Sağlamlıq

Payızın özü ilə gətirdiyi soyuqdəymədən qorunmaq yolları

21 Sentyabr 2014 16:46
2 Şərh     Baxış: 2 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Payız fəslinin gəlməsinə sayılı günlər qalır, artıq havalar soyumağa başlayıb. Havaların soyuması ilə əlaqədar son günlər soyuqdəymə və qrip xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. Qızmar yay günlərini təzəcə geridə qoymuş insanların dərhal soyuq havaya adaptasiya oluna bilməməsi, qida rasionuna, geyim tərzinə diqqət etməməsi sonda soyuqdəymə ilə nəticələnir.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, tibb elmləri doktoru Adil Qeybulla bildirir ki, orqanizmi normal olan insanların soyuq havaya və müxtəlif viruslara qarşı immuniteti güclü olur və onlara təsir etmir: "Soyuq havada qan damarlarının daralması, bədənin özünütənzimləmə gücünün hərəkətə gəlməsi soyuq havanın gətirdiyi təlatümlərə dözməyə imkan verir. Ancaq orqanizmdə xəstəliklər, zəiflik olduqda, immun sistemi aşağı düşdükdə soyuqdəymə xəstəliyi adı altında xeyli narahatlıqlar yaranmış olur. Normada tənəffüs yollarında 15-dən çox infeksiya var ki, onlar adi halda xəstəlik törətmir. Ancaq orqanizmin müqaviməti azaldıqda bunlar zökəmə bənzər vəziyyət yaradır. Bu xəstəliyin göstəriciləri burun axması, hərarət, öskürək, asqırmaq və sair kimi əlamətlər yaradır ki, biz bunu öz aramızda qrip adlandırırıq".

"Bu qrip, o qripdən deyil"

Adil Qeybullanın sözlərinə görə, hər soyuqdəymə xəstəliyini qrip adlandırmaq düzgün deyil: "Qrip, əsasən, bir virusun epidemiyasıdır ki, adətən, o olanda ÜST bu haqda məlumat verir, onun yayılma zonaları, xarakteri, epidemiyaya meylli olması haqqında xəbərdarlıq edir. Ancaq bizim qrip adı altında keçirdiyimiz soyuqdəymə xəstəliklərinə sovet dövründə kəskin respirator xəstəliklər deyirdilər. Bu cür xəstəliklərin olmaması üçün insanlar xəstəlikdən qorunmalıdırlar, payızın gəlişi ilə əlaqədar artıq hava soyumağa başlayıb, yağış və külək bu xəstəliklərin əsas səbəbidir. Hava şəraitini diqqətlə izləmək və hər havaya uyğun geyinmək, qidalanmaya diqqət etmək lazımdır. Uzun müddət soyuq havada durmaq soyuqdəymə xəstəliyinin yaranmasına gətirib çıxarır. İnsanlar bundan qorunmaq üçün rejimə riayət etməlidirlər".

Necə qorunmalı..?

Tibb ekspertinin sözlərinə görə, soyuqdəymədən qorunmaq üçün ilk növbədə immuniteti gücləndirmək və bədənin soyuqdəyməyə, müxtəlif viruslara qarşı müqavimətini möhkəmləndirmək lazımdır: "Birinci növbədə vitaminli qidalar qəbul etmək lazımdır. Çünki orqanizmin bu cür qidalara ehtiyacı var. Çox zaman avitaminoz səbəbindən immun sistemi zəifləyir. Ona görə də, meyvə və tərəvəz məhsullarından daha çox istifadə etmək, kalorisi çox olan zülallı məhsullar, ət məhsulları qəbul etmək lazımdır. Çünki bunlar orqanizmdə ən çox tələbat olan qidalardır. Həmçinin, çox yağlı, ədviyyatlı, konservant qidaları daha az qəbul etmək lazımdır, bunlar orqanizm üçün elə də faydalı deyil. Ən əsası isə, idmanla məşğul olmaq və açıq havada olmaq orqanizmin möhkəmlənməsinə kömək edir".

Onu da qeyd edək ki, aktiv iş rejiminin və dərs ilinin başlaması ilə əlaqədar soyuqdəymə və qrip viruslarının yayılma ehtimalı da artıb. Xəstə insanların ictimai yerlərdə olması, onların sağlam insanları da yoluxdurma ehtimalını yüksəldib. Bu səbəbdən də payızın bəlası olan bu xəstəlikdən qorunmaq istəyənlər, həmçinin şəxsi gigiyenalarına diqqət etməli, ictimai yerlərdə diqqətli olmalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.