İqtisadiyyat

Yamyaşıl çöllər, başıqarlı dağlar, güngörməz dərələr - Azərbaycanın qərb incisi - FOTO

3 Sentyabr 2015 23:52
2 Şərh     Baxış: 3 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin müvafiq dövründəkinə nisbətən cari ilin 7 ayı ərzində Tovuz rayonuna 10 min nəfərdən çox turist gəlmişdir. Bu günlər Mədəniyyət və turizm şöbəsində keçirilən toplantıda əhaliyə xidmətin bu mühüm sahəsindəki vəziyyət ətraflı təhlil olundu. 

Şöbənin müdiri Aydın Qasımov turizmin inkişafına ölkədə göstərilən qayğı və diqqətdən, Şabranda "Qalaaltı" beynəlxalq müalicə və istirahət kompleksinin fəaliyyətə başlanması ilə əlaqədar keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışındakı tövsiyə və tapşırıqlardan danışdı. Sonra abidə mühafizəçilərinin məlumatları dinlənildi. Xidmətin müasir tələblər səviyyəsinə qaldırılması üçün görülən və görüləcək işlər barədə ətraflı söhbət açıldı. Qeyd olundu ki, son illər ölkəmizdə turizmin inkişaf etdirilməsi, müasir infrastrukturun yaradılması, turizmin müxtəlif növlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətlərində çoxsaylı tədbirlər həyata keçirilir. Bu sahədə Tovuz rayonunda da sistemli surətdə geniş işlər görülür. 

