İqtisadiyyat

İqtisadiyyat Nazirliyi yeni təklif planı hazırlayıb - FOTO

9 Fevral 2016 18:07
Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.

Milli.Az bildirir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev dünya enerji bazarındakı qeyri-sabitlik və digər neqativ proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, bu mənfi təsirlərin minimuma endirilməsi istiqamətində görülən tədbirlər və ölkənin iqtisadi siyasətindəki prioritetlər barədə məlumat verib. Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, dünyadakı qlobal böhran fonunda 2015-ci ildə ölkəmizdə ümümi daxili məhsul, eləcə də qeyri-neft sektoru 1,1%, sənaye 2,4%, qeyri-neft sənayesi 8,4%, kənd təsərrüfatı 6,6%, əhalinin gəlirləri 5,7%, orta aylıq əməkhaqqı 4,5% artıb. İqtisadiyyata 20 mlrd. dollar investisiya qoyulub, 2004-2015-ci illərdə 1,5 milyona yaxın yeni iş yeri yaradılıb.

Kollegiya iclasında diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin sonuncu müşavirələrdə qarşıya qoyduğu vəzifələr bu mürəkkəb xarici iqtisadi mühitdə ölkəmizin sosial-iqtisadi inkişafını təmin edəcək strateji inkişaf proqramıdır. Belə ki, dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı strategiyasının davam etdirilməsi, o cümlədən iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, yerli sahibkarlar tərəfindən Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoyulması, ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sosial infrastruktur layihələrinin davam etdirilməsi, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlərin görülməsi, istehlak qiymətlərinə nəzarət və süni qiymət artımının qarşısının alınması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi və s. tapşırıqlar verib.

İqtisadiyyat Nazirliyi tərəfindən ötən il görülən işlərdən danışan nazir Ş.Mustafayev qeyd edib ki, dövlət proqramlarının icrası davam etdirilib, bu çərçivədə müxtəlif sahələrdə layihələr həyata keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxladığı, sonuncu müşavirələrdə də kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması, pambıqçılığın, tütünçülüyün, çayçılığın, üzümçülüyün və digər ənənəvi sahələrin inkişafı istiqamətində bir sıra tapşırıqlar verildiyi qeyd edilib. Bununla əlaqədar, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə İqtisadiyyat Nazirliyində pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrlə müzakirələr keçirilib. Müzakirələrdə qeyd edilib ki, bu sahəyə dövlət dəstəyi gücləndiriləcək, fermerlərdən pambığın əhəmiyyətli dərəcədə baha qiymətə alınması təmin ediləcək. Ümumilikdə, 2016-cı ildə əvvəlki ildəkindən 80% çox - 30 min hektar sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır. Stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin genişləndirilməsi bu sahədə çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına və ya 15 mindən çox yeni iş yerinin açılmasına imkan verəcək.

Dövlət başçısının tapşırığına əsasən, tütünçülüyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq. Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcək. Belə ki, 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcək. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq.

Həyata keçirilən tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq. Tütünçülüyün inkişafı ilə bağlı aparılmış müzakirələrdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ yaş tütünün bir kiloqramını 25 qəpiyə (2015-ci ildə 1 kq üçün 16 qəpik), ikinci növü yaş tütünün bir kiloqramını 15 qəpiyə (2015-ci ildə 1 kq üçün 8 qəpik) qəbul ediləcəyini bildiriblər.

İqtisadiyyat Nazirliyində digər kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları ilə müzakirələr də aparılıb, onların problemləri və təklifləri öyrənilib. Hazırda bu təkliflərin reallaşdırılması üçün tədbirlər görülür.

Kollegiya iclasında Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, qeyri-neft məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması və ixracının genişləndirilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

Qeyd edilib ki, bu sahədə 2015-ci ildə də bir sıra tədbirlər həyata keçirilib, AZPROMO tərəfindən 177-si Azərbaycanda, 84-ü isə xarici ölkələrdə olmaqla 261 tədbir təşkil olunub. Yerli və xarici iş adamlarının iştirak etdiyi tədbirlərdə ölkəmizin investisiya imkanları təqdim edilib, Azərbaycan istehsalı olan məhsulların ixracı təşviq edilib, xarici tərəfdaşlarla ixraca dair müqavilələr imzalanıb.

