Sərgilər

Bakıda keçirilən sərgilərdə müxtəlif dünya ölkələrinin mütəxəssisləri ilə görüş

24 Avqust 2016 15:56
0 Şərh     Baxış: 3 169

Sərgi və konfrans tədbirlərinin peşəkar operatoru - "Caspian Event Organisers" şirkəti 2016-cı ilin sonuna qədər bir sıra beynəlxalq sərgi keçirməyi planlaşdırır. Bu tədbirlər arasında 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi "ADEX 2016", 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil Sərgisi "Education", 10-cu Yubiley Azərbaycan Beynəlxalq Karyera Sərgisi "Career", 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi "Caspian Ecology" və 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı "Bakutel" ("Iteca Caspian" şirkəti ilə birlikdə) sərgiləri yer alır. Bütün sərgilər Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi ilə təşkil olunur. Bir sıra layihələr isə beynəlxalq ittifaq və sənaye assosiasiyalarının dəstəyi ilə keçiriləcək.

Bundan başqa, bu il "Caspian Event Organisers" şirkəti hər il Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən (Avropa İttifaqına üzv olan 20 ölkənin Bakıdakı səfirlikləri ilə birlikdə) keçirilən "EuroVillage 2016" tədbirinin təşkilatçısı qismində çıxış edir. "EuroVillage 2016" festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səfərlər, milli rəqs və karaoke, feys-art, şahmat yarışı, kulinariya şousu, sehrbazın ifasında möcüzəli çıxış və s. tədbirlər təşkil olunacaq. Festival "SƏS" (Azərbaycan) layihəsi iştirakçılarının, eləcə də Avropadan xüsusi olaraq dəvət olunmuş ulduz müğənninin ifasında möhtəşəm konsert proqramı ilə yekunlaşacaq. Bu il "EuroVillage 2016" festivalı ziyarətçiləri oktyabr ayının 1-də Dənizkənarı Milli Parkda qəbul edəcək.

"CEO" şirkəti 27-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi "ADEX 2016" ilə payız sərgi mövsümünün açılışını edəcək. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilati dəstəyi ilə biz müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin möhtəşəm nümayişinin şahidi olacağıq. Sərgi artıq ikinci dəfə dünyadakı ən son nailiyyətlərin və yerli məhsulların nəhəng hərbi paradına çevriləcək. Dünyanın 30 ölkəsini təmsil edən 150-dən artıq şirkət "ADEX 2016" sərgisində iştirakını təsdiqləyib. 8 ölkənin milli qrupları sərgidə öz ekspozisiyalarını nümayiş etdirəcək. Sərgi ilk üç gün ərzində yalnız sənaye peşəkarlarını, beynəlxalq nümayəndələri və KİV təmsilçilərini qəbul edəcək. "ADEX 2016" sərgisinin qapıları sonuncu iş günündə (30 sentyabr) bütün ziyarətçilər üçün açıq olacaqdır.

Oktyabr ayının 7-də 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil "Education" və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Karyera "Career" sərgiləri start götürəcək. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan bu sərgilər keçirildiyi illər ərzində Xəzər regionunda lider mövqe qazanaraq bu sahə üzrə ən genişmiqyaslı tədbirlərə çevrilib. Təhsil "Education" sərgisi bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və "MBA" proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə, təlim, eləcə də bu il ilk dəfə olaraq məktəbəqədər təhsil proqramlarını ziyarətçilərin diqqətinə çatdıracaq. 10-cu Yubiley Azərbaycan Beynəlxalq Karyera "Career" sərgisi ölkədə dəyərli kadrlara artan tələbat tendensiyasını əks etdirir. "Karyera" sərgisinin iştirakçıları arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Gilan Holding", SOCAR və digər şirkətlər yer alır.

16-18 noyabr tarixində isə estafeti 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit "Caspian Ecology" sərgisi götürəcək. Ənənəvi olaraq, sərgi mövsümü 29 noyabr - 2 dekabr tarixində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı "Bakutel" sərgi və konfransı ilə yekunlaşacaq.

Beləliklə, Azərbaycanın Respublikasının paytaxtını müvafiq sənaye sahələrinin peşəkarları üçün etibarlı tərəfdaşlarla görüşmək və biznesdə yeni istiqamətlər kəşf etmək, eləcə də sənayedəki innovasiyalar haqqında məlumat toplamağa imkan yaradan ixtisaslaşmış sərgilərdən ibarət dolğun sərgi mövsümü gözləyir. Azərbaycanda keçirilən sərgilərin üstünlüyü (xaricdəki analoji tədbirlər müqayisədə) tədbirlərə girişin pulsuz olmasıdır. Sərgiləri ziyarət etmək istəyən şəxslər metronun "Koroğlu" stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə pulsuz hərəkət edən rahat avtobuslardan istifadə edə biləcəklər. Bütün sərgilər barədə daha ətraflı məlumatı şirkətin www.ceo.az veb-saytından, eləcə də sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.

#CaspianEventOrganisers

#CEOEvents

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.