Cəmiyyət

Kaspi Təhsil Mərkəzi yeni layihələri təqdim edib

11 Aprel 2014 14:18
Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Kaspi Təhsil Mərkəzinin Təhsildə müasir texnologiyalar - Perspektivlər mövzusunda tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbirdə Mərkəzin təhsildə innovativ texnologiyaların səmərəli istifadəsi ilə əlaqəli yeni layihələri təqdim olunub.

Son 3 ildə elektron təhsil sahəsində bir sıra layihələr həyata keçirmiş Kaspi Təhsil Mərkəzi bu layihələrin davamı kimi Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycanda və ölkədən kənarda yaşayan 5-10 yaşlı uşaqların əlifba və ana dilindəki ilkin anlayışları öyrənmələri üçün "Əlifbanı öyrənirəm" layihəsini hazırlayıb. İnteraktiv oyun şəklində hazırlanan bu layihə uşaqların əlifbanı səsli və şəkilli öyrənmələrini nəzərdə tutur və onların ana dilini öyrənmə prosesini daha asan və əyləncəli edir. Oyun haqqında www.anadili.az saytından daha ətraflı məlumat əldə etmək olar. İstifadəsi sadə və rahat olan bu oyun valideynlərə uşaqlarının öyrənmə prosesini izləmək imkanı da verir. Bundan əlavə, balacalar saytın şeirlər bölməsində bir sıra uşaq şeirlərini səsli dinləyə bilərlər.

Kaspi Təhsil Mərkəzi abituriyent hazırlığında da yenilik edərək onlayn imtahan sistemi olan "Kaspi Test"i (www.kaspitest.com) istifadəyə verib. Sistemin məqsədi Mərkəzin təşkil etdiyi sınaq imtahanlarının onlayn qaydada keçirilməsi, istifadəçilərin yer və məkandan asılı olmayaraq həmin imtahanlarda iştirak etməsidir.Bu sistem istifadəçilər üçün çox rahat olub imtahana müxtəlif cihazlardan (personal kompüter, noutbuk və ya planşetdən) daxil olma imkanı verir. İstifadəçilər imtahandan dərhal sonra nəticələrini görə və təhlil edə, eləcə də keçmiş imtahan nəticələrinə baxa bilərlər. İstifadəyə verildiyi qısa müddət ərzində böyük marağa səbəb olan "Kaspi Test" imtahan sistemində respublikamızın 45 şəhərindən olan istifadəçilər qeydiyyatdan keçib.
Kaspi Təhsil Mərkəzindəki öyrənmə proseslərini idarə etmək üçün Öyrənmənin İdarəolunması Sistemi - "Kaspi LMS (Learning Management System)" yaradılıb. Bu sistemin məqsədi müasir texnologiyaları səmərəli istifadə edərək təhsil müəssisəsindəki öyrənmə, ölçmə və qiymətləndirmə, mesajlaşma, hesabat, nəzarət və digər prosesləri çevikvə mərkəzləşdirilmiş qaydada idarə etməkdir. 4 istifadəçi qrupu (tələbə, müəllim, valideyn, təşkilat idarəçisi) olan sistemə istənilən cihazdan, o cümlədən də mobil telefonlardan daxil olmaq olar. Bu da tələbələrəistənilən yerdən ev tapşırıqlarını yerinə yetirməyə, imtahanları verməyə və dərslərlə əlaqəli digər materialları əldə etməyə imkan verir. Müəllimə isə onlayn qaydada dərs materiallarını, ev tapşırılarını və imtahanları yerləşdirməyə və qiymətləndirməyə şarait yaradır. Valideynlər də həm işdən, həm də evdən övladlarının dərs öyrənmə prosesinə və davamiyyətinə rahatlıqla nəzarət edir və asanlıqla müəllim və Mərkəzlə əlaqə qurur.

Bütün bu proseslər Mərkəz rəhbərliyi tərəfindən daim nəzarət və idarə olunur, müxtəlif hesabatlara uyğun çevik qərarlar qəbul edilir. Hazırda sistemdə ingilis dilini öyrənənlər üçün interaktiv dərslər də mövcuddur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.