Sərgilər

Bakıda 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi keçiriləcək

15 Sentyabr 2016 14:48
Baxış: 3 594

Bakıda 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi keçiriləcək.

ITECA-dan Milli.Az-a verilən məlumata görə,19-21 sentyabr tarixlarində Bakı Ekspo Mərkəzində ölkədə kosmetika sənayesinin aparıcı tədbiri sayılan Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb "Beauty Azerbaijan" sərgisi keçiriləcək.

"Beauty Azerbaijan" sərgisi keçirildiyi on il ərzində gözəllik sənayesinin peşəkarlarını və bu sektorun məhsul və xidmət istehlakçılarını hər il bir arada toplayan peşəkar foruma çevrilib. Keçirildiyi illər ərzində sərgidə ümumilikdə 250 şirkət iştirak edib ki, bu şirkətlər arasında da salon biznesinin müxtəlif istiqamətləri üzrə yerli və xarici istehsalçı və distribyutorlar yer almışdır. Bu müəssisələrin əksəriyyəti sərgidə faydalı əlaqələr qurub, gələcək tərəfdaşlarla görüşüb, müştəri bazasını genişləndirib və hazırda bazarda uğurla fəaliyyət göstərir.

Bu il yubiley sərgidə Azərbaycan, Almaniya, İtaliya, Koreya, Rusiya və Ukrayna kimi ümumilikdə 11 ölkəni təmsil edən 35 şirkət bir arada toplanacaq. Bu şirkətlər peşəkar kosmetologiya məhsulları, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetologiya aparatları və bir sıra digər məhsulları təqdim edirlər. Həmçinin, bu il İtaliyanın kosmetologiya şirkətləri böyük qrup şəklində sərgidə iştirak edir. Builki sərginin yenilikləri arasında Almaniyadan salon ləvazimatları, Yaponiya və Koreyadan Asiya kosmetikası və digər məhsullar var. İlk dəfə olaraq, "Beauty Azerbaijan" sərgisində Taylandı təmsil edən şirkətlər də təmsil olunacaq. Bu şirkətlər dekorativ kosmetika, saç və dırnaqlara qulluq vasitələri, eləcə də SPA məhsulları ilə ziyarətçilərin diqqətini cəlb edəcək. Şirkətlərin stendlərində təqdimat və "master-klas"ların (ustad dərslərinin) keçirilməsi də planlaşdırılır. "Beauty Azerbaijan" sərgisi haqqında bütün məlumatları tədbirin rəsmi veb-saytından (www.beauty.iteca.az) əldə etmək olar.

Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası (ASA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində Iteca Caspian və onun Böyük Britaniyalı tərəfdaşı ITE Group şirkətləri çıxış edirlər.

2016-cı ildə Iteca Caspian şirkətinin rəsmi tərəfdaşları qismində "SafeLife" (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və "Premier Tour" (rəsmi turoperator) şirkətləri, "Sheraton Hotel" və "Qafqaz Point Hotel" mehmanxanaları (rəsmi otellər), eləcə də "AzExpoMontage" (rəsmi montajçı) şirkəti çıxış edirlər.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.