Sağlamlıq

Azərbaycanda qadınların təxminən 1/3-də piylənmə müşahidə olunur

30 Sentyabr 2014 17:24
0 Şərh     Baxış: 1 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qadınların təxminən üçdə birində artıq çəki və piylənmə müşahidə olunur

Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən Trend-ə bildirilib ki, bu nəticəyə Azərbaycanda əhali arasında qeyri-infeksion xəstəliklərin risk faktorları araşdırılarkən gəlinib.

Ölkədə ən çox yayılmış 4 qrup qeyri-infeksion xəstəlik var ki, bunlar da ürək-damar sistemi, onkoloji, şəkərli diabet və ağçiyərlərin xroniki xəstəlikləridir. Qeyri-infeksion xəstəliklərin risk faktorları əsasən tütünçəkmə, qeyri-sağlan qidalanma, fiziki aktivliyin olmaması və s.-dir.

2011-ci ildən başlayaraq bu faktorlar üzrə müəyyən araşdırmalar aparılır. Bu il isə həmin risk faktorlarından ikisi - artıq çəki və yüksək qan təzyiqi istiqamətində tədqiqatlar aparılır və araşdırmalar bu ilin sonuna kimi yekunlaşacaq.

İndiyədək aparılan tədqiqatların nəticələrinə görə, artıq çəki və piylənmə Azərbaycan əhalisi arasında rast gəlinən böyük problemdir. Piylənmə həm kişilər, həm qadınlar arasında olsa da, bu faktor qadınlar arasında daha çox yayılıb. Azərbaycanda qadınların təxminən üçdə bir hissəsində artıq çəki və piylənmə müşahidə olunur.

Tütünçəkmə isə əsasən kişilər arasında böyük problemdir. Kişilərin təxminən 50 faizi gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir: "Bu da böyük göstəricidir, bu göstərici Avropa göstəriciləri ilə müqayisəolunmaz şəkildədir. Qadınlar arasında isə bu göstərici yüksək deyil".

Tədqiqatlar zamanı məlum olub ki, spritli içkilərdən istifadə əsasən orta yaşlı kişilər arasında müşahidə edilir.

Azərbaycanda ən böyük problemin fiziki aktivliklə bağlı olduğu da aydın olub. Kişilər arasında daim idmanla məşğul olanların göstəriciləri 8 faiz təşkil edirsə, qadınlar arasında bu göstərici cəmi 4 faizdir. Bu isə çox aşağı göstəricidir. Tədqiqatlardan o da aydın olub ki, əhali arasında yüksək qan təzyiqi də kifayət qədər yayılıb.

Tədqiqatların nəticələrindən asılı olaraq müəyyən tədbirlər - maarifləndirmə, tibbi xidmətlərin ilkin səhiyyə sistemində gücləndirilməsi və s. görülə, tövsiyələr hazırlana bilər. Bu tədbirlər yalnız Səhiyyə Nazirliyi tərəfindən deyil, digər qurumların da cəlb edilməsi ilə görülə bilər: "Məsələn, parklarda idman meydançaları yaradıla bilər. Bu isə Səhiyyə Nazirliyinin işi deyil. Müvafiq qurumlar da bu sahədə iş görə bilərlər. Əhalinin çox hissəsinin gününü oturaq vəziyyətdə keçirməsi gələcəkdə ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin yaranması üçün böyük risk amilidir. Bu sahədə də maarifləndirmənin aparılmasına ehtiyac var".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.