İqtisadiyyat

Ukrayna və Azərbaycan dünya bazarlarında mövqeləri gücləndirmək üçün əməkdaşlığı genişləndirməlidirlər - MÜSAHİBƏ

27 Mart 2017 08:10
Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin Trend-ə müsahibəsini təqdim edir.

- Azərbaycan və Ukrayna çoxdankı tərəfdaşdırlar və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edirlər. Hazırda ölkələr arasında iqtisadi əməkdaşlığın vəziyyətini və qarşılıqlı əmtəə dövriyyəsinin həcmini necə qiymətləndirirsiniz? Azərbaycan və Ukrayna arasında qarşılıqlı əməkdaşlığın mövcud potensialı nə dərəcədə reallaşdırılıb?

- Azərbaycan Ukraynanın mühüm strateji tərəfdaşıdır. Bunu Ukraynanın Prezdenti Petro Poroşenko və Baş naziri Vladimir Qroysmanın Kiyevdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşləri (səfər 13-14 martda baş tutub - red.) və bəyanatları da təsdiq etdi.

Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi üçün çox münasib vaxtdır, belə ki, Ukrayna və Azərbaycan əməkdaşlığın potensialını hələ tam realizə etməyiblər. Ötən illər ərzində qarşılıqlı ticarətin həcmi azalıb və 2016-cı ildə hətta 300 milyon dolları ötməyib. Lakin biz hazırda ticari və iqtisadi əməkdaşlığın genişləndirilməsi üzərində işləyirik.

Kimya sənayesi, əczaçılıq, gəmi, təyyarə və maşın qayırma sahələrində birgə istehsalı inkişaf etdirmək vacibdir. Biz aqrar sənaye kompleksi sahəsində və Azərbaycana ərzaq məhsullarının tədarükündə əməkdaşlığı davam etdirmək və genişləndirməkdə maraqlıyıq. Və, əlbəttə, biz Azərbaycan neftinin gələcəkdə Ukraynanın Neft Emalı zavodlarına və ərazimiz vasitəsilə Avropa ölkələrinə tədarükündə də maraqlıyıq.

Yeri gəlmişkən, Baş nazir Vladimir Qroysman Azərbaycan nümayəndə heyəti ilə görüşü zamanı iqtisadiyyat naziri Şahin Mustafayevin Kiyevdə Azərbaycan Ticarət Evinin yaradılması təklifini müsbət qiymətləndirdi. Bu, ölkələrimiz arasında qarşılıqlı ticarət əlaqələrini gücləndirməlidir.

- Dünyada mürəkkəb qlobal iqtisadi vəziyyətlə əlaqədar Azərbaycan-Ukrayna əməkdaşlığı üçün prioritetlər dəyişibmi?

- Dünya bazarlarında rəqabət güclənir. Bu səbəbdən də ölkələr arasında qarşılıqlı fəaliyyəti təşkil etmək, xarici bazarlarda mövqeləri gücləndirmək məqsədilə şəxsi və birgə rəqabət imkanlarının artırılmasına şərait yaratmaq yollarını axtarmaq mühümdür. Buna görə də Ukrayna və Azərbaycan əməkdaşlıq bazasını təkmilləşdirərək və genişləndirərək dərhal bir neçə istiqamətdə - ticari-iqtisadidən tutmuş elmi-texniki sahəyədək qarşılıqlı işbirliyini gücləndirməlidirlər.

Bunun üçün 2017-ci ildə hökumət və işgüzar səviyyələrdə bir neçə mühüm Ukrayna-Azərbaycan biznes-forumu keçirmək planlaşdırılır. Bunlardan biri martın 13-də Kiyevdə (Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə - red.) keçirilib. Növbəti forumu Bakıda təşkil etməyi planlaşdırırıq. Həmçinin, bu yaxınlarda Kiyevdə iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın XII iclası keçiriləcək.

