Elm

21-ci əsr insanı kimə və nəyə borcludur?

30 Aprel 2016 12:56
3 Şərh     Baxış: 5 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Alı Afşar yazır... 

Şumerlərin gil lövhə üzərindəki mixi yazısı, Misirdə yaşayan çiptilərin papirus vərəqlərdəki yazıları, zərdüştlərin inək dərisinə yazdıqları sirli yazıları, Göytürklərin Orxon-Yenisey daş kitabələri hamısı XXI əsr insanı üçün çox qəribə gələ bilər. Bəs, görəsən, müasir dönəmdə bütün texnoloji imkanlara sahib olan 21-ci əsr insanı əldə etdiyi biliyə, bacarığa və inkişafa görə kimlərə, nələrə borclu bolduğunu bilirmi? Hər halda bilməsi gərəkli və zəruridir.

Bəs bu inkişaf dövründə insanı nə formalaşdırdı? İnsan inkişafı hansı tarixi dövrlərdən keçdi?

Ümumiyyətlə, insan cəmiyyətinin formalaşma proseslərinə ictimai formasiyalara görə nəzər yetirilsə, insan təfəkkürünün, idrakının inkişaf dinamikasını da apaydın görmək mükün olar. İlk ibtidai insanlar baş verən təbiət hadisələri qarşısında aciz qalaraq dünyanın dərkinin yerdə deyil, göylərdə olduğunu düşünərək bəsit dini təsəvvürləri meydana gətirdilər. Yəni ilkin dini təsəvvürlər ibtidai insanların təbii hadisələrin dərk edilməsində aciz olan sadə təfəkkürlərində formalaşan gözəgörünməz, fövqəladə qüvvələrin qüdrətindən doğmuşdur. Bir sözlə, insan təbiət qanunlarının izahsızlığı qarşısında dinə, mifologiyaya tapınmışdır. Mifologiya isə dünya, insan haqqında fantastik görüşlər sistemidir. Bütün bunlara baxmayaraq, ilk dini təsəvvürlərdə Yaradan (Tanrı, Allah) haqqında təsəvvürlər çox aydın və anlaşılan formada təsvir edilmişdir. 

Lakin zaman-zaman təbiət hadisələrinin başvermə periodikliyinin, təbii nizamlanmanın, qanunauyğunluğun olduğunu görən, duyan təfəkkürlü insanlar meydana gəldi və onların sayəsində dini düçüncələrlə yanaşı əsaslı ibtidai elmi mülahizələr də irəli sürdülər. Maldarlığın və əkinçiliyin meydana gəlməsindən sonra isə insanla təbiət arasında təmas daha da artdı. Artıq dini düşüncələr insanlara məhsuldarlığın artırılması, yaşamaq baxımından kömək etmədiyindən, insanlar praktik olaraq təbiəti özünə istinadən öyrənməyə başladılar. Əsasən də, astronomiya elminin yaranması ilə təbiət hadisələrinin dövriliyi müəyyənləşərək günlər, aylar, fəsillər və bunun da əsasında il müəyyən edildi. 

Bu baxımdan da demək olar ki, elmin yaranması da dinin yaranışı ilə eyni dövrə təsadüf etmişdir. Ta qədimdən insanlar yaşadığı ətraf aləmlə, təbii varlıqlarla kəskin mübarizə şəraitində bilik qazanaraq onu elmə çevirdiyindən, hər bir dövrün insanı öz əcdadlarından fərqli beyin inkişafına malik olaraq gələcək üçün daha mükəmməl elmi təməl atırdı. Cəmiyyətin tələbatı ilə yazının meydana gəlməsi isə möcud bilikləri daha da möhkəmləndirdi. Elmi kəşflər daş üzərinə, papirusa, gön-dəri üzərinə, nəhayət ki kağızlara yazılaraq kitabələrə və kitablara çevirildi. Elmin vətəni qədim Cənubi Qafqaz, qədim Şumer, qədim Misir sayılsa da, qısa müddətdə elm kitablar vasitəsilə sərhədləri aşaraq Babilə, Yunanıstana, Romaya yayıldı. Miletli Fales, Heraklit, Platon, Demokrit, Aristotel, Arximed kimi qüdrətli filosoflar yarandı. 

