İqtisadiyyat

"Hindistandan Avropaya yükləri 7 günə daşımaq olar" - Cavid Qurbanov - FOTO

31 Mart 2017 00:03
0 Şərh     Baxış: 2 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 30-da "Azərbaycan Dəmir Yolları" QSC-də "Ukrayna Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədri Balçun Voytsexin başçılıq etdiyi nümayəndə heyəti ilə iki tərəfli görüş keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci ildə "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" imzaladığı Sərəncama uyğun olaraq, artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.

Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir.

Şimal-Cənub Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü isə tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır.

Cavid Qurbanov Cənub-Qərb Nəqliyyat Dəhlizindən də söz açıb. Onun sözlərinə görə Dəhliz Avropa Birliyi ilə Hindistan arasında yüklərin daşınmasına hesablanıb. Cənub-Qərb Nəqliyyat Dəhlizi İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. İkin hesablamalara əsasən bu dəhliz üzrə yük daşımaları 7 gün ərzində həyata keçirmək mümkün olacaqdır.

QSC sədri son vaxtlar digər marşrutlarla yanaşı, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun gücləndirilməsi istiqamətində görülən işlər də olduqca təqdirəlayiq olmasını xüsusi vurğulayıb.

Daha sonra Azərbaycan və Ukrayna dəmiryolçuları arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

"Ukrayna Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədri Balçun Voytsex çıxış edərək Azərbaycanla ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsininin artırılması üçün Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun imkanlarından istifadə etməkdə maraqlı olduqlarını bildirib.

Qonaqlar həmçinin Bakı dəmir yolu vağzalına gələrək yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Daha sonra görüş 3 tərəfli formatda davam edib. Tədbirdə "Gürcüstan Dəmir Yolları" SC-nin sədr müavini Aleksi Nikolaşvili danışıqları davam etdirib.

Görüşün sonunda Azərbaycan, Ukrayna və Gürcüstan dəmiryolçuları arasında niyyət protokolu imzalanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.