İqtisadiyyat

Rus avtomobilləri Azərbaycanda niyə yenidən dəbə minir? - REPORTAJ - FOTO

20 Aprel 2017 13:48
3 Şərh     Baxış: 5 928

2017-ci ilin əvvəlindən ölkəyə avtomobil idxalı azalıb. Belə ki, gömrük statistikasına görə, cari ilin üç ayında ölkəyə 1 431 avtomobil gətirilib. Onun 1185 ədədi, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri olub. Müqayisə üçün bildirək ki, 2016-cı ilin müvafiq dövründə bu rəqəm 1235 ədəd imiş. Avtomobil idxalının azalması bir tərəfdən, aksiz dərəcələrinin 2017-ci ilin yanvarın 1-dən etibarən artırılması ilə izah edilsə də (şirkətlərin xərci artdığından və alıcı az olduğundan əvvəlki kimi idxala maraq göstərmirlər), digər tərəfdən də tələbatın düşməsi ilə əlaqələndirilir. Lakin bazarı araşdırdıqda məlum olur ki, tələb var, sadəcə qiymətlər yenə də əhalinin cibinə uyğun deyil.

Bazar doyub?

Rəqəmlərin təhlili göstərir ki, ölkəyə avtomobil idxalı 4 dəfəyə qədər azalıb. Belə ki, 2010-cu ildə 51 824, 2011-ci ildə 64 916, 2012-ci ildə 89 652, 2013-cü ildə 94 879, 2014-cü ildə 57 615, 2015-ci ildə isə 23 765 ədəd avtomobil idxal edilib. 2016-cı ildə isə 4991 ədəd minik avtomobili gətirilib. 2017-ci ilin üç ayında da bu rəqəm 1185 ədəd olub. Avtomobil idxalının azalması heç də bazarın doyması, tələblə bağlı deyil. Rəsmi statistikaya görə, ilin əvvəlinə ölkədə 1 136 983 minik avtomobili olub. Hər 1000 nəfərə 119, hər 100 ailəyə 52 minik avtomobili düşüb. Müqayisə üçün bildirək ki, Rusiyada hər 1000 nəfərə 284, ABŞ-da 799, Almaniyada 544, Qazaxıstanda 229, Ukraynada 162 avtomobil düşür. Eləcə də Rusiyada ailələrin 51 faizi 1 avtomobilə sahibdir. Azərbaycanda bu rəqəm ailələr üzrə 48 faizdir.  Göründüyü kimi, nəqliyyat yollarımız avtomobil sıxlığı ilə qapansa da, ölkədə əhalisinin şəxsi maşınla təminatı inkişaf etmiş ölkələrdən geridə qalır.

Başqa bir tərəfdən, Azərbaycan hələ də Ukrayna, Qazaxıstan, eləcə də Rusiya ilə müqayisədə SSR istehsalı olan maşınların nəqliyyatdakı payını azaltmayıb. Avtomobillərin markalarına görə bölgüsünə nəzər yetirdikdə də aydın olur ki, sovet dövründə istehsal edilən maşınlar az deyil. Məsələn, ölkədə 5 944 ədəd  "Zaporojests" idarə edən var. Eləcə də 25 ,170 ədəd "Moskiviç", 200,777 ədəd "Vaz 2101", "03" - "06" avtomobili mövcuddur.

Bazara ancaq Rusiya maşınları gətirilir

Vəziyyətlə yaxından tanış olmaq üçün üz tutduq Bakının Badamdar qəsəbəsində yerləşən avtomobil bazarına. Düzdür, son 5 illə müqayisədə burada avtomobillərin sayı azalıb. Vaxtilə 10 minə yaxın avtomobilin alqı-satqısına ev sahibliyi edən bazarda cəmi 2 min maşının olduğunu öyrəndik. O da məlum oldu ki, son 2 ayda avtomobillərin dəyəri dollarla ifadədə 1000-1500 dollar bahalaşıb. Söhbət etdiyimiz satıcılar bunu ABŞ valyutasının məzənnəsi ilə izah etdilər: "İlin əvvəlində dolların məzənnəsinin yüksəlməsi avtomobillərin qiymətinə təsir etdi. Bundan əlavə bazara alıcı gəlmir. Seçim etmək üçün maşınların sayı da azalıb". 

Həmsöhbətim dedi ki, artıq bazara Gürcüstandan, eləcə də Avropa ölkələrindən ikinci əl avtomobil gətirilmir. Satışa çıxarılanlar vaxtilə ölkəyə gətirilmiş və istifadə olunmuş avtomobillərdir: "Bazara son 3 ayda təkcə 2016-cı il model "Niva"lar gətirilib. Onların da dəyəri 16 500 manat təşkil edir. Yəni bazarda görəcəyiniz yeni maşınlar ancaq "Niva"lardır".

