Sağlamlıq

Şəkər xəmirinin xeyrindən çox ziyanı var

18 Sentyabr 2014 16:59
1 Şərh     Baxış: 11 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İçi bilinməyən yaraşıqlı tortlar əl yandırır

Şirniyyatlar, xüsusən tortlar yaşından asılı olmayaraq hər kəsin ən sevdiyi qidalardır. Kiçik yaşlı uşaqlar üçün isə şirniyyat, demək olar ki, yeməkdən də önəmli və maraqlıdır.

Əvvəllər tortlar sadəcə ev üsulu ilə hazırlanır və mağazalardan alınan tortların keyfiyyətindən heç kim razı qalmazdı. Çünki mağaza tortları olduqca sərt və yağlı, bir sözlə, sağlamlıq baxımından təhlükli hesab edilirdi. Bəzən ev üsulu ilə hazırlanan tortlar elə də bəzəkli və yaraşıqlı olmurdu. Uşaqlar üçün isə ən önəmlisi budur. Diqqət çəksin və maraqlı olsun. Zaman keçdikcə isə xarici ölkələrdən Azərbaycana müxtəlif tort bəzəmə məmulatları, eləcə də reseptləri daxil olmağa başladı. Bunlardan ən çox diqqət cəlb edəni isə şəkər xəmiri oldu.

Şəkər xəmirinin hazırlanma üsulları fərqlidir. Hər bir orijinal şirniyyatın bir də ev üsulu hazırlanma metodu var ki, bu metod çox vaxt işə yaramır. Çünki heç bir usta öz əlinin sirrini başqasına vermir. Şəkər xəmiri bir növ plastilinə bənzəyir və müxtəlif rənglərdən ibarət olan bu kütlədən fərqli formalar da düzəltmək mümkündür. Məsələn, adi bir tort üzərində şəkər xəmiri ilə evlər, oyuncaqlar, hərflər, geyimlər, rəqəmlər və s. düzəltmək mümkündür. Bir sözlə, bu xəmirlə hazırlanan tortların elə üst bəzəyi kifayət edir ki, uşaqlı-böyüklü bu möcüzəyə heyran qalasan. Dadının necə olması isə artıq ikinci planda qalmış olur. Əhalinin marağından istifadə edənlər isə az deyil. Özü də necə deyərlər, od qiymətinə təklif olunan şirniyyatların içi nədən və necə hazırlanır bilinmir, üstündəki şəkər xəmiri isə başlı-başına zəhərdir. Amma maraqlı haldır ki, "ustalar" bunu qəbul etmir. Onlar iddia edir ki, şəkər xəmiri ziyandan çox xeyirlidir və uşaq üçün təhlükə daşımır. Həkimlər isə bu fikirdə deyil.

Həkim terapevt Xatirə İsayeva, ümumiyyətlə, azyaşlı uşaqlara şəkər xəmirindən hazırlanan şirniyyatların yedizdirilməsinə qarşıdır. O bildirir ki, bu cür hazır rəngləndirilmiş və dadlandırılmış şirniyyat əlavələrinin ziyanı xeyirindən daha çoxdur və bu cür şirniyyatlar azyaşlılarda qalıcı izlər buraxa bilir: "Şirniyyata meylli uşaqlar üçün şirniyyat əslində ən təhlükəli qidalardan biridir. Həddindən artıq şirniyyat qəbul edən uşaqlarda bir çox problemlər meydana çıxır ki, bunlar zaman-zaman orqanizmi də zəhərləmiş olur. Eləcə də hazır satılan şəkər xəmiri, rəngli zefirlər, yumşaq pambıq effekti verən şirniyyatlar kustar üsulla hazılanır və əksəriyyətinin üzərində məlumat yoxdur. Məlumat olan bu cür şirniyyatlarda isə mütləq qeyd olunur ki, tərkib etibarilə keçici olaraq diqqət və aktivlik pozğunluğu meydana gətirə bilər. Hökmən bu cür tortlar alınacaqsa yeyilən zaman üst təbəqə, şəkər xəmiri olan hissəni soyub götürmək vacibdir. Şəkər xəmiri uzun müddət saxlana bilən və xarab olmayan bir məhsuldur. Tərkibi normal olan məhsulun uzun müddət xarab olmadan qalması qeyri mümkündür. Əgər xarab olmursa, bu o deməkdir ki, tərkibində sağlamlıq üçün olduqca təhlükəli maddələr var və qətiyyən yeyilməməli, bədəni həssas olan azyaşlılara qətiyyən verilməməlidir".

Qeyd edək ki, hər növ şirniyyat, tort, keks, dondurma tez-tez verilməməsi lazım olan yeməklərdir. Uşaq şirniyyatla mümkün qədər gec yaşlarında tanış edilməlidir. Yeməklər arasında uşağa şirniyyat vermək iştahı azaldaraq qeyri-kafi qidalanmaya gətirib çıxardığı kimi, diş çürüklərinin əmələ gəlməsində əsas səbəbdir. Şəkər xəmiri kimi, tərkibi bilinməyən şirniyyatlar isə ümumiyyətlə rasiondan çıxarılmalıdır.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.