- Azərbaycan neftinin Kremençuq Neft Emalı Zavoduna tədarükünə başlanılıbmı? Tədarük həcmini nə qədər artırmaq planlaşdırılır?

- "Ukrtransnafta" Publik Səhmdar Cəmiyyətinin məlumatına əsasən, müəssisə martın 10-dan Odessadan Kremençuqa neft kəməri məntəqəsinin işini yeniləyib və "Azeri Light"ın Kremençuq NEZ-ə nəqlinə başlayıb. Ötən ilin sonunda imzalanmış saziş 2017-ci ildə Kremençuq NEZ-ə ən azı 1,3 milyon ton "Azeri Light" neft növünün nəqlini nəzərdə tutur. Bu həcmin 1,9 milyon tonadək artırılması nəzərdə tutulur.

Azərbaycan neftinin nəqli "Ukrtransnafta"ya 5 ilə yaxındır fəaliyyət göstərməyən Odessadan Kremençuqa neft kəməri məntəqəsinin işini yeniləməyə imkan verir. Bu, Ukrayna NEZ-lərinə neft nəqlini, həmçinin Ukrayna üzrə daxili neft nəqli həcmini də artıracaq.

- Ukrayna iqtisadiyyatına yatırılan Azərbaycan investisiyalarının həcmi nə qədərdir? Bu investisiyalar əsasən hansı sahələrə yönəldilib?

- Ukrayna Dövlət Statistika Xidmətinin məlumatına əsasən, 2016-cı ildə Azərbaycan Ukrayna iqtisadiyyatına 221 milyon dollardan çox investisiya yatırıb. Bu sərmayələrin əsas hissəsi (təqribən 88 faiz) topdan və pərakəndə ticarətə, avtonəqliyyat vasitələri və motosikletlərin təmirinə yönəldilib, 5 və 4 faizi isə müvafiq olaraq tikinti və sənaye sahələrinə ayrılıb.

Ümumiyyətlə, Ukraynada biznes mühitinin yaxşılaşdırılması hökumətin əsas prioritetidir. Bundan başqa, Ukraynada korrupsiyaya qarşı mübarizə üzrə fəal iş görülür, hüquq-mühafizə sistemi üzrə, həmçinin vergi, gömrük və məhkəmə islahatları aparılır. 2015-ci ildə 43 faiz azalan Ukrayna ÜDM-i görülən tədbirlər sayəsində artıq 2016-cı ildə 2,2 faiz artıb.

- Ukrayna Azərbaycanda əczaçılıq zavodunun tikintisi üzrə danışıqlar aparır. Tikinti işləri nə vaxt başlayacaq və bu layihənin reallaşdırılması üçün nə qədər investisiya lazımdır? Bu zavodda hansı dərmanların buraxılması planlaşdırılır və müəssisənin istehsal gücü nə qədər olacaq?

- Bildiyim qədər, danışıqlar hələ "İndar" QSC, Azərbaycan İqtisadiyyat və Səhiyyə nazirlikləri, Azərbaycan İnvestisiya Şirkəti və Ukraynanın Azərbaycandakı səfirliyi səviyyəsində aparılır.

Layihənin məqsədi infuziya məhlullarının buraxılması üzrə yeni əczaçılıq müəssisəsinin tikintisidir. Müəssisə Bakının yaxınlığında yerləşəcək. Bu, şübhəsiz ki, Azərbaycan-Ukrayna əməkdaşlığı üçün mühüm nailiyyətdir, lakin faktiki reallaşdırma üçün tərəflərin hələ çox iş görməsi lazımdır.

- Ötən il Ukrayna rəsmi olaraq Transxəzər beynəlxalq nəqliyyat marşrutunun iştirakçısı oldu. Bu marşrut vasitəsilə yük axınının artması müşahidə olunurmu və Transxəzər Ukrayna yük daşıyıcıları üçün nə dərəcədə səmərəlidir?

