İqtisadiyyat

Günəbaxan tumu alarkən nələrə diqqət edilməlidir?

29 Aprel 2017 19:36
1 Şərh     Baxış: 1 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günəbaxan tumu istehlakçılar tərəfindən geniş istifadə edilən qida məhsuludur. Ondan insanlar tərəfindən çərəz, yeyinti sənayesində xammal kimi, toxumlarından isə təbabətdə istifadə edilir. Günəbaxan tumunun istehlakı zamanı onun hansı əlamətlərinə diqqət edilməsi alıcıları düşündürən məsələlərindəndir. Əksər hallarda istehlak edilən günəbaxan tumunun keyfiyyəti, onun saxlanma şəraiti və müddəti istehlakçılar tərəfindən nəzərə alınmır. Əslində isə bu kimi amillər onun keyfiyyətinə mənfi təsir göstərir.

Milli.Az bildirir ki, İqtisadiyyat Nazirliyi günəbaxan tumu alarkən hər bir istehlakçının bilməli olduğu bəzi məlumatları diqqətə çatdırır.

Günəbaxan tumunun tərkibində çoxlu miqdarda fosfor, kalium, ftor, natrium, yod, zülal, əvəzolunmayan amin turşuları və s. mövcuddur. O həmçinin ürək əzələlərinin və bağırsaqların normal işləməsi, xolesterinin səviyyəsinin aşağı salınması, ateroskleroz və qaraciyər xəstəliklərinin profilaktikası üçün bir sıra vitaminlərlə zəngindir. Bundan başqa, onun tərkibində saçların sağlamlığı, sümüklərin möhkəmliyi, infarkt və insultun əmələ qəlməsi təhlükəsinin azaldılması, eləcə də baş ağrılarının qarşısının alınması üçün vacib olan, onkoloji xəstəlikərin profilaktikası, qalxanvarı vəzin normal işləməsi, dərinin elastikliyini təmin edən mikroelementlər vardır. Günəbaxan tumu depressiyadan çıxmaq və stressdən azad olmaq üçün də yaxşı vasitə hesab olunur.

Digər tərəfdən günəbaxan tumundan normadan artıq istifadə artıq çəki, dişlərin zədələnməsi və s. kimi problemlərə də yol aça bilər. Əsasən qovrulmuş günəbaxan tumu artıq çəki yaradır. Bu səbəbdən çiy tum yemək daha xeyirli hesab olunur. Bir sözlə düzgün və qədərində yeyildikdə faydalı bir qida maddəsi kimi çox xeyirlidir.

İstehlak bazarda müxtəlif şirkətlər tərəfində istehsal edilmiş geniş çeşiddə günəbaxan tumları satılır. Onlar əsasən istehlakçılara qabığı təmizlənmiş və qabıqlı, govrulmuş və ya çiy halda təklif olunur. Günəbaxan tumları yüksək temperaturda qovrulma zamanı öz faydalı xüsusiyyətlərini itirir. Ona görə də qovrulmuş tumlar mövcud standartın tələblərinə uyğun olaraq, sanitariya norma və qaydalarına riayət etməklə, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimatlar üzrə hazırlanmalıdır. Sənaye üsulu ilə emal edilib və qablaşdırılmış günəbaxan tumunu alıb istifadə etmək daha məqsədəuyğundur.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə qovrulmuş günəbaxan tumunun xarici görünüşü təmiz, bütöv, mövcud botaniki sorta məxsus rəngə və formaya malik, duz əlavə edilməklə və ya duzsuz olur. Dadı və iyi isə mövcud adda qovrulmuş tuma xas olmalıdır. Duzla qovrulmuş tumların dadı lazımi duzluqda olmalıdır. Kənar tam və iylərin olmasına, ziyanvericilərlə yoluxmaya yol verilmir.

Yararsız - mexaniki zədəsi olan, ləpəsi yanıq, acı, içi boş tumların kütlə payı, ən çoxu 1.5 faiz ola bilər. Qovrulmuş tumların tərkibində toksiki elementlərin, mikotoksinlərin, pestisidlərin və radionuklidlərin miqdarı yol verilən hədlərdən yüksək olmamalıdır.

Qovrulmuş tumlar xalis 40 qramdan 500 qramadək olmaqla aidiyyəti səlahiyyətli qurumlar tərəfindən istifadəsinə icazə verilən polimer və ya kombinə edilmiş materiallardan hazırlanan paketlərə qablaşdırılır. Qablaşdırılmış tum etiketlənməli və üzərində istehsalçının adı, ünvanı və əmtəə nişanı (olduqda), məhsulun adı, çəkisi, istehsal tarixi, saxlama müddəti, qida və enerji dəyəri, sertifikatlaşdırma haqqında məlumat, standartın işarəsi və s. məlumatlar qeyd olunmalıdır. Markalanma respublikanın dövlət dilində olmalıdır. Həmçinin qablaşdırma zamanı istifadə olunan materialların və xammalın da uyğunluq sertifikatları olmalıdır.

Daşınma və saxlama zamanı da bir sıra tələblərə əməl edilməlidir. Belə ki, içərisində zəhərli və kəskin iyli yüklər daşınmış nəqliyyat vasitələrindən istifadə edilməklə, həmçinin spesifik iyə malik məhsullarla birlikdə günəbaxan tumunun daşınmasına və saxlanmasına yol verilmir. Qovrulmuş tumlar quru, təmiz, kənar iylərsiz, yaxşı ventilyasiya edilən, ziyanvericilərlə yoluxmamış, havasının nisbi rütubəti 75 faizdən artıq olmayan yerlərdə saxlanılmalıdır. Qovrulmuş tumların istehsal olunduğu gündən etibarən saxlanma müddəti ən çoxu 6 aydır.

Günəbaxan tumu alarkən hər bir istehlakçı ilk öncə onun istehsal tarixinə, yararlılıq müddətinə və tərkibinə diqqət yetirməlidir. Qablaşdırılmamış tum alarkən ehtiyatlı olmaq lazımdır. Belə ki, bir qayda olaraq, bu tumlar satıldığı taraların üzərində məhsul haqqında heç bir məlumat əks olunmur. İstehlakçılar bu cür məhsullar alarkən diqqətli olmalı, məhsulun markalanmasına, onun saxlanma şəraitimə xüsusi fikir verməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.