Cəmiyyət

Azərbaycanda pullu təhsil ləğv olunmur - AÇIQLAMA

23 Dekabr 2013 14:59
Baxış: 3 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Savadsız müəllim heç vaxt savadlı qrupa dərs deməyə getməyə razı olmaz"

Təhsil Nazirliyin Elm, ali və orta təhsil şöbəsinin müdir müavini Yaqub Piriyevin "Qafqazinfo"ya müsahibəsi:

- Ödənişli təhsil üzrə tələbə qəbulu planının ləğv olunması ilə bağlı cəmiyyətdə müəyyən fikir ayrılıqları yaranıb. Bu məsələni bir daha izah etmənizi istərdim.

- Azərbaycan təhsilinin inkişafı ilə bağlı Dövlət Strategiyasına müvafiq olaraq ölkənin siyasi və iqtisadi inkişafının real tələblərini nəzərə almaqla yüksək ixtisaslı kadr hazırlığını təmin etmək məqsədilə təhsil sistemində dövlət sifarişinin formalaşdırılımasına yenidən baxılması, ali və orta ixtisas məktəblərində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi nəzərdə tutulub. Ödənişli əsaslarla tələbə qəbulu üzrə planın ləğv edilməsi ilə əlaqədar ali təhsil müəssisələri qəbul planını istədiyi qədər deyil, kadr hazırlığını təmin etmək imkanını nəzərə alınmaqla müəyyənləşdirir. Başqa sözlə, ödənişli təhsil ləğv olunmur, ödəniş fakt olaraq inkişaf etmiş ölkələrdə olduğu kimi ali məktəblərdə qalacaq.

- Ödənişli planın ləğv edilməsi nəyə xidmət edəcək?

- Ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsinə imkan yaradır ki, bu da öz növbəsində təhsil müəssisələrinin maliyyə imkanlarını artıracaq. Yəni ödənişli təhsil üzrə qəbul planında tələbə sayının artırılması hesabına onların maliyyə imkanları yaxşılaşacaq. Bu da ali təhsil müəssisələrinin maddi-texniki, tədris laboratoriya bazasının möhkəmləndirilməsinə, müasirləşdirilməsinə, genişləndirilməsinə imkan yaradacaq. Professor-müəllim heyətinin fərdi xüsusiyyətləri nəzərə alınmaqla onların əmək haqları differensiallaşdırılacaq. Başqa sözlə, keyfiyyətli təhsil stimullaşdırılacaq və müəllimlərin maddi durumu yaxşılaşacaq. Lakin bütün bunlar onu deməyə əsas vermir ki, ali məktəblər ödənişli əsaslarla istədiyi sayda tələbə qəbul edə biləcək.

- Bəs bu proses necə həyata keçiriləcək?

- Ödənişli təhsil üzrə ali məktəblərə qəbul planı əsasən onların maddi-texniki bazası,tədris laboratoriyası və elmi-pedaqoji kadr potensialı ilə müəyyənləşdiriləcək. Belə ki, ali təhsil müəssisələri üçün müəyyən olunmuş müəllim-tələbə nisbəti norması onun müvafiq imkanlarına uyğun olmalıdır. Bizim ali təhsil müəssisələrində bu normalar 1:8-1:10-dır, yəni bir müəllimə 8-10 tələbə düşür. Avropa ölkələrində isə bu norma 1:15, Türkiyənin ən inkişaf etmiş universitetlərində isə bu rəqəm 1:15, 1:20 nisbətindədir. Bizdə elə ali təhsil müəssisələri var ki, orada müəllim tələbə nisbəti daha az, yəni 1:1,5 - 1:2-yə təşkil edir. Ali təhsil müəssisələrində yeni maliyələşmə mexanizminin tətbiqi imkan yaradır ki, universitetlər müasir dövrün tələblərinə uyğun inkişaf etmək üçün özləri vəsait qazansınlar.

