İqtisadiyyat

Yer kürəsi əhalisinin beşdə ikisini qidalandıran bitki - FOTO

30 Avqust 2015 23:05
4 Şərh     Baxış: 6 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda çəltikçilikdə inkişaf da var, bu sahədə problemlərin həllinə yaşıl işıq yandıran dövlət dəstəyi də...

Çox vaxt düyünü ikinci çörək adlandırırlar. Tərkibinin vitaminlərlə zənginliyi və ondan hazırlanan yeməklərin doyumluluğu bu ərzaq məhsulunun əhəmiyyətini daha da artırır. Ən çətin dövrlərdə, insanların çörəklə imtahana çəkildikləri vaxtlarda belə bu bitki insanların qidalanmaları baxımından əvəzsiz nemətə çevrilib.
Anam deyərdi ki, İkinci Dünya müharibəsi dövründə çəltik çox insanı aclıqdan qurtarıb. Qubadlı rayonunun ərazisindən keçən Bərgüşad çayının sağ sahilində yerləşən kəndlərin bir çoxu, o cümlədən də Məmər kəndinin əhalisi təxminən keçən əsrin 70-ci illərinə qədər çəltikçiliklə məşğul olub. Dağlıq kəndlərin adamları öz məhsulları - motal pendiri, kərə yağı, bal və digər nemətlərini gətirər və düyü ilə dəyişərək geri dönərmişlər. İnsanlar düyü yeməklərinə o qədər vərdiş ediblərmiş ki, hətta bir gün evdə plov qazanı qaynamayanda: "Ora diqqətlə bax, görürsənmi, bu gün evimizdə plov bişməyib deyə divarlar da ağlayır", - deyərlərmiş. 
Bir zamanlar intibah dövrünü yaşayan çəltikçilikdə uzun müddət durğunluq hökm sürsə də, artıq, deyəsən, buz yavaş-yavaş əriməkdədir. Ümumiyyətlə, hazırda ölkənin kənd təsərrüfatının bütün sahələrində güclü inkişaf müşahidə olunur. Bu amil özünü meyvəçilik və tərəvəzçiliklə yanaşı, dənli bitkilərdə də göstərir. Artıq respublikamızın ayrı-ayrı rayonlarındakı fərdi fermer təsərrüfatlarında çəltik biçiminə start verilib. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin rəisi İmran Cümşüdovdan aldığımız məlumata görə, durğunluq dövrünü yaşayan çəltikçilikdə də canlanma müşahidə edilməkdədir. Bu sahəyə maraq göstərən fermerlərin sayında indi artım var. 
Müsahibimizin sözlərinə görə, məhsuldarlığın vəziyyəti ilə yerində tanış olmaq üçün nazirliyin mütəxəssisləri Lənkəran və Astara rayonlarında olublar. Burada fermerlər tərəfindən yaradılan nümunəvi təsərrüfatlarda məhsuldarlığın yüksək olması müşahidə edilib. Bu da həmin sahələrdən cari ildə daha böyük həcmdə məhsul götürülməsinə əminlik yaradır. 
Qeyd edək ki, dünyada istehlak olunan qida məhsulları arasında düyü ən qədim dənli bitkilərdəndir. Çəltiyin (düyü) vətəni isə Asiya hesab olunur. Yığımın təxminən onda doqquzu bu qitədə yerləşən ölkələrin payına düşür. Tropik və musson subtropikləri bitkisi olan çəltik istiyə, rütubətə, gil torpağa, hamar relyefə tələbkardır. İstehsalı böyük zəhmət bahasına başa gələn bu bitkinin əkin sahəsi dünya üzrə buğdaya nisbətən 2 dəfə azdır. Buna baxmayaraq, ildə iki dəfə məhsul götürmək mümkündür ki, bu da tədarükün buğda ilə təxminən eyni həcmdə olmasına şərait yaradır. 
Çəltiyin üstün xüsusiyyətlərindən biri də məhsuldarlığının yüksək olmasıdır. Nümunə üçün qeyd edək ki, ABŞ və Yaponiyada məhsuldarlıq hər hektardan 60 sentner təşkil edir. Əsas istehsalçıları Çin, Hindistan, İndoneziya, Tailand, Myanma, Banqladeş, Vyetnam, Yaponiya və b. ölkələrdir. Çəltik istehsalçıları həm də onun əsas istehlakçılarıdır. Adıçəkilən məhsulun beynəlxalq ticarəti buğdaya nisbətən məhdud olduğundan alıcıları əsasən Asiyadadır. İri ixracatçılar arasında Tailand, Vyetnam və Myanma xüsusi çəkiyə malikdirlər. Əsas idxalçılar isə Banqladeş, Malayziya, Sinqapur və digər ölkələrdir. Heç təsadüfi deyil ki, düyü Yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır.
 
