Sərgilər

Bakıda Beynəlxalq "Turizm və Səyahətlər" sərgisi keçirilir

7 Aprel 2016 19:00
Baxış: 5 204

Bu gün Bakıda regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" (AITF-2016) sərgisi başlayıb.

Aprelin 9-dək davam edəcək sərginin təşkilatçıları qismində "Iteca Caspian" və onun britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər.

Milli.Az xəbər verir ki, Trend-in məlumatına görə, sərginin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin əhəmiyyətindən danışıb. O bildirib ki, keçirildiyi illər ərzində AITF sərgisi bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilərək bu sənaye sahəsinin qovşağı statusunu qazanıb.

Son illər ölkəmizin turizm sahəsində qazandığı uğurlardan söz açan nazir deyib ki, hazırda Azərbaycan bu sahənin inkişafına görə 140 ölkə arasında 36-cı yerdədir: "Ölkəmizdə qeyri-neft sektorunun əsas prioritetlərindən biri olaraq inkişaf edən turizm sahəsinin uğurları ilbəil daha da genişlənir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə obyekti fəaliyyət göstərir. Son illər ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb".

ITE Group-un icraçı direktoru Edvard Stroon bildirib ki, üç gün davam edəcək sərgidə 29 ölkədən 300-dən çox şirkət iştirak edir. Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro, Çexiya və Ukrayna öz ölkələrinin turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədilə sərgidə milli pavilyonlarla çıxış edəcəklər: "Bu ölkələrdən bir çoxu ilk dəfədir ki, sərgiyə qoşulub. Sərgidə səyahətlər, turizm ilə yanaşı, stendlərdə tibbi turizm və Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran-prisi barədə maraqlı məlumat veriləcək. Həmçinin ilk dəfə olaraq İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin keramika, zərgərlik, batika kimi əl işləri nümayiş olunur".

E.Stroon deyib ki, yaz sərgi mövsümünün ilk tədbiri olan AITF sərgisinin iştirakçıları arasında turizm şirkətləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, Hotel şəbəkələri, xaricdə daşınmaz əmlak agentlikləri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və SPA mərkəzləri, o cümlədən idman və ekoloji turizm obyektləri yer alıb.

Sərgidə ilk dəfə olaraq BakI Ekspo Mərkəzində AITF-2016 sərgisi çərçivəsində eksponentlərə sərginin işgüzar və yaradıcı ab-havasından maksimum faydalanmağa imkan yaradan "workshop" təşkil olunacaq. Eksponentlər "workshop" çərçivəsində vasitəçilər olmadan, birbaşa danışıqlar aparmaq, işgüzar əlaqələr qurmaq imkanlarından yararlana biləcəklər.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.