İqtisadiyyat

Problemli kreditlərin axırı necə olacaq?

30 Aprel 2016 23:50
4 Şərh     Baxış: 3 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Devalvasiyadan sonra problemli kreditlərin məbləği də artmağa başladı. Əvvəllər əhali gəlirinin müəyyən hissəsini kreditlərə ayırırdısa, indi bir çoxunda kreditin aylıq ödənişi ailənin gəliri həddindədir. Bu zaman isə vətəndaşın krediti ödəməsi mümkün deyil ki, bu mümkünsüzlüklər də problemli kreditlərin sayını artırır.
Amma təbii ki, vəziyyət bu cür də davam edə bilməz. Bəs problemli kreditlərin axırı necə olacaq? Vəziyyətin bu cür davam etməsi nəyə yol aça bilər? İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Nicat Hacızadə qəzetimizə açıqlamasında bildirdi ki, hazırda problemli kreditlərin artmasının əsas səbəbi manatın məzənnəsinin iki dəfə ucuzlaşmasıdır. İqtisadçı deyir ki, hər iki vəziyyətdə Mərkəzi Bank maliyyə intizamının pozulmasını əsas gətirərək, minimum məbləğlər çərçivəsində belə nə depozitlər, nə də kreditlər üçün hər hansı kompensasiya siyasəti həyata keçirməyib. Amma Qazaxıstan, Qırğızıstan təcrübəsindən istifadə edib, bu məsələdə əhaliyə müəyyən güzəştlər etmək olardı.

Yeni kredit siyasətinə keçid üsulu
N.Hacızadə bildirdi ki, problemin həlli bir növ vətəndaş və bankların öz öhdəsinə buraxılıb: "Hər iki devalvasiyada isə əhalinin gəlirləri azalıb, bu azalmanın fonunda isə əhali xərclərini minimallaşdırıb. Əgər əvvəllər vətəndaş maaşının 15-20 faizini kreditə yönəldirdisə, artıq kəmiyyət baxımından bu 40 faizi keçib. Bu vəziyyətdə əhali pulu xərcləməyib, bankda süni yaranan artıma verir. Hansı ki bu artım vətəndaşın günahından baş verməyib".
N.Hacızadənin sözlərinə görə, problemli kreditlərlə bağlı hökumət və kommersiya bankları tərəfindən müəyyən təkliflər, yüngülləşdirmə siyasəti aparılmalıdır: "Hökumətin üzərinə düşən məsələ kompensasiya siyasətinin həyata keçirilməsi idi. İndi bu iş Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib. Onların isə bu siyasəti həyata keçirmələri qarşıdakı müddətdə real görünmir. Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələni tamam başqa yolla - yeni kredit siyasətinə keçid üsulu ilə həll etmək istəyir. Bunun üçün də müvafiq tədbirlər planı hazırlayır. Qurum kreditlərin verilməsinin azaldılması, əhali ilə banklar arasındakı kreditvermə əməliyyatlarında risklərinin azaldılması, kreditvermə xəttinin bir qədər minimumlaşdırılması siyasəti həyata keçirir".
N.Hacızadə dedi ki, banklar bu vəziyyətdə əhalinin durumunu, ödəmə qabiliyyətinin zəifləməsini nəzərə alıb, onlara müəyyən güzəştlər tətbiq etməlidirlər. Bu güzəşt elə olmalıdır ki, əhali əvvəlki məzənnə ilə götürdüyü krediti rahat qaytara bilsin: "Bir sıra banklar problemdən çıxış yolu olaraq müəyyən işlər gördülər. Amma bunlar özlüyündə tam olaraq yetərli deyil. Burada məbləğin artmasına səbəb əhali deyil. Əhali tərəfindən artım o zaman olur ki, kredit gecikdirilir, üzərinə cərimələr əlavə olunur və məbləğ artır".
N.Hacızadə bildirdi ki, müəyyən tədbirlər həyata keçirilməsə, problemli kredit məsələsi ən azı bu ilin sonuna qədər dava edəcək. Artmasa da, azalma da çox zəif şəkildə olacaq. Hətta 2017-ci ilin birinci rübünə qədər ölkədaxili problemli kreditlər öz yerində qalacaq, azalma tempi olsa belə.
İqtisadçı deyir ki, bu durumda banklar da bir sıra problemlərlə qarşılaşırlar. Gəlirlərinin 70-80 faizi biznes və ya istehlak kreditləri üzərindən gələn faiz dərəcələri, komisyon haqları ilə formalaşan banklara ödənişlərin vaxtında qaytarılmaması, yaxud bəzilərinin ümumiyyətlə, qayıtmaması gəlirlərə avtomatik təsir göstərir. Gəlirin azalması isə bankın fəaliyyət göstərməsi, işçilərin əmək haqları, kommunal xərclər, filialların saxlanılması, səhmdarlara dividentlərin verilməsi və s. məsələlərdə müəyyən problemlər yaradır.

