İqtisadiyyat

Rubl ucuzlaşır, bizə necə təsir edir?

5 Avqust 2015 15:35
5 Şərh     Baxış: 2 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neftin qiymətinin düşməsinə paralel olaraq rus rublunun məzənnəsi də dəyər itirir. Dünən Rusiya valyutası bu ilin fevral ayından bəri ilk dəfə olaraq 1 dollar/63 rubl səviyyəsini ötüb. 

Mayın ikinci yarısında bir dollar 53,5 rubla dəyişdirilirdi. İyunun sonuna doğru rublun məzənnəsi endi və bir dollar 56 rubla yüksəldi. İyulun 20-dən sonra isə rubl daha sürətlə ucuzlaşdı və dünənki səviyyəsinə çatdı. 

Rublun məzənnə dəyəri itirməsi neftin ucuzlaşması ilə əlaqələndirilir. Son bir ayda neftin qiyməti 63 dollardan 50 dollara qədər enib. Neft ötən müddətdə 20 faizdən çox dəyər itirib. Əsas ixrac məhsulu neft, neft məhsulları və təbii qaz olan Rusiyanın ticari gəliri neftin ucuzlaşması ilə xeyli azalıb. Bu amil rublun da məzənnə dəyərinin enməsini şərtləndirib. 

Rublun ucuzlaşması Rusiya Mərkəzi Bankının ehtiyatlarının da azalmasına səbəb olur. Çünki Rusiya Mərkəzi Bankı rublun daha çox dəyər itirməməsi üçün ehtiyatlarından xarici valyutanı satıb rubl alır. Bununla əlaqədar olara mərkəzi bankın ehtiyatlarının həcmi 358 milyard dollara enib. 

Halbuki 2011-ci ilin sentyabrında Rusiya Mərkəzi Bankının ehtiyatı 543 milyard dollar idi. 2014-cü ilin iyulunda ehtiyatlar 474 milyard dollara, martın sonunda 352 milyard dollara endi. Neftin qiymətinin 65 dollar ətrafında sabitləşməsindən sonra ehtiyatların həcmi 364 milyard dollara qədər yüksəldi. Amma son bir ayda neftin yenidən ucuzlaşması Rusiya Mərkəzi Bankının ehtiyatlarının azalmasına səbəb olub. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov deyir ki, Rusiya ölkəmizin qeyri-neft ixracatında əsas ticarət və iqtisadi tərəfdaşı olduğundan bu ölkənin iqtisadiyyatında baş verən mənfi proseslər Azərbaycan iqtisadiyyatına da sirayət edir. Onun sözlərinə görə, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi, rublun dəyərsizləşməsi bu ölkəyə ixrac potensialımıza təsir göstərməkdədir: "Rublun məzənnəsindəki azalmalar artıq 2014-cü ildə Rusiya Azərbaycan ticarət dövriyyəsində özünü göstərdi. Belə ki, ötən ilin yekunlarında iki ölkə arasındakı ticarət dövriyyəsi rəsmi statistikada əvvəlki ildəki 2 milyard 583 milyon dollardan 1 milyard 954 milyon dollaradək azaldı. Bu özünü Rusiyaya ixracatımızda da göstərdi. Şimal qonşumuza 2013-cü ildə 1 milyard 77 milyon dollarlıq mal göndərdiyimiz halda bu göstərici ötən il 640 milyon dollar olub". 

Digər tərəfdən, ekspert qeyd edir ki, Rusiyada rublun dollara nisbətən məzənnədən düşməsi rublun manata nisbətən kursunun da azalmasına gətirib çıxarır. Yəni, manat rubla nisbətən möhkəmlənir: "Bu isə Rusiyaya məhsul ixrac edən azərbaycanlı yerli iş adamlarının ixrac qabiliyyətini məhdudlaşdırır. Faktiki olaraq Azərbaycan məhsullarının Rusiyada bahalaşmasına gətirib çıxarır. Bununla yanaşı, Azərbaycan fermerlərinin istehsal etdiyi tərəvəz məhsullarının Rusiya bazarında müqayisəli üstünlüyə malik olmasını nəzərə alsaq, rublun qara günləri hələlik Azərbaycan iqtisadiyyatına hiss edilən təsir göstərməyəcək. Bununla yanaşı, rublun dəyərsizləşməsi Azərbaycanın Rusiyaya ixracatına orta müddətli dövrdə təsir göstərə bilər". 

Bayramovun məlumatına görə, rublun məzənnəsinin aşağı düşməsi Azərbaycana göndərilən Rusiya mallarının qiymətlərinə artıq təsir göstərir: "Növbəti aylarda biz bunu daha aydın şəkildə görəcəyik. Xüsusən də Rusiya istehsalı olan bəzi tikinti materiallarının qiymətində endirimlərin olacağı istisna edilmir. Rublun məzənnəsi aşağı düşdükdən sonra isə bu ölkədə yaşayan həmyerlilərimizin də biznesində durğunluq müşahidə ediləcək. Bu baxımdan onların Azərbaycana göndərdikləri vəsaitlərin məbləğində azalma müşahidə ediləcək. Bütövlükdə 2015-cü ildə azərbaycanlıların Rusiyadan göndərdikləri vəsaitin məbləğinin 30 faiz azalacağı proqnozlaşdırılır". 
 

"Ekspress"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.