Sağlamlıq

Oğlan üçün bezlər sonsuzluq yaradır?

16 Aprel 2014 18:23
9 Şərh     Baxış: 8 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pampers oğlan uşaqlarında sonsuzluq yaradır?

Uşaqlar həmişə şirin və əvəzedilməzdir. Üstəlik, o, daha körpədirsə, ağlamırsa, əsəbləri sakitdirsə, istər valideyn, istərsə də ətrafdakı insanlar üçün maraq və əyləncə obyektinə çevrilir. Uşaqların ən sevimli vaxtları isə qarınlarının tox və təmiz olduqları vaxtdır.

Valideynlər artıq uzun illərdir ki, təmizliyin ən asan yolu olan bezlərdən istifadə edirlər. Müxtəlif firmaların məhsulları olan körpə bezləri zaman-zaman ailənin çıxış, qurtuluş yolu olur. Təbii ki, bir sıra qorxu və təlaşlar da - uşaq bezlərinin ziyanları, hava keçirməməsi, uşaqlarda problemlərin yaranması kimi - var. Buna baxmayaraq valideynlər daim bezlərdən istifadə etməkdən vaz keçmirlər. Çünki sözün əsl mənasında, uşaq bezləri qurtuluşdur. Əksər valideynlər bu fikirdədirlər ki, uşaq bezləri körpənin daha quru qalmasına şərait yaradır, nəticədə uşaq soyuqlamır. Bununla belə, uşaq bezlərinə qarşı olanlar da kifayət qədərdir.

Bakı sakini Suğra Soltanova deyir ki, bu bezlər uşaqlardan çox valideynlərin rahatlığı üçündür. Buna görə heç bir uşaq sağlamlığından söhbət gedə bilməz. Üstəlik, uşaq baxımı da gənc analar tərəfindən düzgün həyata keçirilmir. Ona görə indiki uşaqlar arasında xəstəliklər daha geniş yayılıb: "7 uşaq böyütmüşəm. Qızım da var, oğlum da. Onların heç birində bezdən istifadə etməmişəm, çünki bizim vaxtımızda bezlər olmayıb. Uşaq soyuqlayar, bez uşağı quru saxlayır kimi söhbətlər də özünə əziyyət verməyən valideynlərin uydurmasıdır. Bizim vaxtımızda bələk vardı, nə xəstəlik, nə əyri ayaqlılıq, nə sümük əyilməsi, belə şeylər demək olar ki, olmurdu. İndi geyindirirlər uşağa bezi, bələmirlər. Sonra deyirlər bədəndə əyrilik var, qolda çıxıq var. Bələnməyən uşaqlara da bezin nə forması olur-olsun, isti olmaz. Uşaq bələkdə isinir. Bələk də indiki uşaqlarda, demək olar ki, yoxdur".

Uşaq bezlərinin xüsusən oğlan uşaqlarında sonsuzluq yaratdığı fikrində olan xeyli valideyn var. Bu fikirlər səslənsə də fakt olaraq sübut olunmayıb. Məhz buna görə valideynlər arasında fikir ayrılıqları mövcuddur. Bu səbəblə 1 ölçü böyük bez alanlar da var, lazım olmadıqca bezdən istifadə etməyənlər də. Amma bütün məsələ bezin böyük və ya kiçikliyində deyil. Problem körpənin bədəninin bezi qəbul etməməsindədir. Pediatr Xatirə İsayevanın sözlərinə görə, bezlərin sonsuzluq yaratması kimi bir fakt nə Azərbaycanda, nə də dünyada var. Ümumiyyətlə, bu fikrin hardan qaynaqlanması da bilinmir. Bezlərin hazırda aşkar olaraq ortaya qoyduğu problem uşaqların güvəcə gec öyrəşməsidir: "Bez istifadə olunan uşaqlarda hissiyyat refleksi zəifləyir. Onlar özlərində quruluq, nəmlik, soyuq, isti kimi hissləri hiss edə bilmir. Daim olaraq quru olan körpələrdə itən bu refleks onların nə zaman güvəcə getmək lazım olduğunu unutdurur. Buna görə valideyn istədiyi qədər övladını güvəcə öyrətsin, uşaq reflekslər bərpa olunana kimi özünü idarə edə bilmir. Bu isə qısa zamanda bərpa olunur. Bezlərin sonsuzluq yaratması kimi söhbətlərin isə əsası yoxdur. Bezlər Avropada 30 ildən çoxdur ki, istifadə olunur. Hər hansı bir fəsad üzə çıxmayıbsa, deməli, bezlərin bu kimi problemləri yaratma faizi ya yoxdur, ya da yox dərəcəsindədir. Bezlərin yaratdığı mühim problem bişmələrdir, gec dəyişdirildiyi halda dəri səpkiləri və qaşınmalardı, keyfiyyətli bez seçilmədikdə dərinin soyulmasıdır. Bez istifadə edən valideynlər bunlara diqqət etməlidir".

Pediatr deyir ki, valideynlər bez xatirinə bez almamalı, körpəyə geyim seçirmişcəsinə diqqətli olmalıdırlar. Alınan bezi isə istifadə etdikdə ən gec 4 saatdan bir dəyişdirilməlidir. Gigiyenik qaydalara əməl edən valideynlər bezin hər hansı bir təhlükə yaradacağından qorxmamalıdır: "Günün 24 saatı bez istifadə etmək körpəyə zülm etməkdir. Ən azından gün ərzində 1 və ya 2 dəfə bezsiz geyindirərək körpə dərisinə rahatlıq vermək lazımdır. Bez alarkən mütləq bağlı bezlərdən alınmalı, oğlan və ya qız uşaqları üçün istehsal olunan bezlərə diqqət etməli, hər bez dəyişdiriləndə körpə mütləq yuyulmalıdır. Su əvəzinə nəm salfetlərdən istifadə də bir müddət sonra dərinin qıcıqlanmasına səbəb olacaq. Yalnız gigiyenik sertifikatı olan keyfiyyətli bezlər alınmalıdır. Keyfiyyətsiz bezlər dəri zədələnməsinə səbəb olur".

Həmsöhbətimizin sözlərinə görə, qənaət etmək məqsədilə uşağı eyni bezdə uzun zaman saxlanılsa, körpədə dermatit əmələ gələ bilər. Amma bəzi uşaqlarda keyfiyyətli bezlərdən istifadə edildikdə belə dermatit müşahidə olunur. Uşağın dərisi bezin hazırlandığı materiala reaksiya verir. Bu zaman bezlərdən istifadə qadağandır. Amma belə uşaqların sayı çox azdır. Bezlərdən istifadə qaydasına düzgün əməl etmədikdə uşaq üçün problemlər yaranır, nəinki daimi bez istifadə etdikdə sonsuzluq və ya digər problemlər.

Bez seçərkən körpənizin neçə aylıq olması yox, çəkisi əhəmiyyətlidir. Çəkisinin altında, ya da üstündə olması, bezin sızdırması və körpəni narahat etməsi deməkdir. Körpələr fərqlidir. Hər körpə eyni ayda olsa belə eyni çəkidə olmaz. Doğum çəkiləri belə fərqlidir. Buna görə körpənin çəkisinə uyğun bezləri seçilməlidir. Bez paketinin üstündə mütləq hansı çəkidə olan körpə üçün istifadə edilməli olduğu göstərilir.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.