Sağlamlıq

Pusquda duran kiçik düşmənlər

24 İyul 2014 03:00
0 Şərh     Baxış: 18 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İnsanın həm daxili orqanlarında həm də xarici üzvlərində asanlıqla yayılaraq çoxalan ən kiçik orqanizmlərdən olan göbələk, demək olar ki, gözlə görülən və əllə tutulan hər yerdə mövcuddur. Bu varlıqlar müxtəlif təsirlər nəticəsində fürsət düşən kimi fəaliyyətə keçərək orqanizmin düşməninə çevrilir.

Kandidoz

Həkim-endokrinoloq Fərqanə Məmmədli Milli.Az-a açıqlamasında deyib ki, kandidozu maya göbələklərinə bənzər "candida" və ən çox yayılmış birhüceyrəli mikroorqanizm olan "candida albicans" törədir. Xəstəlik antibiotiklərdən, hormonal dərmanlardan həddən artıq istifadə etdikdə, hamiləlikdə, infeksion mənşəli xroniki xəstəliklərdə, şəkərli diabet xəstələrində və maddələr mübadiləsi pozğunluğu və immun sisteminin zəifliyi nəticəsində əmələ gəlir.

Kandidoz iki formada ortaya çıxır: məhəlli kandidoz və ümumi kandidoz

Məhəlli kandidoz, əsasən, dəridə, dırnaqlarda, bağırsaqda, ciyərlərdə və böyrəklərdə müşahidə edilir. Ümumi kandidozda isə kandidoz septikopiemiyası göbələklərin məhəlli kandidozlu nahiyədən qana keçməsi yolu ilə başlayır. Buna daha çox kiçik uşaqlarda və çox arıq xəstələrdə rast gəlinir. Nəticədə ağ ciyərlərdə, böyrəklərdə, ürəkdə, beyində və onun qişalarında kandidoz metastazları, irinləri əmələ gəlir.

Kandidoza çoxqatlı yastı epitel ilə örtülü selikli qişanın səthində daha çox rast gəlinir. Bu isə qlükogenin burada çoxluğundan asılıdır. Psevdomitselilər (hüceyrədə yerləşən göbələk) inkişaf edərək selikli qişanın səthində boz ərp şəklində ləkələr yaradır və selikli qişanı nekrozlaşdırır. Bu tip göbələk selikli qişanın dərin laylarına yayıldıqda onları irinli və prodiktiv iltihaba uğradır.

Qadınların qorxulu röyası

Həkimin sözlərinə görə, bu xəstəliyin qadınlar arasında ən geniş yayılmış forması vaginal kandidozdur. Cinsiyyət üzvündə özünü büruzə verən problem zamanı ağ rəngli selik və köpüklü ifrazat axıntısı müşahidə olunur. Həmçinin selikli qişada qızartı əmələ gəlir, sidik ifrazı zamanı ağrı və əsasən gecələr güclü qaşınma xəstəni narahat edir. Xəstəliyin gedişatı 5 gündən 60 günə qədər davam edə bilər. Xəstəliyin müalicəsi zamanı gigiyena qaydalarına və qidalanmaya ciddi riayət olunmaldır. Şəkər tərkibli ərzaqlardan istifadəni dayandırmaq lazımdır. Çünki şəkər və karbohidratlar maya göbələklərinin artıb çoxalmasına şərait yaradır. Həmçinin immun sistemini möhkəmləndirmək vacibdir.

Həkim endokrinoloq göbələyin əlamətlərini belə sıralayıb: "Mədə-bağırsaq sistemində problemlər, gəyirmə, qarında köp, nəfəs darlığı, allergiya, dəridə qaşıntı, diş əti və dilin üstündə ağ və sarı təbəqənin olması, şirniyyata həddən artıq meyllilik, göbələyin bağırsaqda tədricən faydalı bakteriyaları məhv etməsi fonunda qəbizlik, ishalın yaranması və göbələyin bağırsaq florasında yaratdığı spirt qoxusunun ağızdan gəlməsi. Göbələk xəstəliyin kəskinləşməsi nəticəsində yorğunluq, əzələlərdə titrəmə, boyun və oynaq ağrıları, cinsi istəksizlik, prostat iltihabı da yaranır".

Kif göbələyi

F.Məmmədli bildirib ki, kif göbələyi təkhüceyrəli mikroorqanizm olub, bölünərək çoxalan göbələk növüdür. Bu göbələyin hüceyrələri bakteriyadan daha böyük olub yumurtaya bənzər formada olur. Ən çətin şəraitdə belə çoxalma qabiliyyətinə malik olan kif göbələyi sürətlə artaraq orqanizmə zərər vurur. Nəmli və rütubətli şəraitdə artan göbələklər tez bir zamanda ərzaq məhsullarını korlayaraq zəhərli maddələr istehsal edirlər. Bağırsaq mühitinə asanlıqla uyğunlaşan bu göbələklər orqanik tullantılarla yanaşı canlı mikroorqanizmlərlə da qidalanır. Toksiki təsiri güclü olan kif göbələkləri, əsasən, tənəffüs sistemi, burun-boğaz, göz, dəri və sinir sistemi xəstəliklərinə səbəb olur. Bütün bunlara baxmayaraq kif göbələklərinin zərəri ilə yanaşı xeyirli tərəfləri də var. Belə ki, bu canlı varlıqlar tibbdə immun sistemini gücləndirici dərmanların, üzvi turşuların və müxtəlif antibiotiklərin hazırlanmasında əvəzsiz vasitədir. Həmçinin qida məhsullarının istehsalında xüsusi əhəmiyyətə malikdir.