- Bu zaman tələbə qəbulu üçün hansısa limit müəyyənləşdiriləcəkmi?

- İxtisas seçimi tələbənin özü tərəfindən aparılacaq və ödənişli təhsil üzrə qəbul üçün müəyyən minimum bal müəyyənləşdiriləcək. Burada ali məktəblər yuxarıda qeyd etdiyim şərtləri də mütləq nəzərə almalıdırlar.

- Müəllim tələbə nisbətindən başqa, universitetlərin maliyyə bazasının yaxşılaşması üçün hansı vasitələr tapılmalıdır?

- Ali məktəblərin maliyyə imkanlarının artırılmasını yalnız ödənişli tələbələr hesabına deyil, müasir iqtisadiyyatın inkişafına yönəlmiş və təhsil Strategiyasında qeyd olunmuş istiqamətlərə uyğun müxtəlif maliyyə mənbələrini axtarmalıdırlar. Yəni, müasir dövrdə universitetlərin inkişafı yalnız tələbənin ödədiyi pul əsasında olmamalıdır. Ali təhsil müəssisələri elmi potensialın iqtisadiyyatın müxtəlif sahələrinə tətbiq oluna biləcək real nəticələrə malik elmi tədqiqat və təsərrüfat hesablı işlər hesabına, müxtəlif qrantlar və birgə beynəlxalq layihələrdə iştirak etməklə əlavə vəsait əldə etməlidir. Xaricdə elə təhsil müəssisələri var ki, onların maliyyələşməsinin yalnız 18-20 faizi ödənişli təhsil alan tələbələrin hesabınadır. Qalan maliyyə vəsaiti isə təhsilin inkişafı üçün yaradılmış xüsusi məqsədli fondlar hesabına əldə edilir.

- Azərbaycanda da belə fondlar yaradılması nəzərdə tutulurmu?

- Strategiyada büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun və məqsədli kapital fondlarının yaradılması nəzərdə tutulub.

- Müəllimlərin əmək haqları hansı meyarlara əsasən hesablanacaq?

- Strategiyada müəllimlərin əmək haqlarının diferensiallaşdırılması nəzərdə tutulub. Başqa sözlə, müəllim innovativ, savadlı, bacarıqlı və kreativ düşüncəyə malik olmalıdır. Müəllimlərin əmək haqqının differensiallaşdırılması onun tədris, elmi metodiki və elmi tədqiqat işləri nəzərə alınmaqla olmalıdır. Müəllimlər öz bilik və bacarıqlarını daim yüksəltməli və fəaliyyətini dövrün tələblərinə müvafiq qurmalıdır.

- Ödənişli təhsil üzrə tələbə qəbulu planı ləğv edildikdən sonra, prosesə nəzarət necə həyata keçiriləcək?

- Respublikada təhsil siyasətini aparan və formalaşdıran mərkəzi orqan kimi Təhsil Nazirliyi tərəfindən bu prosesə nəzarət olunacaq.

- Belə olan halda abituriyent universiteti hansı xüsusiyyətlərinə əsasən seçməlidir?

- Hazırda abituriyent tərəfindən Azərbaycanın ali təhsil müəssisəsinin seçilməsi prinsipi əmək bazarında rəqabətə davamlığı təmin etmə və işlə təmin olunma imkanıdır. İxtisas seçimində abituriyentlər əsasən ölkədə daha çox inkişaf etmiş sahələr üzrə işlə təmin olunma imkanını və perspektivini, yəni əmək bazarının mövcud tələblərini nəzərə alırlar.

- Strategiyanın nə vaxt həyata keçməsi planlaşdırılır?

- Hal-hazırda Strategiyanın həyata keçirilməsi ilə bağlı geniş fəaliyyət planı hazırlanır və artıq təhsilin inkişafı üzrə bir sıra müddəaların həyata keçirilməsinə başlanılıb.