Dəstək olmasa, problem qalacaq
N.Hacızadə onu da bildirdi ki, xərclərini ödəyə bilməyəndə banklar aktivlərdən istifadə etmək məcburiyyətində qalırlar. Bu da həmin bankların aktivlərində müəyyən problemlər yaradır: "Bu proseslər çərçivəsində filialları bağlanan banklar da oldu. Bu da bankların aktivlərinin azalmasına gətirib çıxarıb. Ümumilikdə 2015-ci ildən bəri bank aktivlərində 1 milyard manatdan çox azalma müşahidə olunub. Bu da bankların gələcək fəaliyyətinin davam etdirilməsi yönündə müəyyən risklər yaradır. Banklar xərclərini rahat şəkildə gəlirləri ilə kompensasiya edə bilmirlərsə, onların gələcək fəaliyyəti sual altında qalır.
Bu zaman isə bank əlavə hər hansı yerdən maliyyə cəlb etməlidir. Bu ya istiqraz ola bilər, ya beynəlxalq və ya yerli maliyyə institutlarından maliyyə cəlb edilməsi yolu ilə, ya da depozitlər hesabına. Amma öhdəliklər gəlirlərin 50-60 faizdən çox hissəsini təşkil edirsə, həmin banka ümumiyyətlə, kreditlərin verilməsi daha sərt olur, yüksək faizlə verilir. Bu da banklara sərf eləmir. İstiqraz buraxmaq cəhətdən problemlər olur, onları da alan olmur. Zəifləyən banka isə əhali depozit qoymaqda tərəddüd edir, yaxud demək olar ki qoymur. Bu da bankların nağd pul ehtiyatına ciddi şəkildə təsir göstərir. BU baxımdan hesab edirəm ki, hökumətin, bilavasitə Mərkəzi Bankın dəstəyi olmadığı şəraitdə bu problemlər olacaq".

Məhkəməyə getmək banklara sərf etmir
Bank sahəsi üzrə mütəxəssis Rauf Ağayev deyir ki, dünyanın bütün ölkələrində problemli kreditlər var, buna görə də hər bir bankda problemli kreditlərlə iş departamenti olur. Ekspert problemlərin yaranmasının ümumi səbəbləri haqqında danışdı. Bildirdi ki, bankların iş prinsipi də bəzən problemli kreditlərə yol açır: "Tutaq ki, şəxs krediti alıb, istehsala yönəldib. Amma onun biznesi müəyyən səbəblərdən alınmayıb. Ya gözlənilməz hadisə olub, ya devalvasiya, ya böyük inflyasiya olub. Problemli kredit belə yaranır. Bir də bankların özləri problemli kreditlərə şərait yaratmış olurlar. Məsələn, vətəndaş təcili kredit götürmək üçün banka müraciət edir. Banklar da müqaviləni xırda hərflərlə tərtib edirlər və kredit götürən də oxumadan imzalayır. Sən demə, reklam olunan faiz dərəcəsindən iki dəfə artıq pul tutublar. Yaxud vətəndaş 3 illik kredit götürsə də, 6 ay sonra qaytarmaq imkanı olur. Bank isə deyir ki, krediti 3 il müddətinə az-az qaytarmalısan. Çünki kredit üçün faizləri bu cür hesablamışıq. Bankların kreditləri nə qədər uzun müddətə ödənilirsə, daha çox faiz gətirir. Krediti ödəmək istəyən əksini tələb etdikdə isə müqaviləni göstərirlər. Çünki müqaviləni oxumadan imzalayıb".
R.Ağayevin sözlərinə görə, vətəndaş krediti qaytarmayanda problem məhkəməyə gedir. Bu isə uzun bir prosesdir. Banklara isə müştəridən pulu nağd şəkildə necə var elə almaq daha çox sərf edir, nəinki girovun məhkəmə vasitəsilə satılıb, borcun qaytarılması prosesinə getmək.

Kreditlər qaytarılmadıqda, məcburən silinir
R.Ağayev deyir ki, banklar dollarla olan problemli kreditlərdə güzəştə getməyəcəklər, dövlətin müdaxiləsi isə tövsiyə şəklində ola bilər: "Çünki bank 12 faizlə depozit cəlb edir. Sonra o pulu 20-22 faizlə kredit verir. O depozitin faizini qaytarıb. Ona görə verdiyi kreditin də faizini almalıdır ki, ziyana getməsin. Banklar ziyana getməmək üçün bunu etmirlər. Banklar özəl müəssisə olduğu üçün dövlətin müdaxiləsi tövsiyə şəklində ola bilər. Yaxud da dövlət özü kömək edə bilər. Amma neftin qiymətinin düşməsi dövlət büdcəsinə də təsir göstərib".
R.Ağayev onu da bildirdi ki, hazırda problemli kreditlərin həcmi həddindən artıq çoxdur. Uzun müddət bu cür kreditlər qaytarılmadıqda, məcburən silinir: "Çünki bankın özünün kredit portfelinə uyğun məcburi ehtiyatı var. Mərkəzi Bank, beynəlxalq audit təşkilatları banklardan tələb edirlər ki, kredit portfelinə uyğun ehtiyat fondları olsun. Bu fond daimi olaraq bankda qalır və problemli kreditləri qarşılamaqdan ötrüdür. Banklar buna da gedə bilər, amma getmirlər. Ehtiyat fonduna əl vurmurlar, əhalini krediti qaytarmağa məcbur edirlər. Bankların ehtiyat fondu dar gün üçündür, indi də dar gündür".

"Kaspi"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.