Sərgilər

2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək

8 Avqust 2016 17:20
Baxış: 11 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

27-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin möhtəşəm nümayişi - "ADEX 2016" 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək. Müxtəlif ölkələri təmsil edən iri müdafiə müəssisələrinin nümayəndələri, o cümlədən ixtiraçı və mütəxəssislər üçün unikal dialoq platforması olan "ADEX" sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradacaq. Yaxın və uzaq xarici ölkələrdən onlarla rəsmi nümayəndə heyətinin ziyarət etdiyi bu sərginin ən mühüm cəhəti ölkə rəhbərliyi tərəfindən göstərilən dövlət dəstəyidir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "ADEX 2014" sərgisinin iştirakçılarına müraciətində vurğulamışdır ki: "İnanıram ki, bu sərgidə aparılacaq səmərəli görüşlər və işgüzar danışıqlar qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək, mövcud müasir texnologiyalar bazarının ədalətli rəqabət meydanına çevrilməsində xüsusi rol oynayacaqdır".

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və "Caspian Event Organisers" "CEO" şirkəti "ADEX" sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.

Beynəlxalq nümayəndə heyətləri, habelə xarici şirkətlər tərəfindən "ADEX 2014" sərgisinə göstərilən böyük maraq Azərbaycanın regionda həm strateji tərəfdaş, həm də etibarlı münasibətlərin simvolu kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir. Milli.Az bildirir ki, tədbirə müşahidə olunan böyük marağı nəzərə alaraq 2016-cı ildə sərginin iş müddətini 4 günə qədər uzadıblar. Artıq 150-dən çox şirkət "ADEX 2016" sərgisində iştirak edəcəyini təsdiqləmişdir. İsrail, Çin, Pakistan, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak üçün ekspozisiya meydançalarını rezervasiya etmişlər. 2016-cı ildə sərgidə iştirak edəcəyini təsdiqləmiş şirkətlər arasında "Aselsan", "CETC", "Damen", "MBDA", "Norinco", "IAI", "Roketsan", "Rosoboronexport", "Thales" və digər şirkətlər yer alır. Sərginin qeydiyyat sponsoru Türkiyə Müdafiə Sənayesi Katibliyidir.

Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərirlər. Belə ki, sərginin informasiya dəstəyi aparıcı ixtisaslaşmış jurnallar, veb-saytlar və informasiya agentlikləri tərəfindən təmin olunur. Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın "IHS Jane's Defence Weekly" dərgisi, Rəsmi Gündəlik "Onlayn" Sərgi Xəbərləri isə Belçikanın "Army Recognition" saytıdır. "Azeri Defence" jurnalı sərginin informasiya tərəfdaşı qismində çıxış edir.

Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonunu ölkənin milli müdafiə kompleksini təqdim edəcək. Burada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcəkdir. Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi planlaşdırılır: quru qoşunları və hərbi hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı.

Bu sərgi layihəsinin özəl xüsusiyyətlərindən biri, mühafizə və müdafiə vasitələri, xilasetmə, mühafizə texnikası, sənaye və nəqliyyat təhlükəsizliyi sistemləri, eləcə də informasiya və rabitənin mühafizəsi, müasir yanğın təhlükəsizliyi vasitələri üzrə geniş məhsul spektrinin vahid konsepsiya çərçivəsində tammiqyaslı nümayişidir.

Sərgini dolğun işgüzar proqram müşayiət edəcək. Bura seminar və təqdimatlarla yanaşı, sənaye təyinatlı nazirliklər, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlər daxildir. Beləliklə, "ADEX 2016" sərgi ən son silah növlərinin nümayiş etdirilməsi və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əla platformaya çevriləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.