Vitaminlərlə zəngindir
 
Kənd Təsərrüfatı Nazirliyinin şöbə rəisi İmran Cümşüdovun sözlərinə görə, qırtıckimilər fəsiləsinə aid bitki cinsi olan düyünün əldə edildiyi çəltik bitkisi isti iqlimli bölgələrdə və demək olar ki, hər cür torpaqda yetişə bilər. O, su içində yetişmə xüsusiyyətinə malik olan yeganə taxıldır. Düyü minerallar baxımından çox zəngin olmasa da, vitaminlər (kimyəvi tərkibində nişasta 70, zülal 8, su 13, yağ 2,2, minerallar 1,2 faiz təşkil edir) baxımından olduqca qiymətlidir. 
Düyünün bir xüsusiyyəti də insanı mədə xəstəliklərinə tutulmaqdan qorumasıdır. Bu məhsulda nişastanın faizi çox yüksək olmaqla, bəzən 90 faizə çatır. Tərkibində yapışqanlı zülal maddəsi olmadığından çörəkbişirmədə yararlı deyil. Alimlərin fikrinə görə, onda olan zülal isə başqa dənli bitkilərin zülalına nisbətən heyvan mənşəli zülala daha yaxındır.
Düyü yarması yüksək qidalılıq dəyərinə malik olmaqla yanaşı, insan mədəsində yüngül həzm olur. Dietik məhsul kimi ondan geniş istifadə olunur. Düyünün həzmolma faizi 99,9 faizdir. Düyü həlimi müalicəvi əhəmiyyətə malikdir. Onun küləş və samanından kəndir-ip, həsir-torba toxunur, bu məhsullar balıqçılıq sənayesində istifadə olunur. Bundan başqa, əla növ karton (bərk və qalın kağızlar), şlyapa, zənbil, çanta, pərdələr, ev ayaqqabısı, balaca xalçalar və digər əşyalar hazırlanır. Düyüdən alınan un, nişastadan toxuculuq və ətriyyat sənayesində istifadə olunur, Asiya qitəsinin bəzi ölkələrində düyü çayından istifadə edilir. 
Baldo, kəpəkli, basmati, yabanı və ətirli olmaqla 5 növ düyü var. Dünya əhalisinin təqribən yarısının əsas yeməyini buğda ilə bərabər düyü təşkil edir.
 
Hər kəsin xoşladığı qida növü
 
Çəltik bitkisinin XI əsrin əvvəllərində Lənkəran-Astara ərazilərində, XIII əsrdə Qarabağda, XIV əsrdə Beyləqan ərazisində inkişaf etdirilməsi barədə məlumatlar var. Elmi axtarışlar sübut edir ki, bu bitki ilk dəfə Azərbaycan ərazilərinə İrandan gətirilib. İran tarixçisi Tağı Bəhraminin yazdıqlarına görə, çəltik ilk dəfə I Xosrov Ənuşirəvan dövründə (VI əsrin ortalarında) Hindistandan İrana gətirilib. Tarixi yazılarda XI əsrin əvvəllərində, indiki Lənkəran, Astara və Salyan rayonlarının ərazilərində çəltik becərildiyi göstərilir. XIV əsrin İran tarixçisi Həmdullah Qəzvini özünün "Nüzhətül-qülub" əsərində Beyləqan şəhərində taxıl, meyvə, pambıqla bərabər çəltiyin də becərildiyini qeyd edir.
Azərbaycanda çəltiyin VIII əsrdən başlayaraq inkişaf etdirilməsi haqqında ədəbiyyat mənbələrində məlumatlar var. XIII əsrdə madridli səyyah Klavixo Azərbaycanda olub və Qarabağın təbiətini təsvir edərkən onun düzənlik ərazilərində çəltik, darı və başqa bitkilərin becərildiyini qeyd edib. 
Etnoqrafik məlumatlar və mənbələr göstərir ki, plov və düyü xörəkləri istər kasıbın, istərsə də varlının gündəlik yeməklərindən olub. Çəltiyin qədimdən becərilməsi, plov kimi xörəklərin mövcudluğu Azərbaycan xalqının zəngin tarixə malik olduğunu təsdiqləyir. Düyü bu gün də Azərbaycan mətbəxində çox geniş istifadə olunur.
 