- Bu istiqamətdə yaxınlarda açıqlanan statistika yük axınının əhəmiyyətli artımını göstərir - 2014-cü ildə 450 və 2015-ci ildəki 600 vaqonla müqayisədə ötən il təqribən 3000 vaqon.

Bununla belə, Ukrayna vahid rəqabətli tarif siyasətinin razılaşdırılması üzrə daimi əsasda danışıqlar aparmağı, daşıma marşrutunun coğrafiyasının genişləndirilməsini və liman və bərələrin daşıma imkanları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması üçün infrastrukturun yaxşılaşdırılmasını məqsədəuyğun hesab edir.

Həmçinin, Ukrayna İnfrastruktur Nazirliyi özündə yük axınının cəlb edilməsi mexanizmini, Transxəzər marşrutundakı limanlar arasında birbaşa dəmiryol-bərə birləşmələrinin işlənib hazırlanması üzrə əlaqələndirmə orqanlarının yaradılmasını, həmçinin gömrük rəsmiləşdirilməsi prosedurunu sadələşdirməyi ehtiva edən beynəlxalq hüquqi baza hazırlayıb. Bu və digər tədbirlər bu işə biznesi cəlb etmək məqsədilə qanunvericiliklərə dəyişiklikləri və dövlətlər arasında fəal əməkdaşlığı tələb edir.

- Azərbaycan iqtisadiyyatının hansı sahələri ukraynalı sərmayədarlar üçün daha cəlbedici ola bilər və Ukrayna hansı sahələri Azərbaycan investisiyalarının cəlbi baxımından məqsədəuyğun hesab edir?

- Ukraynada desentralizasiya islahatları regional sənaye parkları şəbəkəsinin yaradılması və dövlət dəstəyi daxil olmaqla, regional inkişaf layihələrinin aktivləşdirilməsinə xidmət etdi. Bu, emal sənayesi üçün, eləcə də infrastruktur və sosial layihələrin, innovasiyaların inkişafı və aqrar-sənaye kompleksi və bir çox digər sahələrdə "Hi-Tech" həllər üçün əlavə imkanlar açır.

İnvestorlara energetika sahəsinə diqqət ayırmaları da faydalı olar. Bu, azərbaycanlı sərmayədarların energetika obyektlərinin özəlləşdirilməsi layihələrində iştirak imkanlarına da aiddir.

Yol tikintisinə investisiyalar da əla imkanlar açır, xüsusən, bu istiqamət 2017-ci ildə Ukrayna hökumətinin prioritet işidir. Bu sahəyə ölkənin dövlət büdcəsində 14 milyard qriven (təqribən 520,5 milyon dollar) nəzərdə tutulub, daha bir milyard vəsaiti isə beynəlxalq maliyyə institutlarından cəlb etmək planlaşdırılır.

Ukrayna biznesi tərəfindən Azərbaycana investisiya qoyulması məsələsinə gəlincə, bizim qarşımızdakı prioritet tapşırıqlardan biri siyasi və işgüzar səviyyələrdə təmaslara imkan yaratmaqdır. Məhz buna görə də biz öz tərəfimizdən yuxarıda qeyd olunan tədbirlərin təşkili üzərində fəal işləyirik.

Yeri gəlmişkən, mən ötən ilin payızında Azərbaycanda oldum, Bakıda bir neçə saat vaxt keçirdim və ölkədəki müsbət dəyişikliklər məni heyrətləndirdi. İnkişaf hər addımda görünür. Mənə Heydər Əliyev Mərkəzində olmaq da nəsib oldu. Burada incəsənət, mədəniyyət və memarlığın böyük nailiyyətlərindən, texnologiyanın inkişaf səviyyəsindən valeh oldum. Qısa səfər məndə dərin təəssürat buraxdı, buna görə də bu gün mən həm vətəndaş, həm də iqtisadiyyat naziri kimi Ukrayna və Azərbaycan arasında münasibətlərin perspektivli, potensial qarşılıqlı faydalı olduğunu hesab edirəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.