Cəmiyyət

Mikayıl Cabbarov: "Bakı məktəblərinin göstəriciləri regionlardan yüksəkdir"

11 Sentyabr 2014 18:30
0 Şərh     Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bakıda yerləşən məktəblərin akademik göstəriciləri respublikanın orta göstəricilərindən xeyli yüksəkdir". Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında deyib.

Onun sözlərinə görə, sınaq qiymətləndirilməsinin Bakıda yerləşən məktəblərdə keçirilməsi xüsusi məqsəd daşıyıb: "Sirr deyil ki, ümumrespublika göstəricilərini götürəndə, Bakıda yerləşən məktəblər lokomotiv funksiyasını yerinə yetirir və onların akademik göstəriciləri respublikanın orta göstəricilərindən xeyli yüksəkdir".

Nazir əlavə edib ki, buraxılış imtahanlarının mərkəzləşmiş qaydada tətbiq olunma prosesinə start veriləndən sonra "ana dili" və "riyaziyyat" üzrə müvəffəq qiymət almış şagirdlərin sayı getdikcə artır: "Lakin bu, bizi qane edən səviyyədə deyil. Hesab edirəm ki, bu göstəricilər daha ürəkaçan olmalıdır".

Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev bildirib ki, Bakının əksər məktəblərində müəllimlərin dərs bölgüsü elektron formada aparılacaq: "Sınaq qiymətləndirilməsinin nəticələrinə və müəllimlərin peşəkarlığına əsasən, dərs bölgüsü proqramı hazırlanıb. Bu tədris ilində 20 pilot məktəbdə həmin proqram əsasında müəllimlərin dərs bölgüsü elektron qaydada aparılacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.