- Növbəti tədris ilində universitetlərdə "SABAH" qruplarının yaradılması nəzərdə tutulur. Bu qrupların yaradılmasında məqsəd nədir?

- Cənab nazir müəllimlərin XIV qurultayında çıxış edərkən bu qruplar haqqında danışdı. Bu qruplar növbəti tədris ilindən başlayaraq yaradılacaq. Savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplar formalaşdırılacaq. Bunlar da ali təhsil müəssisələrində təhsil mühitini tamamilə dəyişəcək. Tələbələr I kursu bitirdikdən sonra II kursdan etibarən bu qrupa daxil ola biləcəklər. Qrupların yaradılmasında məqsəd savadlı kadrların hazırlanmasıdır.

- Qrupa tələbələr necə seçiləcək?

- Bura qəbul olan tələbələr tədris, təlim, dünyagörüşü üzrə yüksək göstəricilərinə malik olmalıdır. Seçim yəqin ki, iki turdan ibarət olacaq. Yazılı imtahan və müsahibə turları nəzərdə tutulur. Deyə bilərəm ki, bu qrupların yaradılması tədrisin keyfiyyətinin yüksəlməsinə və yüksək səviyyəli kadr hazırlığına birmənalı şəkildə öz müsbət təsirini göstərəcək.

- "SABAH" qrupunda təhsil alacaq tələbənin universiteti bitirdikdə hansısa imtiyazları ola bilərmi?

- Onların tədris planları mövcud standartın tələbləri nəzərə alınmaqla müəyyən qədər fərqli ola bilər. Xarici dil bilmək tələbi zəruri şərt kimi qoyulacaq. Çünki müasir dövrdə dünyaya sürətlə inteqrasiya edən ölkəmizin əmək bazarında işləmək üçün çox vaxt xarici dili bilmək tələb olunur. Bu qrupun tələbələrinin aldığı təqaüd də fərqli ola bilər. Həmçinin gələcəkdə onlar iş yeri ilə təmin olunacaq. Bu gün əmək bazarında iş yerləri həddindən artıq çoxdur. Lakin nəzərə almaq lazımdır ki, əmək bazarı tərəfindən müasir kadrlara qoyulan ciddi tələblərlə ali təhsil müəssisələrindəki təhsilin səviyyəsi adekvat olmalıdır. Bu baxımdan "SABAH" qruplarının tələbələri həmin tələblərə cavab verəcək. Bir məsələni də qeyd edim ki, bu qruplar yalnız paytaxt ali məktəblərində deyil, ölkənin müxtəlif bölgələrindəki ali məktəblərdə də yaradılacaq.

-"Sabah" qruplarına dərs deyən müəllimlərin seçimi hansı yolla aparılmalıdır?

- Respublikanın bütün ali məktəblərində savadlı, səriştəli, təcrübəli müəllimlərimiz var. Bu qruplarda dərs deyəcək müəllimlər onlardan seçiləcək. Bu müəllimlərin əmək haqqı digərlərdən fərqlənəcək və diferensiallaşdırılacaq. Başqa sözlə, onların fəaliyyəti və əməyi stimullaşdırılacaq ki, bu da onların motivasiyasını artıracaq. Burada bir məqamı da vurğulamaq istəyirəm. Düşünürəm ki, savadsız müəllim heç vaxt savadlı qrupa dərs deməyə getməyə razı olmaz, çünki savadlı tələbələrin tələbləri də ciddi olur.

- "Sabah" qruplarının harada yaradılması nəzərdə tutulur?

- "SABAH" qrupları ixtisas qruplarına görə elmi-pedaqoji, maddi-texniki bazası yaxşı olan universitetlərdə yaradılacaq.

- Bu qrupların yaradılması prosesində şəffaflığa nəzarət necə təmin olunacaq?

- Strategiyanın əsas istiqamətlərindən biri şəffaflıqdır. Yəqin ki, bu prosesdə də şəffaflıq birinci amil olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.