Sağlamlıq

Dövlət xəstəxanalarında seksopatoloji kabinetlər ləğv edildi

15 Aprel 2014 14:28
2 Şərh     Baxış: 2 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

25 illik stajı olan təbibdən şikayət: "Doğrudanmı bizə həkim-seksopatoloqlar lazım deyil?!"

Seksual problemlərlə bağlı dövlət xəstəxanalarındakı həkimə müraciət edənlər artıq bu imkanı itirmiş sayılırlar.

Belə ki, Azərbaycandakı dövlət xəstəxana və klinikalarında seksopatoloji kabinetlər ləğv edilib.

Modern.az saytının araşdırması zamanı məlum olub ki, səhiyyə naziri Oqtay Şirəliyev bu haqda hələ 2009-cu ildə əmr veribmiş. Əmr verilməsinə baxmayaraq, bu yaxınlaradək bəzi tibb ocaqlarında həkim-seksopatoloq ştatları və seksopatoloji kabinetlər fəaliyyət göstərib. Amma artıq belə kabinetlərin hamısı bağlanıb. İndi yalnız özəl klinikalara seksopatoloji kabinetlər fəaliyyət göstərir.

Tanınmış həkim-seksopatoloq Xudaverdi Əliyev Modern.az saytına açıqlamasında bundan şikayətlənib.

"Seksopatoloji xəstəliklər əvvəlki illərlə müqayisədə çox cavanlaşıb. Bu gün həkimə müraciət edən xəstələr arasında gənclər çoxluq təşkil edir. Təbii ki, xəstələr vaxtında həkimə müraciət etmədikləri üçün bir müddət keçdikdən sonra ciddi problemlərlə qarşılaşırlar. Bunun bir səbəbi mental xüsusiyyətlə bağlıdır. Yəni insanlar seksopatoloqa müraciət etməkdən utanırlar. Ancaq onlar bilməlidir ki, müalicənin ləngiməsi xəstəliyin xroniki hala keçməsi ilə nəticələnir, nəticədə orqanizmdə müxtəlif fəsadlara yol açılır. Ağır seksual problemləri olan posientlərdə, nikahda olan cütlüklərdə yaranan dishormoniyalı xəstələrə göstərilən köməklik, təəssüflər ki, dayana bilər. Çünki bu gün seksopatologiya sahəsinin öz adı altında fəaliyyət göstərməsinə qadağa qoyulub", - deyə həkim-seksopatoloq qeyd edir.

X.Əliyevin sözlərinə görə, dövlət xəstəxana və klinikalarında seksopatoloji kabinetlərin ləğvi ucbatından pasiyentlər seksopatoloqun yanına deyil, terapevtin yanına getməlidirlər.

"1989-cu ilin avqustundan səhiyyə nazirinin əmri ilə Bakı şəhərinin ən böyük xəstəxana və poliklinikalarında seksopatoloji kabinetlər təşkil olunub. Həmin vaxtdan 7 nömrəli şəhər poliklinikasında həkim-seksopatoloq vəzifəsinə təyin olunmuşam. Çünki Tibb Universitetini bitirdikdən sonra Sankt-Peterburqda bu sahə üzrə ixtisasartırma kursları keçmişəm. Amma 2009-cu ildə səhiyyə nazirinin 119 saylı əmrinə əsasən həkim-seksopatoloq ştatı ləğv olunub və o, terapevt ştatı ilə əvəzlənib. Bu günə qədər öz ixtisası üzrə işləyən bir həkimin, 25 ildən sonra terapevt kimi fəaliyyət göstərməsi nə dərəcədə düzgündür, bunu başa düşə bilmirəm. Üstəlik, axı həkim-seksopatoloqlar onsuz da seksopatoloji problemlərin terapiyası ilə məşğul olur. Baxın, bu gün apteklərdə yüzlərlə adda seksopatoloji preparatlar satılır. Amma bu dərmanları xəstələrə terapevtlər deyil, həkim-seksopatoloqlar təyin etməlidirlər".

Həkim-seksopatoloqun fikrincə, sahənin adının dəyişdirilməsi xəstələrin düzgün qərar çıxarmasında problemlər yaradır.

"İnsan xəstəliklə bağlı hansı həkimə müraciət edəcəyini bilmir. Təsəvvür edin də, seksopatoloji problemlə seksopatoloqun yanına gələn xəstəyə deyirlər ki, get özünü terapevtə göstər. Yəni ilk addımda göründüyü kimi, xəstə problemlə qarşılaşır".

X. Əliyev problemin dərhal çözülməsinin vacibliyini vurğulayır: "Düzdür, mən hələ də həkim-seksopatoloq kimi fəaliyyət göstərirəm. Çünki bu, ixtisasımdır. Amma hələ 2009-cu ildə məsələyə ciddi etirazımı bildirmişəm. Həmin vaxt məni poliklinikanın kadrlar şöbəsindən çağırıb dedilər ki, narahat olmağa dəyməz, sən onsuz da seksopatoloji kabinetdə terapevt vəzifəsində həkim-seksopatoloq ixtisası üzrə işləyəcəksən. Əmək kitabçamda da belə yazılıb. Lakin bir müddət sonra işlədiyim 7 saylı poliklinika təmirə bağlandı. 2014-cü ildə, yəni təmirdən sonra məlum oldu ki, həkim-seksopatoloq ştatı ləğv olunaraq terapevt ştatı ilə əvəzlənib. Mənim üçün çox maraqlıdır, görəsən, bu ştatın ləğv olunması ölkəmizdə seksopatoloji xəstəliklərin və həmin xəstəliklə əlaqədar yaranan ailə problemlərinin qarşısını ala biləcəkmi?!"

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.