bundan başqa Ümumdünya Səhiyyə Təşkilatı ayrı-ayrı ölkələrə texniki yardım göstərir. Məsələn, xəstə insanlardan qan nümunələrinin təşkili, onların Avropanın laboratoriyalarına göndərilməsi, identifikasiyası təşkil olunur.

Gürcüstan Azərbaycanla qonşu, həm də turist ölkəsidir. Yəqin ki, oradakı insanlara virus Afrikaya səfər edən və ya oradan gələn, hansısa yolla Rusiyadan Gürcüstana daxil olan şəxslər tərəfindən yoluxdurulub. Azərbaycana da virusun gəlməsi tamamilə realdır.

Virusun geniş yayıldığı dövlətlərdən ölkəmizə, əsasən sitrus meyvələri-banan, kivi, ananas idxal olunur. Bəs virusun meyvələr vasitəsi ilə yoluxma ehtimalı varmı?

A.Qeybulla deyir ki, transsərhəd zonalarda əvvəlcə dövlət tərəfindən ciddi nəzarət qoyulmalıdır. Qızdırması, toksikasiyası olan xəstələr təcrid olunmalıdır: "Xəstə adamlar karantin rejimə keçirilməlidir. O ki qaldı insanlar özlərində virusun əlamətlərini - yüksək hərarət, halsızlıq, zəiflik, bel ağrıları olduqda dərhal həkimə müraciət etməlidirlər. Bilirsiniz ki, virus heyvanların orqanizmində parazitlik edir. İnsanlar sitrus meyvələrinə ehtiyatla yanaşmağa başlayıblar. Ancaq bitkilər tərəfindən insana virusun yoluxması real görünmür. Bununla bağlı konkret nümunə ortada yoxdur".

"Virusun Azərbaycan ərazisində yayılması üçün heç bir şərait yoxdur"

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov mətbuata açıqlamasında deyib ki, məsələ ilə bağlı gürcüstanlı həmkarları ilə əlaqə saxlanılıb. Onun sözlərinə görə, həmin adamlar müayinə edilib və onlarda heç bir virus aşkar olunmayıb: "Hansısa ölkədən bu xəstəlik gətirilə bilər. Amma xəstəliyin başqa ölkələrdə kütləvi yayılması mümkün deyil. Çünki Afrika ölkələrində xəstəliyin yayılmasının müxtəlif səbəbləri var. Xəstələrə kömək edən həkimlərə sərt münasibət mövcuddur. Hazırda orada 2500-ə yaxın tibb işçisi çatışmır. Onların müxtəlif ayinləri var. Belə ki, ölülərin yuyulmasından sonra həmin su içilir, üzlərinə vurulur və s. Ölkədə aparılan təbliğata riayət etmirlər. İnfeksion xəstəliklərdən qorunmanın başlıca istiqaməti insanın özünü qorumasıdır".

Ş.Qurbanov qeyd edib ki, həmin xəstəlik Azərbaycana təsadüfən gətirilə bilər. Onun sözlərinə görə, amma onun Azərbaycan ərazisində yayılması üçün heç bir şərait yoxdur: "Bizim həmin ölkələrlə əlaqələrimiz minimum səviyyəsindədir. Artıq insanların maarifləndirilməsi nəticəsində yaradılan "Qaynar xətt"ə müraciət edənlərin də sayı azalıb. Əvvəllər 7-8 nəfər müraciət edirdisə, indi 1-2 nəfər müraciət edir. Onlar mətbuat vasitəsilə məlumat alır və artıq bu xəstəliklə bağlı məlumatlıdırlar".

"Virusa qarşı vaksin yalnız 5-7 ilə əldə edilə biləcək"

"Ebola bütün dünya üçün təhlükəlidir" - bu bəyanatla Dünya Səhiyyə Təşkilatı çıxış edib. Virusa yoluxmanın 90%-nin ölümlə nəticələndiyi bu müəmmalı xəstəlik nəinki həkimlərin, həmçinin hərbçilərin də marağına səbəb olub. Vaksinin hazırlanması ilə bağlı araşdırmalara əsasən, Ebolanın bioloji silah kimi istifadə ediləcəyindən ehtiyat edən ABŞ Müdafiə Nazirliyi və Milli Səhiyyə İnstitutu vaksinin hazırlanması üzrə aparılan tədqiqatları maliyyələşdirməni öz üzərinə götürüb. Bu vəsaitlər sayəsində heyvanlar üzərində müvəffəqiyyətlə keçirilən testlərdən sonra vaksinin bir neçə prototipi hazırlanıb. Sarepta və Tekmira şirkətləri artıq bu prototipləri insanlar üzərində testdən keçirməyə başlayıblar. Maliyyələşdirmənin aşağı səviyyədə olduğunu görən ABŞ ordusunun infeksiya xəstəlikləri İnstitutunun virusoloqu Cin Olinger 2012-ci ildə virusa qarşı vaksinin yalnız 5-7 ilə əldə edilə biləcəyini deyib. Daha sonra 2012-ci ilin avqust ayında ABŞ Müdafiə Nazirliyi "maliyyə çətinliyi" yaşadıqlarına görə aparılan tədqiqatların maliyyəsini dayandırmaq məcburiyyətində olduğunu bildirib. Vaksinin hazırlanmasında iştirak edən mütəxəssislərin BBC-yə verdiyi məlumatda bildirilib ki, ABŞ Müdafiə Nazirliyi maliyyəni dayandırdığı təqdirdə, vaksini hazırlamaq heç vaxt mümkün olmayacaq.

Rusiyada Ebola virusuna qarşı vaksin tapılıb

Rusiya Qərbi Afrikada geniş yayılan ölümcül Ebola virusuna qarşı vaksin tapıb. Bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvortsova açıqlama verib. Nazir Rossiya-1 telekanalına müsahibəsində qeyd edib ki, rusiyalı tibb ekspertləri artıq xəstəliyin müalicəsi və yoluxmanın qarşısını almaq üçün vaksindən dərman hazırlamaq mərhələsindədirlər.

"İndi biz 3 növ vaksinin üzərində çalışırıq. Onlardan biri artıq kliniki sınaqdan keçib. Passivləşdirilmiş vaksin birbaşa virusun ştammından hazırlanıb. Digər iki vaksin də genetik olaraq modifikasiya olunub. Bu vaksinlər bizim virusologiya institutumuz tərəfindən hazırlanır", - deyə nazir qeyd edib. Nazir onu da əlavə edib ki, sözügedən vaksinlər 6 ay müddətində təqdim olunacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.