Herakliti isə dövrünün ən mütərəqqi fikir və ideya müəllifi kimi qəbul edirlər. O, "dünya vahiddir, heç bir Allah və heç bir insan tərfindən yaradılmayıb, olub, var və həmişəlik olacaq, qanunauyğun olaraq alovlanacaq və qanunauyğun olaraq sönəcək" deyərək öz sələflərinin fkirlərinin fövqündə dayanaraq, xələfləri üçün yeni ideyanın əsasını qoydu. Bu ideya əsasında onlarcə alim və filosof yertişdi, yüzlərlə əsərlər yazıldı. Lakin mürtəce dini qüvvələr dünyəvi düşüncəli təfəkkürlərin inkişafına köklü surətdə mane olaraq, bəşəriyyəti indiki inkişaf zirvəsindən yüz dəfələrlə geri saldı. Təbii ki, bu əngəllərə baxmayaraq, filosoflar, alimlər öz təlimlərini və ideyalarını, əsərlərini kitablara yazaraq gələcəyə ötürə bilmişdilər. Hətta o dövrdə qədim Yunanıstanda müasir akademiya və universitetlərin əsası kimi qəbul edilən "Platon akademiyası", "Aristotel liseyi" kimi fəlsəfə məktəbləri açıldı. Bu məktəblərin sayəsində elm daha da inkişaf etdiridi.

Demokritin "atom təlimi" də antik dövr üçün öz zamanını çox-çox qabaqlamış nəzəriyyə idi. Bu ideya ilə bağlı onlarca kitablar yazıldı, alimlər yetişdi. Məhz bu ideyalardan bəhrələnən filosoflardan biri də Aristotel idi. O, idealist müəllimi Platonla daim fikir haçalanmasında olaraq, materialist düşüncə baxışlarını inkişaf etdirmişdi. Aristotel qısa müddətdə bir neçə elmin əsasını işləyib ortaya qoymuşdur ki, bunlardan da ən önəmlisi fizika elmi idi. Hətta indi də müasir fizikada Aristotelin maraqlı və aktual fikirlərdən istifadə edirlər. "Metafizika" adlı əsərində isə o, müxtəlif elm sahələrinin tarixi haqqında dərin bilgilər vermişdir. Tam məsuliyyət hissi ilə demək olar ki, Aristotel antik dövr alimləri içərisində insan təfəkkürünün və fikrinin inkişafında müqayisəsiz bir filosof olmuşdur. Lakin Makedoniyalı İsgəndərin ölümündən sonra Aristotelin bəşəriyyətin öyrənilməsinə yönəlik ideya və fikirlərini alt-üst edib onu Evbey adasına sürgün etdilər. O, elmi mühitdən uzaq salınmasına dözməyərək, eradan əvvəl 322-ci ildə vəfat edir.

Aristoteldən sonra onun ideyalarını davam etdirəcək alimlər yetişsə də, dahi alimin ideyalarını mükəmməl inkişaf etdirmək e.ə. 287-ci ildə Siciliyada anadan olmuş Arximedə müəssər oldu. Aristotelin "Fizika" və digər əsərindən mükəmmməl bəhrələnən Arximed əsasən praktik elmlərin fundamental inkişafına nail olmuşdur. Onun inşaat sahəsində, meliorasiya sahəsindəki kəşfləri ilə böyük mədəni inqilablar baş vermişdir. Fundamental əsərlər yazan Arximed tədqiqatlarında, əsasən, həndəsə və fizikanı sintez edərək riyazi-fizika elminin təməlini qoymuşdur. Metafizik düşüncənin banisi Aristotelin dediyi "Təbiət üçün daha çox aşkar. Bizim üçün az aşkar" fikrini Arximed inkişaf etdirərək öz əsərlərində təbiətin sirlərini təbiətə istinadən açmışdır. Ling prinsipi və ağırlıq mərkəzi nəzəriyyəsinin banisi olan Arximed daha irəli gedərək "Mənə dayaq nöqtəsi verin, Yer kürəsini çevirim" deyərək, həm də Yerin fəzada kürə şəklində olmasını isbatlamışdır. Həmin dövrlərdə isə insan təfəkküründə Yerin öküzün buynuzunda, balığın belində dayanması kimi mifoloji və dini düşüncələr hakim idi.