Bu yerlər elə əzəldən gözəl olub. Ana təbiət Tovuza hər neməti bəxş edib - göz işlədikcə uzanan yamyaşıl çöllər, başıqarlı dağlar, güngörməz dərələr, məxməri vadilər, sıx meşələr, şırhaşır çağlayan şəlalələr... Əsrik dərəsi, Göyəbaxan, Çeşməli, Ağqaya yaylaqları, Şamlıq, Qoşabulaq meşələri, Kürün səfalı sahilləri, Bahar, Cökəli, Şahzadə, Loğman, Turşsu, Şırşır, Qələmçə bulaqları hərəsi bir aləmdir. Baxdıqca doymaq olmur. İlin hər fəslində, günün hər çağında gözəldir, cazibəlidir bu yerlər. Məhz həmin istiqamətlərdə turist marşrutları müəyyən edilib: Xınna dərəsi, Qovlar-Ağbaşlar və Əsrik vadisi, Tovuz-Böyük Qışlaq-Qaralar səmti, Vahidli Tovuz-Ağdam-Təpəbaşı bölgəsi, Qəribli və Abdal kəndlərində qədim alban məbədləri, Yanıxlı kəndində inşa olunmuş çimərlik və hotel kompleksi... Əmirli-Kür qırağında yerləşən yaşayış məntəqələri... Bu marşrutlar boyunca Azaflı kəndindəki "Qərib-Seyid" ziyarətgahında, Əsrik Cırdaxandakı Cökəli bulağında, Kirəndəki Nəcəftalasında, Cataq kəndindəki "Turşsu" istirahət mərkəzində, çeşidli ağaclarla zəngin yaşıl meşə örtüyü ilə bəzənmiş digər ərazilərdə turizm üçün hər şərait yaradılıb. Ümumiyyətlə, Tovuz rayonunda ümumən 62 daşınmaz tarixi və mədəniyyət abidəsi mövcuddur. 
Qonaqları öncə Heydər Əliyev seyrəngahının başındakı abidələr toplusu salamlayır. Olimpiya İdman Kompleksi bu yerlərə xüsusi yaraşıq verir. Onun yanında karvansaray tipli "Qala", "Şəlalə", "Bayraq meydanı", "Üç qala" mərkəzi tikilib, 10 hektar sahədə mədəniyyət və istirahət parkı salınıb, idman və əyləncə obyektləri düzəldilib. Şəhərin səfalı guşəsində Aşıq Sənəti Mərkəzi, Diyarşünaslıq Muzeyi, Şəkil qalereyası fəaliyyət göstərir. Buradakı maraqlı və məzmunlu eksponatlar bu yerlərin tarixindən, taleyindən ətraflı xəbər verir.
Yeni istifadəyə verilmiş beşulduzlu "Ayan-Palace" hotelinin ətraf bölgədə tayı-bərabəri yoxdur. Beş mərtəbədən ibarət bu müasir hoteldə konfrans zalı, restoran, bar, mağaza, mətbəx və digər xidmət sahələri qonaqların ixtiyarına verilib. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemi, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib. Hər şəraiti olan idman-sağlamlıq mərkəzi xüsusilə diqqəti cəlb edir. Burada üzgüçülük hovuzu, sauna, türk hamamı, trenajor və masaj otaqları var.
Rayon mərkəzində "Dastan", "Qartal", "Fidan", "Aysu", "Turan", "Uğurlu", "Petrotal" restoran-şadlıq evləri, həmin müəssisələrin bəzilərində ailəvi kotteclər tikilib, bir sözlə, hər yerdə qonaqlar üçün bütün şərait yaradılıb. Təbiətin qoynunda da gecələmək mümkündür. Ağbulaq meşəliyindəki "Turist" istirahət mərkəzi qonaqların çox xoşuna gəlir. 
Tovuz rayonu əsasən dağlıq ərazidə yerləşir. Əvvəllər yol rahat deyildi. Sonra hər tərəfə asfalt yollar çəkildi. Onlardan biri dağların başında, ön atəş mövqeyində yerləşən Qaralar kəndinə kimi ucalır. 
Dərələri, dolayları burula-burula Əsrik vadisi boyunca dağlara qalxırıq. Bu yerlərin hər fəsli gözəldir... Baxırıq, tədricən yarpaqları saralan ağacların hərəsi bir rəngə çalır. Məxməri meşələr al-əlvan xalıya bənzəyir. Maşın sürətlə irəliləyir. Tovuz-Böyükqışlaq-Qaralar yoluna söz ola bilməz. 
Mülkülü kəndinin yanındakı Antik dövrdən xəbər verən Torpaqqala şəhərciyinin, Xınna-Xilxina yaşayış məskəninin, Xinam düzündəki möhtəşəm abidənin, Aşağı Öysüzlüdəki Qoşaqala evinin və digər tarixi bölgələrin öz gözəlliyi var. 
Turistlər daha çox Aşağı Quşçu kəndinin yaxınlığındakı Göytəpə yaşayış məskəni ilə maraqlanırlar. Qədim tarixinə görə Qafqaz bölgəsində nadir abidədir ki, o da Tovuzun payına düşüb. Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Fransa mütəxəssisləri ilə birlikdə Göytəpə yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq maraqlı materiallar üzə çıxarıblar. Abidənin dəqiq tarixinin təyin edilməsi üçün həmin materiallar Fransa Milli Araşdırmalar Mərkəzində radio-karbon analizindən keçirilib. Tam ciddi tədqiqat zamanı bəlli olub ki, Göytəpə yaşayış məskəninin yaşı bizim eradan xeyli əvvələ - dördüncü minilliyə gedib çıxır. Bundan sonra hər yanda əvəzsiz tapıntıya meyil-maraq çoxalıb. Bu yerlərin qədimliyi bir çox nüfuzlu elm ocaqlarının ciddi marağına səbəb olub. 2008-ci ildən başlayaraq hər il Fransa Milli Araşdırmalar Mərkəzi və Tokio Universiteti əməkdaşlarının iştirakı ilə burada stasionar arxeoloji qazıntılar aparılır. Dünya miqyasında Göytəpə yaşayış məskəni tipli Neolit dövrünə aid arxeoloji abidələr ilkin sivilizasiyanın başlanğıc nöqtəsi, insanların mütəşəkkil yaşayış tərzinin bərqərar olduğu şəhər mədəniyyətinin formalaşması mərhələsi kimi dəyərləndirilir. Bütün bunlara əsaslanan dünyamiqyaslı alimlərin yekdil rəyi bu oldu ki, Göytəpə yaşayış məskəninin azı 8 minillik tarixi var. 
Göytəpə indi hər yerdə tanınır, onun tarixi tədqiq və təqdir olunur. 2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə Londonun Britaniya Muzeyində, yenə həmin ildə Parisin Kollec-de-Frans təhsil müəssisəsində, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda və Gürcüstan Milli Tarix Muzeyində Göytəpə materiallarının təqdimatı olmuşdur. 
Dövlət başçısı İlham Əliyevin bu yerlərə səfəri Göytəpə yaşayış məskəninin taleyində yeni səhifə açdı. Prezident bu ilkin yurd yerinə çox böyük qiymət verdi: "Azərbaycanın ən qədim maddi-mədəniyyət nümunələri içərisində Tovuz rayonu ərazisindəki Göytəpə arxeoloji kompleksinin özünəməxsus yeri vardır. Neolit dövrünə aid bu yaşayış məskəni tariximizin öyrənilməsi, eləcə də respublikamızda turizmin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır". Dövlət başçısı 18 aprel 2012-ci il tarixli sərəncamı ilə "Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzaladı. 
Bəli, Tovuzda turizmin inkişafı üçün yeni-yeni imkanlar açılır. Beşulduzlu "Ayan-Palace" hotelinin inşası da bu sahədə irəli atılan addımlardan biri sayıla bilər. Lakin söhbət etdiyimiz turistlərin çoxu dedi ki, bu, çox gözəldir, di gəl ki, bahalıdır. O, yüksək imkanlı şəxslər üçün nəzərdə tutulub. İndiki halda Tovuzda üçulduzlu-dördulduzlu hotellərin inşasına daha böyük ehtiyac duyulur. Belə olarsa, gözəlliklər məskəni Tovuza gələnlərin sayı daha da artar.

"Azərbaycan" qəzeti

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.