İnvestisiyaların təşviqi ilə bağlı qəbul edilmış qərarlarla investorlara vergi və gömrük güzəştlərinin verilməsi sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq, bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək.

Belə ki, prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən sahibkarların investisiya təşviqi sənədini aldıqları andan idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular 7 il müddətinə gömrük rüsumlarından azad olunur. Eyni zamanda sahibkarlar investisiya təşviqi sənədinə əsasən 7 il müddətinə fiziki şəxslərin gəlirinin və hüquqi şəxslərin mənfəətinin 50%-nə görə vergidən, həmçinin əmlak və torpaq vergisindən, müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV-dən azaddır.

Bundan başqa, potensial ixrac bazarları ölkələrində logistik mərkəzlərin yaradılması istiqamətində araşdırmalar aparılır, ixrac məlumat bazasının (elektron portal) yaradılması üçün işlər görülür. İxracda xüsusi önəm kəsb edən qablaşdırmanın əhəmiyyəti nəzərə alınaraq, bu sahədə müəssisələrin yaradılması təşviq olunacaq, bu sahəyə dövlət dəstəyi daha da gücləndiriləcək. Bu sahədə ötən il görülən işlərə toxunan Ş.Mustafayev artıq Qazaxıstanın Aktau şəhərində Azərbaycanın ilk logistik mərkəzinin yaradıldığını qeyd edib. Qeyri-neft sektorunun inkişafında, ölkəmizin tranzit və ixrac imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edən logistik mərkəz sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra imkanlar və üstünlüklər təqdim edir.

Görülən işlərin nəticəsidir ki, ötən il Azərbaycandan xarici ölkələrə 2477 adda məhsul ixrac edilib. Bu isə əvvəlki illə müqayisədə 15,2% çoxdur.

Nazir Ş.Mustafayev dövlət başçısının "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı ilə İqtisadiyyat Nazirliyi qarşısında bir sıra vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, ixracın stimullaşdırılması məqsədilə hazırda İqtisadiyyat Nazirliyində ixrac prosedurunun sadələşdirilməsi, beynəlxalq təcrübə əsasında ixracın təşviqi mexanizmləri, o cümlədən ixrac kreditləşməsi, xarici bazarlarda təşviqat və brendləşmə, logistikanın yaxşılaşdırılması və s. tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb. Qeyd edək ki, indiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.

Dövlət başçısının əsasını insan amili təşkil edən sosial siyasətinə uyğun olaraq, əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də dövlət proqramları çərçivəsində əhalinin sosial müdafiəsi tədbirləri, sosial infrastrukturun - məktəblərin, uşaq bağçalarının, tibb ocaqlarının tikintisi, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, eyni zamanda istehlak qiymətlərinə mütəmadi nəzarət və süni bahalaşmanın qarşısının alınması tədbirləri davam etdiriləcək.

Mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə uyğun olaraq, 2015-ci ildə 9 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) qeydiyyatdan keçib, bununla da onların sayı 18-ə çatıb. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Xırdalan və Mingəçevir şəhərində yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, yeni MMMC-nin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilir.

2015-ci ildə Böyükşor gölünün ekoloji bərpasının birinci mərhələsi başa çatdırılıb. Bu mərhələdə gölün 300 hektara yaxın hissəsi bərpa olunmuş və ətraf ərazi təmizlənərək abadlaşdırılıb. Gölün Olimpiya stadionu sahilində salınmış Böyükşor bulvarında 80 min ağac və kol bitkiləri əkilib. Hazırda Böyükşor və Zığ gölləri üzrə tədqiqat-mühəndislik, layihə-smeta və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədləri hazırlanır. Eyni zamanda Böyükşor gölünün kompleks bərpası layihəsinin 2-ci fazası üzrə 380 hektarlıq hissəsinin dibinin təmizlənməsinə hazırlıq işləri görülür və yaxın vaxtlarda işlərə başlanacaq.

Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının son müşavirələrdəki çıxışlarından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında cari məsələlər də müzakirə edilib, İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il üçün İş Planı təsdiq olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.