Bundan başqa Arximedin yazdığı "Üzən cisimlər" əsərində həyatın bütün sahələri üçün vacib problemlər şərh edilmişdir. Məlum "evrika" deyimi də bu məşhur alimə aiddir. Ömrü boyu müharibə əleyhinə olsa da, yaşadığı ömürdə bir neçə müharibə görmüşdü. Hətta onun icad etdiyi qurğular müharibədə düşmənə qarşı tətbiq edilsə də, o, bunun əleyhinə olmuşdur. E.ə. 212-ci ildə müharibənin qurbanına çevrilən elm aşiqi Arximed onu öldürən əsgərə "mənim əsərlərimə toxunma" deyərək müraciət etmişdir.

Lakin Avropada, xüsusən də Yunanıstanda və Romada quldarlıq quruluşunun dağılması və feodalizmə keçid dönəmində insan cəmiyyətlərində böyük dağıdıcı proseslər baş verdi. Şəhər mədəniyyətləri feodalların təhkimli kəndlilər üzərində hakimliyi nəticəsində kənd çərçivələrində əhatələndi. Beləliklə, elm və texnologiyanın inkişafı uzun onilliklər, bəzən də yüzilliklər uzunu dayanmalı oldu. Belə ki, feodalizmin yaranmasından sonra təhsil, elm, incəsənət kilsənin əlinə keçdiyindən cəmiyyətdə ruhani həyat, siyasətdə isə dini qüvvələr hakim oldu. Lakin Şərqdə feodalizmə keçid prosesi Avropadakına nisbətən daha sürətli və uğurlu oldu. Təməlini Şərqdən almış, Avropada formalaşmış elm yenidən Şərqə ayaq açdı. Həmin dönəmdə Şərq olduqca varlı və kültür baxımından inkişaf etmiş geniş bir coğrafiyanı əhatə edirdi. Yeni dinin - İslam dininin yaranması ilə Şərqdə yeni mədəniyyət meydana gəldi. Fikir və düşüncələr dəyişildiyindən, sanki hər şey sıfırdan, yenidən başlayırdı. Sürətli şəhərsalma proseslərinə və hərbi, texnoloji yeniliklərə başlanıldı. Belə şəraitdə isə elmə, təhsilə böyük ehtiyac duyulurdu. Xüsusən də Ərəb xilafətinin paytaxtı Bağdad şəhərinə dünyanın dörd bir yanından alimlər, filosoflar dəvət edilərək burada məktəblər, mədrəsələr yaratdılar. Bu alimlərin və elmi tərəqqinin sayəsində bölgədə və dünyada İslam dininə məhəbbət, hörmət durmadan artırdı. Beləlklə, elmin yenidən Şərq intibahı başladı.

Şirniyyat, ədviyyat, ətir, daş-qaş ticarəti ilə şöhrət qazanmış Şərqdə birdən-birə riyaziyyat, astronomiya, tibb, coğrafiya, kimya, fizika kimi elmlər mükəmməl inkişaf etməyə başladı. Maarifçiliyi ilə Şərqdə ad-san qazanan xəlifə Əl-Məmun riyaziyyatın inkişafına xüsusi diqqət və qayğı göstərdiyindən hesab və cəbrin müəllifi olan Əl-Xarəzmi kimi məşhur riyaziyyatçı alim də Şərqdə yetişdi. Hərbi yürüşlər zamanı qənimət olaraq əldə edilən kitablar, qurğular oxunmaq və tədqiq edilmək üçün Bağdada göndərildi. Demokritin, Aristotelin, Ptolemeyin, Arximedin əsərləri ərəb dilinə tərcümə edilərək məktəb və mədrəsələrdə dövrün ən bacarıqlı filosofları tərəfindən tədris edilirdi.