Avtomobillərin markalar üzrə qiymətlərinə gəlincə, aşağıdakı mənzərə alındı:

Avtomobilin markası

Buraxılış ili, yürüş (km)

Qiyməti (dollarla)

NISSAN SUNNY

2014, 50 000 km

11 000

BMW 325

2002, 360 km

6 000

VAZ PRIORA

2014, 75 000 km

9800

Mercedes E 280

2001, 215 000 km

7100

Great Wall Voleex C-30

2013, 70 000 km

6 000

Chevrolet Cruze

2015, 50 000 km

14 000

Audi Q7

2010, 105 000 km

26, 700

Chevrolet Aveo

2013, 51,300 km

7 700

Satıcılar bildirir ki, yuxarıda göstərilən avtomobillərin qiyməti son iki ayda 1000 dollara qədər bahalaşıb.

Ekspertlər günahı ABŞ valyutasında gördü

Xatırladaq ki, hələ ötən ilin sonunda aksiz dərəcələrinin 2017-ci ilin yanvarın 1-dən etibarən artırılmasının avtomobillərin qiymətlərinə təsir edəcəyi proqnozlaşdırılırdı. Xüsusilə mühərrik gücü yuxarı olan avtomobillər üçün aksiz dərəcələrinin 4 dəfəyədək qaldırılması nəticəsində belə maşınların daha bahalı olacağı deyilirdi. Lakin bu proqnoz birinci əl avtomobil bazarı üçün keçərli idi. İkinci əl bazarında qiymətlərin yüksəlməsi Azərbaycan alıcısı üçün bir növ "sürpriz" oldu.

İqtisadçı-kespert Samir Əliyev bildirir ki, ikinci əl avtomobil bazarında bahalaşma bazarda rəqabətin azalmasından irəli gəlir. Belə ki, son illər ölkəyə avtomobil idxalı kəskin şəkildə aşağı düşüb: "Rəqabətin azalması qiymətlərə təsir göstərib. Bundan başqa dolların məzənnəsi də burada rol oynayıb".

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlının sözlərinə görə, 2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə idxal dəfələrlə azalıb: "Təkcə son 2 ildə idxal 5-6 dəfə aşağı düşüb. İdxalın azalması, eləcə də dolların manata nisbətdə möhkəmlənməsi avtomobil bazarına təsir göstərib. İkinci əl avtomobil bazarında qiymətlər 10-30 faiz ətrafında bahalaşıb. Belə ki, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20 faizə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə 20-30 faiz qiymət artımı baş verib".

R.Osmanlı bildirir ki, idxalın azalmasına bu sahədə atılan inzibatı addımlar da təsir edib. Bununla belə ekspert bazarda tələbin hələ də qaldığını dedi: "Demək olmaz ki, alıcı yoxdur. Düzdür, əvvəlki illərlə müqayisədə azdır. Bunun səbəbi də avtomobil kreditlərinin dayandırılmasıdır. Əvvəllər hər 10 nəfərdən ən azı 7-si avtomobili kreditlə almağa üstünlük verirdi ki, bu 7 nəfərdən 5-i potensial alıcı qrupuna daxil idi".

Azərbaycanda avtomobilləşmə prosesini  MDB ölkələri ilə müqayisə edən R.Osmanlının sözlərinə görə, bu sahədə hələ də geridə qalırıq: "Hər 100 nəfərə düşən avtomobil sayına görə, Azərbaycan MDB-də son yeri tutur. Ümumi götürdükdə Azərbaycanda avtomobilləşmə prosesi yeni başlayıb. Hazırda cəmi 14 faiz avtomobilləşmə var. Hər  5-10 ailədən biri avtomobilə sahib olsa da, bu rəqəm azdır".

Leyla Əliyeva
Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    bakili · 20 Aprel 14:0700

    NIVA ruslarin JEEP dir

    Cavab yaz
  • Anonim
    \/.\/ · 20 Aprel 15:5000

    Bizler ancaq quyu qazmaqda irelideyik . ViVA !!

    Cavab yaz
  • Anonim
    Agshin · 20 Aprel 16:3900

    Vallah bu Rus konservalarına niyə pul verilir anlamıram da ))) a kişi rahat maşın sürmət üçün çoxlu pul xərcləmək olar. Daha narahat maşına niyə o qədər pul verilir?! Nə bilim vallah, bu millətin axırına çıxsa-çıxsa özünü göstərmək, lovğalıq, yekəxanalıq bir də rus konservaları çıxacaq...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.