İqtisadiyyat

Xaricdə azərbaycanlıları belə qarət edirlər

4 May 2016 16:36
2 Şərh     Baxış: 1 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rouminq tarifləri məsələsində Azərbaycan vətəndaşlarının bəxti qonşu ölkələrin sakinlərinə, məsələn, Gürcüstan və ya Türkiyə sakinləri ilə müqayisədə elə də gətirməyib.

Milli.Az anspress-ə istinadən bildirir ki, xaricə səfər etmiş Azərbaycan sakini mobil telefonu ilə evinə zəng etmək üçün dəqiqəyə görə ən azı 0,9-1 dollar (1,35 - 1,5 manat) ödəməlidir. Azərbaycandan həmin vətəndaşa edilən zənglərə görə isə ondan orta hesabla 25 sent (0,38 manat) tuturlar. Bəzi ölkələrdən edilən zənglərə görə isə Azərbaycan vətəndaşları 3 dollara (4,5 manata) qədər ödəməli olurlar.

Amma qonşu Gürcüstanın ölkədən xaricə çıxan vətəndaşları öz ölkələrinə cəmi 15 sentə zəng edə bilərlər, ölkələrindən gələn zənglərə görə də cəmi 15 sent ödəyirlər. Türkiyə sakinlərinin də bəxti bu məsələdə gətirib. Bu ölkənin vətəndaşları gün ərzində paket şəklində 3,5 dollar (9.9 lirə) xaricdə Türkiyədən gələn zəngləri qəbul edib, Türkiyəyə zəng edə bilirlər. Qısacası, Azərbaycanın mobil rabitə operatorlarının rouminq qiymətləri bir sıra region ölkələrinə baxanda xeyli yüksəkdir.  

"Azərbaycanlıların çox getdiyi Avropa ölkələrindən Bakıya zəng eləmək fantastik qiymətlərə başa gəlir"

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı alim Vüqar Bayramov Azərbaycanın mobil rabitə operatorlarının müştəri üçün yaratdığı narahatlığının təkcə rouminq qiymtləri ilə bağlı olmadığını bildirir: "Xaricdən müştəri xidmətlərinə zəng  edəndə də rouminq qiymətləri ilə pul tutulur. Rouminq qiymətləri də çox yüksəkdir. Xüsusilə də, azərbaycanlıların çox getdiyi Avropa ölkələrindən Bakıya zəng etmək fantastik qiymətlərə başa gəlir. Buna görə də əksər azərbaycanlılar kimi mən də rouminq xidmtələrindən istifadə etmirəm, çalışıram sosial şəbəkələrdən istifadə edirəm. İndi əksər sosial şəbəkələrin danışıq  xidmətləri var.  Avropada Wi-Fi şəbəkəsinin geniş yayıldığı nəzərə alınarsa, rouminqdən istifadə etməyənlər, demək olar ki, pulsuz danışırlar".

Avropa ölkələrində olmuş hər bir azərbaycanlı, demək olar ki, hər gün iqtisadçı alimin dediyi variantdan istifadə edirlər. Bunun üçün fast-fud şəbəkələrində  nahar eləmək və ya məşhur şəbəkələrdən birində qəhvə içmək yetərlidir. Bəzi mağazalarda da Wi-Fi şəbəkəsi var və onlardan da istifadə etmək mümkündür. Otellərdə də  Wi-Fi zonaları var və müştərilər  pul xərcləmədən sosial şəbəkələrin danışıq xidmətlərindən istifadə edə bilirlər.  

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın mobil rabitə operatorlarının ucuz paketlərinin olmaması da müştəriləri rouminqdən uzaqlaşdıran səbəblərdir.  Bu isə avtomatik olaraq mobil rabitə  operatorlarının potensial gəlirlərini azaldır.

Statistik göstəricilər də  İSİM rəhbərinin sözlərini təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatlarından belə görünür ki, 2012-ci ilə kimi Azərbaycanın mobil rabitə operatorlarının gəlirləri sürətlə artsa da, 2012-ci ildən sonra artım sürəti xeyli yavaşıyıb. Ölkə üzrə mobil rabitə operatorlarının toplam gəliri 2011-ci ildə 670 milyon manat olmuşdusa, 2012-ci ildə bu, 831 milyon manata qalxmışdı. Yəni illik artım  24%-ə bərabər olmuşdu. 2012-ci ildən bu yana 3 illik artım isə nominla ifadədə cəmi 9% olub və 2015-ci ildə mobil rabitə opertorlarının toplam gəlirləri 914 milyon manata bərabər olub. 

Bu illər ərzində  orta maaş göstəricisi 398 manatdan 470 manata , yəni 20 faizə qədər qalxsa da, mobil rabitə şikrətləri bu artımdan yararlana bilməyib və belə görünür ki, bunun əsas səbəblərindən biri də bazarla ayaqlaşa bilməyən tariflər, o cümlədən rouminq tarifləridir. Hər halda, Azərbaycandan xaricə  ildə 4 milyona yaxın adam səfər edir. Onların hər biri xaricdə olduğu hər gün ərzində orta hesabla  telefonla 2 manatlıq danışısa, Azərbaycanın mobil rabitə operatorlarının toplam gəliri  100 milyon manatdan çox artar.

"Rouminq tarifini Azərbaycan vətəndaşının getdiyi ölkənin yerli mobil rabitə şirkəti təqdim edir"

Mobil rabitə operatorları isə rouminq tariflərinin belə yüksək olmasının onlardan asılı olmadığını bildirirlər. "Bizə tarifi qarşı tərəf, yəni Azərbaycan vətəndaşının getdiyi ölkənin yerli mobil rabitə şirkəti təqdim edir. Həmin ölkəyə səfər edən Azərbaycan vətəndaşı nə qədər az olarsa, tarif bir o qədər qalxır. Çünki bu işdə tarifi əsas qaldıran məsələ billinq, yəni edilən zənglərin qeydiyyatı və hesablanmasıdır. Buna görə də biz yalnız Birləşmiş Ərəb Əmirliklərə və Türkiyə kimi kütləvi səfər ölkələrinə yay vaxtı ucuz paketlər təklif edə bilirik",-  deyə Azərbaycanın mobil rabitə  operatorlarından birindən sayta bildiriblər.  

Amma şirkətdən verilən cavab nə qədər real vəziyyətə uyğun olsa da bəzi ölkələrin, məsələn Gürcüstanın təcrübəsi vəziyyətin alternativ üsullarla yüngülləşdirilməsinin mümkünlüyünü ortaya qoyur. Ola bilər ki, Gürcüstanın mobil rabitə operatorları ölkəyə gələn turistlər üçün rouminq tariflərini aşağı tələb edir və əvəzində öz abunəçiləri üçün də rouminqin ucuzlaşmasına nail olur və s. Azərbaycan operatorları da bu kimi təcrübələri öyrənməli və tətbiq etməlidir. Hər halda, rouminqin ucuzlaşmasına çəkilən məsrəf reklam üçün ayrılan vəsaitlər qədər effektivdir. Hər halda, real müştəriyə ünvanlanıb və onun xətdə qalmasına xidmət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.