Həmin dönəmdə özünün inkişafının bütün sahələrində uğurlar qazanmış Bizans İmperiyası ilə də sıx mədəni və iqtisadi əlaqələr qurulduğundan, elm, təhsil və sənətkarlıq daha sürətlə inkişaf etdi. Hətta ərəblərə qədər Cənubi Qafqaz ölkələri alimlərinin təbiət elmlərinin inkişafında əldə etdikləri elmi nailiyyətlər əsasında yazılmış kitablar da tərcümə edildi. Bütün mövcud elmlərin nəzəri əsasları öyrənildikdən sonra elmin praktik imkanları öyrənilməyə başladı. Yəni ərblər ilk dəfə olaraq elmi təcrübi olaraq tətbiq etməyə başladılar. Əslən türk olduğu iddia edilən X əsrin ünlü alimlərindən Əbu Reyhan əl-Biruni maddələrin xüsusi çəkisinin müəyyən edilməsini öyrənən "konik cihaz" icad etdi. Demokritin atom təlimindən, Aristotelin materiya haqqındakı ideyasından, Arximedin hidrostatika elmindən qidalanaraq özünün "Metallar və qiymətli daş-qaş arasında müəyyən həcmdə münasibət haqqında" əsərini yazan Biruni ilk dəfə olaraq göstərdi ki, maddələrin xüsusi çəkisi temperatur, təzyiq və kənar təsirlərdən asılıdır. Bundan başqa Biruni astronomiya və coğrafiya ilə də məşğul olmuşdur. O, meyl bucağının dəqiq qiymətini müəyyən etdikdən sonra, Yerin radiusunu hesablayaraq 6490 km olduğunu (müasir hesablamalardan azacıq fərqli) göstərmişdir. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, elmə böyük yeniliklər bəxş etmiş bu dahi şəxsiyyətin də ömrünün son illəri əsir düşdükdən sonra məhrumiyyət və ehtiyaclar içində keçən Biruni 1048-ci ildə vəfat etmişdir.

Biruni ilə çox yaxın dostluq və elmi əməkdaşlıq münasibətləri olan, 980-ci ildə Buxarada doğulmuş, soy-kök etibarilə türk olan İbn Sina elmə "materialist meyllərlə teoloji-idealist prinsipləri uzlaşdıran" filosof kimi tövhə verdi. Aristotel ideyalarının təbliğatçısı və müdafiəçisi olan İbn Sina, həmçinin məşhur həkim, dövlət xadimi, diplomat kimi də böyük şöhrət qazanmışdır. Varlığın hüdudsuz olduğunu göstərən filosof, məntiqin təfəkkürü formalaşdıran elm olduğunu özünün "Danışnamə" əsərində mükəmməl bilgilərlə vermişdir. İbn Sinanın yaşadığı dövr İslam dininin qüdrətli dövrünə düşsə də, əsərlərində dinin təsiri, xurafatçılıq görüntüləri olmayan, əksinə dünyəvilik prinsiplərinin materialist baxışları hiss edilən az alimlərdəndir. Dövrümüzə kimi gəlib çıxan 250 əsərin müəllifi və Bəhmənyar kimi şagirdi olan, Əl-Fərabinin fəlsəfi fikrini inkişaf etdirən filosof İbn Sina 1037-ci ildə Həmədanda vəfat etmişdir.

