İqtisadiyyat

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayacaq

1 Dekabr 2016 23:59
2 Şərh     Baxış: 1 172

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı bütün hazırlıqlar başa çatdırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyəti  məlumat yayıb.
 
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə İran Dəmir Yolları arasında dəmir yollarının rəhbər heyəti və ekspertlərinin iştirakı ilə 2016-cı ilin ötən dövrü ərzində Naxçıvan, Təbriz, Tehran və Bakı şəhərlərində bir neçə görüş keçirilib, imzalanmış ikitərəfli protokollara əsasən, Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması, onunla əlaqədar tariflər razılaşdırılıb.
 
Bu dəmir yolu marşrutu üzrə beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə əlaqədar Bakı şəhərindən 3 ədəd müasirtipli sərnişin vaqonu gətirilib. Hər biri kupetipli vaqon 36 yerlikdir. Vaqonlar istilik və soyutma sistemləri ilə təchiz edilib, marşrut üzrə xidmət göstərəcək bələdçilərə Bakı şəhərində kurs keçirilib. Naxçıvan-TəbrizTehran-Məşhəd beynəlxalq sərnişin qatarı 3 vaqondan ibarətdir və qatar Culfa stansiyasında (İran) qəbul edildikdən sonra vaqonların təkər cütləri dəyişdirilərək İran İslam Respublikasının Təbriz şəhərinə qədər hərəkət edəcək, sonra isə vaqonlar Təbriz- Məşhəd qatarına qoşulacaq. Eyni zamanda geri qayıdarkən vaqonlar Məşhəd şəhərindən Təbrizə qədər, daha sonra isə ayrı lokomotivlə Culfaya (İran) qədər hərəkət edəcək. Culfadan isə Azərbaycana məxsus lokomotivlə Naxçıvan şəhərinə çatdırılacaq.
 
Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə müasir avadanlıqlar quraşdırılıb.  Marşrut üzrə sərnişin biletlərinin satışını onlayn, Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalardan adi qaydada, eyni zamanda İran İslam Respublikasının Culfa, Təbriz, Tehran və Məşhəd şəhərlərinə qədər və əks-istiqamətdə əldə etmək olacaq. Sərnişin qatarı Naxçıvan şəhərindən həftədə iki dəfə hərəkət edəcək. Ümumi uzunluğu 1858 kilometr olan Naxçıvan-Təbriz-Tehran-Məşhəd dəmir yolunda Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankı təşkil edir. Gediş haqqı tarifinə ağ yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir. Əks-istiqamət üzrə də tariflər eynidir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir.
 
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında" 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    insan · 2 Dekabr 09:0300

    ƏLADI YAXŞI OLACAX BELƏLİKLƏ NAXÇIVANA DAHA RAHAT VE UCUZ QIYMETE GEDIB GELE BILERIK

    Cavab yaz
  • Anonim
    Maya · 2 Dekabr 11:1400

    Eladi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.