Sərgilər

Bakı sərgilərə hazırlaşır

21 Avqust 2014 19:03
Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
25-27 sentyabr 2014-cü il tarixində Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Səhiyyə "BIHE" sərgisi keçiriləcək.

Xatırladaq ki, bu il "BIHE" sərgisi öz möhtəşəm yubileyini - uğurlu fəaliyyətinin 20 illiyini qeyd edir.

Milli.Az xəbər verir ki, Sərginin Təşkilat komitəsindən Trend-ə verilən məlumata görə, regionda səhiyyə və tibb sahəsində yeganə ixtisaslaşdırılmış tədbir olan "BIHE" sərgisi bu illər ərzində tibb sənayesinin mütəxəssisləri, həkimlər, klinika rəhbərləri, tibbi təyinatlı məmulat və avadanlıqların istehsalçıları, eləcə də dövlət təşkilatlarının nümayəndələri üçün mühüm görüş yerinə çevrilib. Fəaliyyət göstərdiyi 20 il ərzində sərgidə dünyanın 45 ölkəsindən 2000-dən çox şirkət iştirak edib və sərgidə iştirakın nəticəsi olaraq, şirkətlər arasında müqavilələr imzalanıb, birgə müəssisələr yaradılıb və bazara müasir texnologiya və yeni məhsullar daxil olub. "BIHE" sərgisinin Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə dəstəyi ilə keçirməsi sərginin yüksək statusunu təsdiqləyir.

"BIHE 2014" sərgisində Azərbaycan, ABŞ, Almaniya, Belarus, Böyük Britaniya, İtaliya, İsveçrə, Rusiya, Ukrayna, Türkiyə, Çin və s. ölkələrdən şirkətlər iştirak edəcək. Ənənəvi olaraq, "BIHE" sərgisində tibbi məhsul və xidmətlərin geniş çeşidi - tibbi və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, birdəfəlik istifadə materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnoloji müalicə və diaqnostika metodları, tibbi texnika və s. nümayiş etdiriləcək. Sərgi "Tibbi Turizm" sektorunu fəal surətdə inkişaf etdirir və artıq ardıcıl olaraq ikinci ildir ki, beynəlxalq klinikalar - Ümumdünya Tibbi Turizm Assosiasiyası ("Global Healthcare Travel Council") və Türkiyə Tibbi Turizm Assosiasiyasının ("Turkish Healthcare Travel Council") dəstəyi ilə bu sektorda iştirak edirlər. Sərgi çərçivəsində sağlamlaşdırıcı istirahət sənayesinin mütəxəssisləri məhsuldar əlaqələr quraraq aparıcı klinikalarla əməkdaşlıq münasibətləri yarada biləcəklər.

Sentyabrın 26-da "BIHE 2014" sərgisinin işgüzar proqramı çərçivəsində ilk dəfə "Mamalıq ginekologiya və neonatoloqiya sahəsində müasir diaqnostika və müalicə metodları" adlı konfrans keçiriləcək.

"BIHE" sərgisi ilə paralel keçirilən 8-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb "Beauty Azərbaijan 2014" sərgisində kosmetika bazarının lideri olan peşəkar şirkətlər gözəllik salonları, SPA mərkəzləri və fitnes-klublarda geniş istifadə edilən məhsul və texnologiyaları təqdim edəcəklər. "Beauty Azərbaijan 2014" sərgisində Azərbaycan, BƏƏ, Bəhreyn, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər dövlətlərdən olan şirkətlər öz məhsullarını təqdim edəcəklər. Ayrı-ayrı bölmələrdə nümayiş olunacaq ekspozisiyalar isə peşəkar kosmetika, bədənə qulluq, aromaterapiya, gözəlik salonları üçün avadanlıqlar, dırnağa qulluq materialları, müalicəvi kosmetika, ətriyyat, saç üçün peşəkar məhsullar, bərbərxana alətləri, aksessuarlar, birdəfəlik istifadə materialları və bir çox digər məhsulları əhatə edəcək. Saçlara forma verilməsi, manikür və dəriyə qulluq prosedurları üzrə aparıcı sahə mütəxəssislərinin iştirakı ilə keçirilən ustad dərsləri ("master-klasslar") və nümayişlər zamanı istehlakçılar təqdim olunan məhsullarla bilavasitə istifadə əsnasında tanış ola biləcəklər.

Sərginin təşkilatçıları "Iteca Caspian" və onun britaniyalı tərəfdaşı - "ITE Group Plc" şirkətləridir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.