Əl-Xarəzmi, Əl-Fərabi, Biruni, İbn Sina kimi dahilərlə başlayaraq, Əl-Xəzan, Bəhmənyar, Şeyx Nizami, Şihabəddin Sührəvari, Nəsrəddin Tusi kimi elm insanları, irfan dahiləri ilə davam etdirilərək formalaşan Şərq elmi, Şərq kültürü, Şərq əxlaqı İslam dininin qüdrətlənməsinə, geniş coğrafiyada sərbəst yayılmasına böyük töhfələr vermişdir. Ümumiyyətlə, tam mübaliğəsiz olaraq söyləmək olar ki, bu dövr dinin elmə, elmin də dinə maneəsiz bağlılığı, paralelliyi, inkişafa aparan ortaq yolun müəyyən edilməsi dövrü olmuşdur. Həmin dövrdə Şərq elmi və mədəniyyəti Avropanı mədəniyyət və elmi baxımdan çox geridə qoyaraq X əsrdə ərəblər tərəfindən Kordova Universiteti təşkil edilmişdi. Dünyəvi elmlər burada sistemli şəkildə ali dərəcədə öyrədilməyə başladı. Kitab nəşr edən qurğular icad edildi və minlərlə kitab çap olunub, dünyanın dörd bir yanına yayıldı. Məhz buna görə də cəsarətlə demək olar ki, əsl İslam, əsl din, əsl elm, əsl qüdrət də bu dövrdə olub. Belə ki, monqol işğalı zamanı Şərqdə təssərrüfat həyatı məhv edildiyindən elmə, mədəniyyətə də ağır zərbələr vurulmuşdur. Lakin 1259-cu ildə böyük türk filosofu Nəsrəddin Tusinin birbaşa rəhbərliyi və təşkilatçılığı ilə Marağada dövrün ən böyük rəsədxanası tikildi. Bu rəsədxananın tikintisi ilə elmdə və cəmiyyətdə böyük canlanma müşahidə edildi. Yenidən dünyəvi elmlər heç bir kənar təzyiq olmadan təbiətin özünə istinadən öyrənilirdi. Din alimləri də İslam dininin müqəddəs kitabı "Quran"la bağlı olan tədqiqatlar apararaq, hikmət və təsəvvüf fəlsəfəsinin inkişafını şaxələndirərək "Qurana" təfsirlər yazırdılar. Bir sözlə, İbn Sinanın fəlsəfi ideyasında olduğu kimi materialist düçüncə ilə idealist prinsiplər, sanki, uzlaşma yaratmışdır.

Çox təəssüf ki, tarixin bu uğurlu gedişi uzun sürmədi. Avropada formalaşan hərbi müstəmləkəçi dövlətlər Şərq mədəniyyətinə, Şərq əxlaqına qısqanclıqla yanaşaraq, Şərq sərvətlərinə sahib olmaq üçün Şərqə Səlib yürüşləri təşkil etdilər. İlk vaxtlar dünyəvi düşüncələrə malik, ilahi qüdrətlərə sığınan Şərq millətlərini məğlub etməyin qeyri-mümkünlüyü ortaya çıxdı. Buna görə də Avropada İslam dininin təriqətlərə bölünərək parçalanmasına və milli qarşıdurmaların qızışdırılmasına yönəlik planlar hazırlanmağa başlandı. Bu işdə xristian missionerlərinin xidmətləri böyük oldu. Məğlubiyyətlə barışmalı olan Şərq torpaqları Qərbin müstəmləkəsinə çevrildi. Əsrlər boyunca formalaşmış qüdrətli elm və din əlaqələri, bağlılıqları söndürüldü. Hərbi istilalar zamanı Şərqin maddi və mənəvi mədəniyyət nümunələri talan edilərək Qərbə - kilsələrə daşındı. Yüzminlərlə qədim, qiymətli, nadir əlyazmalar, elmi tutumlu əsərlər yazılmış minlərlə kitablar məhv edildi, bəziləri isə Avropaya aparıldı. Beləliklə, yüzillər boyunca Şərqdə formalaşan elm, mədəniyyət, təhsil Qərb ruhaniləri tərəfindən, xristian missonerlərinin sayəsində məhv edildi.

Kilsə hakimiyyəti sistemində idarə edilən Avropa dövlətlərində elm, dünyəvi düşüncə, astronomik tədqiqatlar intibah dövrünə qədər din xadimləri tərəfindən boğularaq saxlanmışdır. Din bütün dünyəvi və məntiqi düşüncələrin əleyhinə qərarlar verirdi. Lakin bunlara baxmayaraq elm böyük çətinliklərə rəğmən tərəqqidə idi. Avropanın ən nüfuzlu, əsilzadə soylarından olan ruhanilərin, dindar tacirlərin övladları monastrlarda təhsil alaraq kilsələrdə rahibliyə cəlb edilirdilər. Lakin onlar kilsənin fondunda, arxivində, zirzəmilərində saxlanılan "lazımsız" əsərlərlə tanış olduqdan sonra təfəkkürlərində 180 dərəcə dəyişiklik baş verirdi. Onların əksəriyyəti qalan ömürlərini yalançı ideologiyalara sadiq olub, mənasız dini ayinləri icra etməkdən boyun qaçıraraq öz zümrələrinə, öz imtiyazlarına qarşı çıxdılar. Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin də kilsə xadimi olsa da, adı elmdə əbədi yaşadı.