Həkim xəstəliyin profilaktikasından danışaraq bunları deyib: "Kif göbələyinin zərərli təsirindən qorunmaq üçün qidalanmaya xüsusi diqqət yetirilməlidir. Köhnə ərzaq məhsullarından və yeməklərdən uzaq durulmalı, xəmir xörəklərindən, şirniyyatdan istifadə edilməməli, ev şəraitində təmizliyə və şəxsi gigiyenaya riayət edilməlidir. Həmçinin bu göbələklərin yayılmasında rolu olan köhnə mis qablardan istifadə zəhərlənmə ilə nəticələnə bilər".

Quşbazların xəstəliyi

Endokrinoloq digər bir xəstəliyin aspergillyoz olduğunu və bunu törədən amilin kif göbələkləri olduğunu vurğulayıb: "Proses ən çox dəridə, dırnaqlarda, selikli qişalarda, ağ ciyərdə və beyində baş verir. Bu xəstəliyə bronxoektaziya, ağ ciyər apsesi və xərçəngi ilə birlikdə də təsadüf edilir. Aspergillyoza quşbazlıqla məşğul olanlar, antibiotik, steroid, hormonlar və leykozun müalicəsində istifadə olunan dərman vasitələri qəbul edənlər daha asanlıqla yoluxur".

Blastomikoz

Həkim dermatoloq Rasim Ələkbərov isə dəri xəstəlikləri arasında göbələyin üstünlük təşkil etdiyini, daxili orqanlardakı göbələkdən fərqli olaraq başda və dəridə olan bu mokroorqanizmlərin yoluxucu xüsusiyyətə malik olduğunu söyləyib: "Blastomikoz xəstəliyini insan dərisinə düşən patogen maya göbələkləri yaradır. Əsasən, isti ölkələrdə yayılan xəstəliyin törədicisi torpaqda yaşayan "blastomyces dermatitidis" göbələyidir. Əvvəlcə dəridə qabarcıqlı forma alan toxuma qısa müddət ərzində irinləyərək yaraya çevrilir. Xroniki hala çevrilən xəstəlik zamanı belə yaraların sağalması uzun sürür. Blastomikoz bəzən daxili orqanlarda - ağ ciyər və beyin qişalarında da özünü büruzə verir. Proses ağ ciyərdə olarsa, çox vaxt irin müşahidə edilir".

Dermatomikoz

R.Ələkbərov ən geniş yayılmış göbələk xəstəlikləri sırasında dermatomikozun olduğunu, bunun nəticəsində də dəridə ciddi zədələnmələr meydana gəldiyini bildirib: "Xəstəlik üç qrupa bölünür - epidermomikoz, səthi darmatomikoz və dərin dermatomikoz.

Epidermomikozda ancaq epidermis (dərinin üst qatı) zədələnir. Bunları müxtəlif epidermofitlər (dırnaq və dəri göbələyi) törədir. Ən çox təsadüf edilən forması isə dəmrovdur. Proses səthi dermatokimozdan epidermisə keçir və bir qədər dermaya (dəri və ikinci qatı) da yayılır. Dərin dermatokimozlarda isə proses həm dermada həm də epidermisdə inkişaf edir".

Həkim məsləhəti

Orqanizmin müxtəlif nahiyələrinə nüfuz edən göbələk xəstəlikləri fərqli xüsusiyyətləri olduğu üçün onların profilaktikası və müalicəsi özünəməxsus formada aparılır. Yadda saxlamaq lazımdır ki, bəzən uzunmüddətli terapiyaya ehtiyacı olan bu xəstəliyin həkimə getmədən, özbaşına müalicəsi zərərli nəticələrə gətirib çıxarır. Belə ki, bağırsaqda olan göbələk xəstəliyindən qurtulmaq üçün həkim məsləhəti olmadan istifadə olunan dərmanlar həzm prosesinin və bağırsaq mikroflorasının pozulması ilə nəticələnə bilər. Həmçinin müayinə edilmədən və hansı növə aid olduğu aşkarlanmadan dəri göbələklərinin müalicəsi də yolverilməzdir. Çünki istifadə olunan preparatlar və dəriyə sürtülən mazlar əks təsir göstərərək bir çox hallarda xəstəliyin daha da kəskinləşməsinə səbəb olur.

Zəhra
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.