Sərgilər

22-ci Azərbaycan Beynəlxalq "Qida sənayesi" sərgisi keçiriləcək

29 Mart 2016 17:08
Baxış: 8 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19-21 may 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq "Qida sənayesi" "WorldFood Azerbaijan 2016" sərgisi keçiriləcək. Milli.Az bildirir ki, keçirildiyi illər ərzində sərgi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olmuşdur. Qida sənayesinin inkişafına təkan verən "WorldFood Azerbaijan" sərgisi bu sənaye sahəsinin peşəkarları üçün nəzərdə tutulub. Həmçinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi uzun illərdir ki, "WorldFood Azerbaijan" sərgisinə yaxından dəstək göstərir. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian" və "ITE Group" şirkətləri çıxış edirlər.

Hər il keçirilən "WorldFood Azerbaijan" sərgisində həm yerli, həm də beynəlxalq ərzaq məhsulları bazarının aparıcı istehsalçı, distribyutor və təchizatçıları iştirak edəcəklər. Belə ki, bu il sərgidə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus, Çexiya, Qazaxıstan, Hindistan, İspaniya, İtaliya, Litva, Rusiya, Türkiyə, Ukrayna, və digər ölkələri təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir.

Sərginin bölmələrində konservləşdirilmiş məhsullarla yanaşı, süd məhsulları, baqqaliyyə məmulatları, şirniyyat, soyutma sistemləri, içkilər və bir sıra digər məhsullar təqdim olunacaq. Həmçinin, bu ilki sərgidə ölkə bazarında ilk dəfə təmsil olunan meyvə və tərəvəz çeşidini geniş təmsil edəcək Azərbaycan şirkətləri iştirak edəcəklər.

Həmişə olduğu kimi, bu il də "WorldFood Azerbaijan" sərgisi qida sənayesi sahəsində mövcud olan təmayüllər və bu sahənin əsas inkişaf problemlərinin müzakirəsi ilə yanaşı, yeni məhsul və texnologiyaların təqdimatı üçün unikal platformaya çevriləcək. Sərgi çərçivəsində ilk dəfə olaraq qida məhsulları təchizatçılarının ticarət şəbəkələri və distribyutorlarla ikitərəfli görüşləri həyata keçiriləcəkdir. Bu cür ikitərəfli B2B görüşlər, istehsal şirkətlərinin rəhbərləri və pərakəndə satış nümayəndələri arasında şəxsi işgüzar əlaqələrin qurulmasına və ikitərəfli müqavilələrin imzalanmasına mühüm imkanlar yaradacaqdır.

Həmin tarixdə keçirilməsi planlaşdırılan Xəzər Beynəlxalq "Qablaşdırma, Tara, Etiket və Poliqrafiya" Ipack Caspian 2016 sərgisində müxtəlif sənaye sahələri üçün qablar, qablaşdırma materialları, tara və hazır qablaşdırmaların istehsal və tərtibatı üçün avadanlıqlar təqdim olunacaq.

Məlum olduğu kimi, Azərbaycanın iqtisadi potensialının artırılması və ixrac strukturunun diversifikasiyası üzrə tapşırığın həll edilməsi məqsədi ilə kənd təsərrüfatı və qida sənayelərinə böyük diqqət göstərilir. Hər il şirkətlərin "WorldFood Azerbaijan" sərgisində təqdim etdikləri yeni texnologiyalar və təcrübə mübadiləsi yüksək keyfiyyətli ixrac məhsullarının istehsalı üçün mühüm şərtdir. Keçirildiyi illər ərzində sərgi mütəxəssislərin ənənəvi görüşləri, eləcə də avadanlıq, məhsul və qida sənayesi üzrə xidmətlərin nümayiş etdirilməsi baxımından etibarlı platforma olduğunu doğrultmaqla yanaşı, yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradır.

"WorldFood Azerbaijan 2015" sərgisi üzrə STATİSTİK göstəricilər:

İştirakçıların 82%-i sərginin nəticələri əsasında yeni müqavilələr imzalamağı planlaşdırır.

İştirakçı şirkətlərin 64%-i yeni işgüzar əlaqələrin qurulması baxımımdan uğur qazanıb.

Peşəkar ziyarətçilərin 93%-i gələn il "WorldFood Azerbaijan" sərgisini mütləq ziyarət edəcək.

Səid Məmmədov, "AzProtein Foods Group" (Azərbaycan) şirkətinin Baş meneceri

"Biz sərgidə böyük həvəslə iştirak edirik. Bu sərginin sənaye üçün daşıdığı əhəmiyyəti layiqincə qiymətləndirməmək mümkün deyil.

Həmçinin, bu sərgidə iştirakımız istehlakçıların şirkətimizin fəaliyyətinə və istehsal etdiyi məhsullara olan marağını daha da artıraraq yeni tərəfdaşlarla işgüzar əlaqələr qurmağımıza imkan yaradacaq".

Yelena Lavrinoviç, "Qluboksk süd-konserv kombinatı" (Belarus) ASC-nin aparıcı mütəxəssisi

""WorldFood Azerbaijan" sərgisində debütümüz məlumat toplamaqda və işgüzar əlaqələrin qurulmasında maraqlı olan Azərbaycanın potensial alıcıları ilə birbaşa ünsiyyət baxımından əla imkandır. Biz məhz burada rəqabət mühitini qiymətləndirərək yerli bazardakı təmayülləri müşahidə edə və öz imkanlarımızı dəyərləndirə bilərik".

Serkan Altintel, "Frigo Mekanik" (Türkiyə) şirkətinin layihə üzrə satış direktoru

"Şirkətimiz bizim üçün Azərbaycan bazarı kimi prioritet olan Azərbaycan beynəlxalq "Qida sənayesi" sərgisində dəfələrlə iştirak etmişdir. Biz artıq Azərbaycanda təxminən 40-a yaxın sistemi istismara vermişik və bazardakı mövqeyimizi gələcəkdə də genişləndirmək niyyətindəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.