İqtisadiyyat

"Sonra boş-boş çərənləyəcəyik ki, ay belə satdılar, ay belə aldılar"

1 Mart 2015 23:03
0 Şərh     Baxış: 3 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Hökumət rəsmilərinin davranışı ən azı təəccüblü idi. Beləliklə, biz sizinlə belə qənaətə gəlirik ki, panikanın yaranmasının əsas səbəbkarları izahat işlərinin aparılmasını lazım bilməyən qurumlardır. Necə olur axı, Elman Rüstəmov "Financial Times"a bu barədə danışır, amma mənə, bizə yeri və vaxtı deyil, kommunikasiya ilə bağlı problemimiz var, deyə anlaşıqsız səbəb gətirir və əslində gözünü yumur, yəqin düşünür ki, onu heç kim görmür... Məncə prosesə start verilən gün o, Azərbaycanın ən çox görünən, ən çox danışan məmuru, dərhal yaradılmalı olan operativ qərargahın rəhbəri olmalıydı. Mərkəzi Bank xüsusi telefon nömrələri ayırlmalı, sualı olan vətəndaşlardan həmin nömrələrə zəng vurmağı xahiş etməliydi... Bir sözlə Elman Rüstəmov bir nömrəli bankir kimi xalqın ona etibar etdiyi əmanətlə layiqincə rəftar eləməli idi...

Və mən burada hesab dili ilə desək yazıram Mərkəzi Bank, amma İqtiasi İnkişaf və Sənaye Nazirliyi yadda, Nazirlər Kabineti yadda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yadda və sair. Yadda, yadda... düşünməyi təklif edirəm. Hökumətin rəftarı barədə bu qədər. İndi keçək camaatımızın Azərbaycan manatını dar gündə qoyub qaçan hissəsinə. Ay balam, adama deməzlər ki, nə olub, hara qaçırsınız, kimə qaçırsınız, hanı bəs, sizin milli heysiyyətiniz. Lap elə tutaq ki, manatın başına bir iş gəlib, maşın vurub, yolda qoyub. İndi qoyub qaçmaq lazımdır... Belə də vətəndaşlıq olar?! Bəs, necə olur bu? Qlobal böhran bizə toxunmayanda, yollar çəkiləndə, körpülər salınanda, infrastrukturlar yarananda, ciddi regional layihələr işə düşəndə, sosial yardımlar ayrılanda, stabil iqtisadi mühitin keyfini çıxaranda, taksi sürücüsü Adilin təbirincə desək, jurnalistlərə pulsuz mənzillər tikib paylayanda yaxşı olur, amma dövlətin problemi çıxanda pis? Əziz qardaşlar, bacılar, vətəndaşlar, dövlətdaşlar, dövlətin xeyrinə olduğu kimi ziyanına da şərik olmalıyıq. Bəs, sabah müharibəni kim edəcək? Məni bağışlayın, amma bu məsələdə hökumətin adlarını bayax çəkdiyim strukturlar qədər, bəlkə də ondan artıq əhalinin ifrat həssas qoymagəldiçi təbəqəsinin günahı var. Axı elementar məntiq var: sən manatı aparıb dollarla çevirdin, bütün pullarını dollarlaşdırdın. Axı sabah dükanda səndən bunu satıcı qəbul etməyəcək. Çünki qanuna görə yalnız milli valyutanı qəbul edirlər. Onda sən gedib təzədən manat axtarmayacaqsan, bəs o manatı tapmayanda neyləyəcəksən, manat möhtəkirləri onun məzənnəsini qaldırmacyaqlar? Bu yolla manat yenidən bahalaşmayacaq?

Yeri gəlmişkən artıq bəzi valyutadəyişmə məntəqələrində elə belə də yazırlar. Manat yoxdur! Hər şey bu qədər bəsit və eyni zamanda mürəkkəb. Sizə elə gəlmirmi manatı da Şuşa, Laçın, Ağdam kimi qoyub qaçırıq... Sonra gəlib boş-boş çərənləyəcəyik ki, ay belə satdılar, ay belə aldılar, Babək o yandan vurdu, Həcər bu tərəfdə yıxıldı... Bu hadisə göstərdi ki, Azərbaycanda manat da çatır, dollar da, avro da. Çatışmayan informasiya, izahat və təbliğat işidir. Məncə dövlət öz məmurlarına xalqı vaxtında və təfərrüatı ilə məlumatlandırmaq üzrə kurslar keçməli, bu sahədə təlim-tərbiyə işlər aparmalıdır, daha doğrusu hökumətin təlim-tərbiyəsi çatmalıdır. Daha Maliyyə naziri sadəcə sual verdiyinə görə jurnalistə tərbiyəsizlikdə günahlandırmamalıdır...

Və yenə də həmişəki kimi bütün yük Prezidentin üzərinə düşdü. Baxmayaraq ki, onun işi hökumət üzvlərinin hamısının birlikdə gördüyü işdən qat-qat artıqdır. O danışdı. Və nə yaxşı ki, ərköyün vətəndaşın yadına bir məlumatı saldı:

"Əslində manat əvvəlki səviyyəyə enmişdir. İslahat başlayanda 1 manat, 1 dollar idisə, bu gün də 1 manat, təxminən 1 dollardır".

Doğrudan da maraqlı sualdır da, niyə o zaman danışmırdıq... Əlbəttə vətəndaş bu gün riskli vəziyyətə düşüb. Bəs bizə nə təklif edilir. Vəziyyətdən necə çıxaq? Bu şəraitdə istehlakçının və ya vətəndaşın haqqını qorumaq, ya da heç olmasa qismən qorumaq üçün dövlət öz nəzarətində olan qiymətlərə yenidən baxa bilər. Burada Tarif Şurası təşəbbüskarlıq göstərə, sadə vətəndaşa hesablanmış təkliflər verə bilər. Məsələn, yanacağın qiymətini aşağı salmaq barədə düşünmək olar. Enerji daşıyıcalarının qiyməti aşağı düşərsə avtomatik olaraq son günlər qalxmış qimətlər də enəcək. Varlı olmağın bir adı da dövlətli olmaqdır. Buyuraq dövlətli olaq. Kasıblıq yalnız komik filmlərdə gülməli olur.

Şəxsən məndən ötrü manat-dollar söhbəti yoxdur. Yəni bu söhbət başlayandan bu yana bir manat da dəyişməmişəm. Və belə bir niyyətim də yoxdur. Başqa vaxt buna gedərdim. Və təbii ki, etmişəm də. Amma indi elə dolların acığına dəyişmirəm. Belə xeyli rahat olur mənə. İstəsəniz siz də yoxlayın. Effektini tez bir zamanda görəcəksiniz.
 

HESABAT: Mir Şahin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.