Tərəqqi tənəzzüllə əvəzlənsə də...
 
İ.Cümşüdovun sözlərinə görə, XX əsrin axırlarına qədər çəltikçilik respublikanın kənd təsərrüfatı sahəsində mühüm yer tutub. Ötən əsrin əvvəllərində çəltik sahələri 50 min hektar olub. 1963-cü ildə Azərbaycan Respublikası ərazilərində texniki və digər bitkilərin əkin sahələrinin genişləndirilməsi ilə əlaqədar çəltik sahələri on min hektara enib, hər bir hektarın məhsuldarlığı isə 21,3 sentner olub. 2005-ci ildə Azərbaycanda çəltik əkini sahələri üç min hektara enib. 2008-ci ildə ölkə ərazisində cəmi 269 hektar çəltik əkini həyata keçirilib.
Ümumiyyətlə, respublikamız çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Birinci Lənkəran-Masallı, ikinci Şəki-Zaqatala, üçüncü isə Quba-Xaçmaz zonasıdır. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35-40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50-60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür. Birinci yarımnövdə dən uzunluğu ilə, ikinci yarımnövdə isə qısa yumruluğu ilə fərqlənir. Çəltiyin "Ağ-qılçıq", "Sarı-qılçıq", "Uzros", "Ağ-ənbərbu", "Sədri", "Krasnodar" kimi növləri respublikamızda rayonlaşdırılıb.
Şəki-Zaqatala zonası üçün "Ağ-qılçıq", "Sarı-qılçıq", "Uzros" növləri daha məhsuldardır və iqlim şəraitinə uyğundur. Çəltikdən düyü çıxımı növlərdən asılı olaraq 60-75 faiz olur.
 
Tələbat 30 min ton olsa da...
 
Kənd Təsərrüfatı Nazirliyi rəsmisinin sözlərinə görə, ölkə əhalisinin çəltiyə il ərzində tələbatı təqribən 30 min tondur. Bu məhsulun istehlakı idxal yolu ilə il boyu 25-26 min ton təşkil edir ki, bu da idxaldan təxminən 90 faiz asılılıq yaradır. Yalnız 10 faiz daxili imkanlar hesabına ödənilir. Adambaşına çəltiyə olan tələbatın illik norması isə 2,7-3 kiloqramdır.
Respublika üzrə çəltik istehsalı ilə məşğul olan rayonlar sırasına Astara, Lənkəran, Masallı, Ağdaş, Yevlax, Ucar, Şəki, Oğuz, Zərdab və Göyçay rayonları daxildir. Həmin rayonlarda fərqli illər üzrə bitkinin məhsuldarlığı haqqında məlumatlar da maraq kəsb edir. 2000-ci ilə qədər müvafiq istiqamətdə inkişaf dinamikası yüksək səviyyədə olub. Konkret olaraq elə həmin il çəltiyin ümumi istehsalı respublika üzrə təxminən 22 min 336 ton təşkil edib. Həmin dövr üçün ən yüksək istehsal həcmi Astara rayonunda (14909 ton) qeydə alınıb. Lənkəran (2315 ton), Masallı (2148 ton) və Ağdaş (1868 ton) çəltikçiləri növbəti yerləri tutublar. Ucar, Şəki, Oğuz, Zərdab və Göyçay rayonları üzrə isə ümumilikdə 866 ton çəltik istehsalına nail olunub. 2014-cü ilin yekunlarına görə isə, ümumi istehsal cəmi 2783 ton olub. Cari il üçün isə istehsal həcminin bir qədər də artırılaraq təxminən 3 min tona çatdırılması proqnozlaşdırılır.
 