Ən ağır, dözülməz, rüsvayedici cəzalara baxmayaraq, kilsədə gizlədilən yasaq əsərləri oxuyan, dərk edən rahibləri, alimləri heç bir halda dayandırmaq mümkün olmurdu.

Polşanın Frombork şəhərindəki kilsədə keşiş işləyən, Krakov tacirinin oğlu, riyaziyyat, astronomiya, hüquq, tibb və fəlsəfə elmindən xəbərdar olan, hərtərəfli alim Nikolay Kopernik dünyəvi elmi baxışlarına görə din xadimləri və siyasət insanları tərəfindən daim təzyiqlər və təsirlər içərisində yaşayıb. 1530-cu illərdə "Səma cismlərinin fırlanması" adlı çoxcildlik əsərlərini yazdığına görə din xadmlərinin lənətinə tuş gəlsə də, gələcək elmi inkişafa təkan verdi. Onun bu ideyası yeni-yeni dahilərin, filosofların yetişməsinə, parlamasına səbəb oldu.

Kopernikin əsərləri ilə yaxından tanış olan, Neapoldakı kilsədə rahib olan Cordano Bruno 1584-cü ildə "Kainatın və dünyanın sonsuzluğu" adlı əsərini yazır. Mürtəce din xadimləri mütərəqqi fikirlərinə görə Brunodan tövbə etməsini, yazdıqlarının yalan olduğunu etiraf etməsini tələb etmişdilər. Bu tələblə razılaşmayan Bruno odda yandırılmaqla cəzalandırıldı. Dinin elm üzərində hakim olduğu bir vaxtda Bruno kimi alimlər fiziki məhv edilsə də, onların ideya davamçıları dayanmadan yetişməkdə idi. Eyni zamanda cəmiyyətdə də dini üsul idarəyə qarşı etirazlar da olduğundan hər iki tərəfin mübarizəsi və mücadiləsi ən yüksək zirvəyədək qalxırdı.

Din xadimlərinin Brunonu əziyyət və işgəncələrlə öz fikrindən döndərmək istədikləri bir vaxtda monastr məktəbində təhsil almış dünyaca məşhur olacaq astronom Kepler yetişməkdə idi. Kepler özündən öncəki dahilərdən bəhrələnərək akademiya təhsili alaraq elm dünyasında məşhur astronom kimi yetişdi. İdeya müəllimi Bruno kimi kainatın sonsuzluğunu təsdiq edən əsərlər yazır. 1619-cu ildə çap olunan "Dünya harmoniyası" adlı əsəri onun ehtiyaclar içində boğulan həyatını daha da ağırlaşdırdı və ölümünə səbəb olan xəstəliklərə səbəb oldu.

Lakin bütün dini təzyiqlərə, məhrumiyyətlərə, cəzalara baxmayaraq, elm Qaliley, Nyuton, Hüygens, Paskal, Maksvel, Amper, Om, Bor, Lomonosov, Rezerfort, Eynşteyn kimi dahi alimlər yetişdirdi. Elm bu övladlarının sayəsində insan təfəkkürünü kainatın dərkində sadə, klassik mexanikadan relyatvistik mexanikaya, buradan isə kvant mexanikasına qədər məşəqqətli yol keçərək gətirdi. İnsanlar bu alimlərin sayəsində dünyanı "ovuclarına" ala bildilər. Müasir alimlər bir vaxtlar qadağan olunan elmi işlərlə məşğul olub Nobel mükafatı alırlar. Məhz buna görə də 21-ci əsr insanı nələrə və kimlərə borclu olduğunu mütləq və mütləq bilməlidir. Bir də göründüyü kimi bəşəriyyətin xilası elmdə və onun keşiyində dayanan ləyaqətli alimlərindədir...

Dünyanın dərkində, dərkdən kənarların kəşfində böyük xidmətləri olan, bəşəriyyətin inkişafını sıfırdan zirvəyə qaldıran dahi filosofların, alimlərin ruhları qarşısında bütün dünya sakinləri adından baş əyirəm...

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.