İqtisadiyyat

Məzənnə müharibəsi: Döyüş qızışır

29 İyun 2016 21:06
1 Şərh     Baxış: 7 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi deyib ki, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") sonra dünya məzənnə müharibəsi riski ilə üzləşib.

Onun sözlərinə görə, məzənnə müharibəsi riskinin yaranmasına səbəb budur ki, hər bir ölkə öz milli valyutasını devalvasiya etməklə iqtisadi artıma nail olmaq istəyidir. M.Draqi bildirib ki, iqtisadiyyatlar arasında məzənnə devalvasiyası rəqabətinin qarşısını almaq üçün dünya mərkəzi banklarının rəhbərləri öz cəhdlərini birləşdirməlidir: "Bu cür devalvasiyalar qlobal iqtisadiyyat üçün yalnız itkidir".

Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov AMB prezidentinin məzənnə müharibəsi riski ilə bağlı fikirlərinə belə münasibət bildirib:

"Ümumiyyətlə, son illər ərzində baş verən bu və ya digər siyasi-iqtisadi xarakterli hadisələrin daha çox məntiqsiz nəticələr törətdiyinin və yaxud da necə deyərlər, əsassız rezonans yaratdığının şahidi oluruq. Yəni, heç bir iqtisadi izahı olmadan. Məsələn, bu və ya digər ərəb ölkəsində dövlət rəsmilərindən biri nəsə açıqlama verir, dərhal neftin qiyməti düşür. Və yaxud, ABŞ-da FES rəhbəri faiz dərəcəsi barədə nəsə bir-iki cümlə danışır, səhəri gün fond birjalarında ciddi dəyişikliklər baş verir.

O ki qaldı Avropa Mərkəzi Bankının prezidenti Mario Draqinin açıqlamasına, dünyada məzənnə müharibəsi, əslində, çoxdan başlayıb. Bunun ilk təzahürü hələ keçən ilin yayında Çin öz milli pul vahidi olan yuanı ucuzlaşdırmağa başlayarkən göründü. Çinin devalvasiyaya getməsi ABŞ dollarına qarşı idi və bununla da sözügedən ölkə öz ixracatını stimullaşdırmaq siyasətinə start verdi. Avropa Mərkəzi Bankının özü də keçən ildən kəmiyyət yumşaldılması siyasəti həyata keçirir. ABŞ-da isə FES bu il üçün faiz dərəcəsini 4 dəfə artıracağını bəyan etsə də, hələ ki, heç bir dəfə də olsa, bunu etməyib. Yəni, istəmirlər ki, dollar çox da bahalaşsın. Bütün bunlar nəyi göstərir?! Məzənnə müharibəsi bütün cəbhələr boyu davam edir və olduqca qızğın xarakter daşıyır".

Ekspertin fikrincə, Böyük Britaniyanın referendumda Avropa İttifaqından çıxmaq haqqında qərarı vəziyyətə əlavə qığılcım qatıb: "Dünyanın ən sabit valyutalarından biri olan funt sterlinq ucuzlaşmağa başlayıb. Təbii ki, bu da avro və dollar üçün də yaxşı heç nə vəd etmir. Gözlənilirdi ki, FES bu il bir dəfə də olsa, faiz dərəcəsini artırmaq haqda qərar qəbul edəcək. Lakin "Brexit"dən sonra bu da inandırıcı görünmür. Bütün bunlar qlobal iqtisadiyyatda bir sıra problemlərin daha da dərinləşməsinə yol aça bilər. Bərpa prosesi səngiyəcək. Çünki devalvasiyalar rəqabəti ixracı stimullaşdırmağa deyil, istehsalı buxova almaqla onu məhdudlaşdıra bilər. Odur ki, ortaq məxrəc, həqiqətən də, vacibdir".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.