Əcdadlarımızın sivilizasiya səviyyəsi
 
Maraqlıdır ki, çəltiyin becərilməsi xüsusi suvarma sistemlərinin yaradılmasını tələb edir. Deməli, çəltik becərilən dövrlərdə mühəndis qurğularının hesablamalarının mövcudluğu, şumlama və peyin üçün heyvandarlığın, xışların düzəldilməsi üçün isə ustalığın, sənətkarlığın vacibliyi əcdadlarımızın yüksək sivilizasiya səviyyəsində olduğuna dəlalət edir.
2001-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" çərçivəsində, eləcə də davamlı olaraq "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın Tədbirlər Planında istehsalçılara dövlət dəstəyi nəzərdə tutulub. Belə ki, düyü istehsalının artırılması məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı ilə çəltik məhsulunun istehsalçısı olan hüquqi və fiziki şəxslərə əkin sahəsinin becərilməsində hər hektara görə 40 manat, istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına əlavə 40 manat yardım verilir. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi təmin edilir.
Çətinliklərə baxmayaraq, bu sahə rentabellidir. Eyni zamanda, bölgələrdəki iqlim şəraiti də buna imkan verir. Hazırda bölgələrdə bu işlə məşğul olanların mövcudluğu bu sahəyə müəyyən qədər marağın olmasından xəbər verir.
 
Genetik fondları itən sortlar
 
Qeyd olunan məsələ ilə bağlı Lənkəran Regional Aqrar Elm Mərkəzinin (RAEM) direktoru Teyyub Rzayev və baş mütəxəssis Əli Əliyev də münasibətlərini bildirdilər. Onların fikrincə, Azərbaycan ərazisində çəltikçiliyin inkişaf tarixi taxılçılıqdan çox-çox sonralara aiddir. Elmi-tədqiqat işlərinin və bu sahəyə aid tarixi materialların azlığı Azərbaycan ərazisində bu bitkinin dəqiq tarixi haqqında fikir söyləməyə çətinlik törədir. 
Mütəxəssislərin sözlərinə görə, respublika ərazisində çəltik əkininə uzun müddət fasilə verildiyindən, bu sahədə seleksiya-toxumçuluq, elmi-tədqiqat işləri aparılmayıb. Hətta ata-babadan qalma yerli məhsuldar çəltik sortlarından "Ağ ənbərbu", "Payız ənbərbu", "Vilgəciri", "Yetim", "Qasımxani" Az ROS-637 və digərlərinin genetik fondları itib.
2007-2008 və 2009-cu illər ərzində Lənkəran Regional Aqrar Elm Mərkəzi tərəfindən Lənkəran və Astara rayonlarının torpaq ərazilərində "Lənkəran RAEM-də çəltik toxumçuluq bazasının yaradılması" layihəsi uğurla başa çatdırılıb. Nəticədə qeyd olunan rayonların ərazisində Özbəkistanın "İstiklol" və Qırğızıstanın "Avanqard" çəltik sortu Azərbaycanın cənub regionu üçün yerli, ekoloji faktorlara uyğunlaşdırılıb. Fermer təsərrüfatları üçün 3624 kiloqram çəltik toxumu istehsal olunub. Bundan da 100 kiloqram "Orijinal", 500 kiloqram "Super Elit" və 3000 kiloqram "Elit" sort toxumluq material fermerlərin istifadəsinə verilib.
 
İşə həvəs də var, qarşıya çıxan problem də...
 
Lənkəran Regional Aqrar Elm Mərkəzinin mütəxəssisləri Lənkəran-Astara-Masallı rayonlarında çəltikçilik təsərrüfatlarının həlli vacib problemlərindən də bəhs etdilər. Qeyd edildi ki, regionda çəltikçiliklə məşğul olan fermerlər bir sıra problemlərlə rastlaşırlar. Bu, birinci növbədə çeşidli çəltik sortlarının olmaması səbəbindən rayonlaşdırılmamasıdır. Həmçinin xarici ölkələrdən əldə olunan çəltik sortlarına üstünlük verilməsi, bir sözlə, yüksək məhsuldar, xəstəlik və zərərvericilərə qarşı davamlı, quraqlığa dözümlü sortların regionda olmaması faktı çəltikçilikdə ciddi problem kimi qalır. Region üçün seleksion çəltik sortlarının əldə olunması istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi də zəruri hal kimi dəyərləndirilir. Regionda elmi biliyi və təcrübəsi olan yerli mütəxəssislərlə intellektual baza yaratmaq, mütəxəssis kadrlar hazırlamaq, qabaqcıl ölkələrin elmi təşkilatları ilə sıx əlaqə yaratmaq, sözügedən sahəni intensiv inkişaf etdirməklə əhalinin bu qiymətli ərzaqla təmin olunması ilə Azərbaycanın milli mətbəxində ənənəvi ərzaq məhsulu bolluğunun yaradılması vacib vəzifədir.

"Azərbaycan" qəzeti

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.