İqtisadiyyat

Bazarın kəfkiri sürətlənib

26 İyul 2015 20:35
1 Şərh     Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın borc böhranının və İranın nüvə proqramı ilə bağlı problemin həllinə dair danışıqları bütün dünya diqqətlə izləyirdi. Avronun axırı necə olacaq? Grexit baş verəcəkmi və bu, dünya iqtisadiyyatına necə təsir göstərəcək? İranın bazara qayıtması neftin qiymətində özünü necə göstərəcək? İrana tətbiq edilmiş sanksiyaların ləğvi Yaxın Şərqin siyasi mənzərəsini necə dəyişəcək? Sualları bir az da artırmaq olar.

Bu problemlərin həllində Avropaya enerji resurslarının tədarükünün şaxələndirilməsi də böyük rola malikdir. Məsələn, Yunanıstan "Cənub" Qaz Dəhlizi, məsələn, Trans-Adriatik qaz kəməri (TAP) üçün əsas tranzit yollarından biridir. Yunanıstanın avrozonanı tərk etməsi onun Aİ-dən də kənarlaşdırılmasına səbəb olacaqdı və bu, nəzəri baxımdan sözügedən layihənin reallaşdırılmasını təhlükə altına qoyurdu. Çünki Yunanıstanla TAP-ın reallaşdırılması ilə bağlı razılaşmalar paketi ümum-Avropa qanunları nəzərə alınmaqla imzalanmışdı. Yunanıstanın SİRİZA-nın rəhbərliyi ilə qurulmuş yeni koalision hökuməti artıq bu layihə ilə bağlı bəzi məsələləri qaldırsa da, imzalanmış sənədlərlə razılaşmalı olub. Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) isə əmindirdər ki, Yunanıstan ətrafında yaşananlar TAP layihəsinin reallaşdırılması üzrə işlərə heç bir təsir göstərməyəcək.

Qurumun investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun fikrincə, Afina bu boru xəttinin Yunanıstan ərazisindən keçməsində maraqlıdır. "Çünki istənilən halda boru xəttinin Yunanıstandan keçməsi yeni iş yerlərinin açılması, investisiyaların cəlbi, iqtisadiyyatda rəqabətin artması deməkdir. Bununla yanaşı, TAP-ın reallaşdırılması əlavə qaz mənbələrinin yaranması, Yunanıstanın enerji təhlükəsizliyinin təmini deməkdir. Bir sözlə, ortaya çıxmış kiçik nüansları nəzərə almasaq, TAP-ın reallaşdırılması Yunanıstan üçün strateji önəm daşıyan məsələdir", - deyə E. Nəsirov qeyd edib.

Bununla yanaşı, Yunanıstanın ümidləri yalnız TAP-a deyil. O, Rusiyanın təşəbbüskarı olduğu "Türk axını" layihəsi çərçivəsində yaradılacaq qaz xabına da ümidlidir. Amma bu layihə ilə bağlı məsələ bir neçə ay əvvələdək olduğu qədər aydın deyil. "Qazprom" Türkiyə ilə "Türk axını" layihəsi ilə bağlı razılaşmanın ən yaxın zamanlarda imzalanmasına ümid etsə də, görünən odur ki, məsələ "dalana dirənib". Ruslar Ankara ilə hələ ki, razılığa gələ bilmirlər və bunun bir neçə səbəbi var. Səbəblərdən biri Türkiyənin "Botas" şirkətinin aldığı qazın qiymətində endirimlə bağlı razılığa gəlinməməsidir. "Qazprom"un "Türk axını"nı Yunanıstanadək uzatmaq, orada Şərqi və Cənubi Avropa üçün əsas xab formalaşdırmaq istəyi də az əhəmiyyət daşımır. Çünki əvvəlcə bu xabın Türkiyə ərazisində olması nəzərdə tutulmuşdu. "Cənub" Qaz Dəhlizi layihəsini də nəzəra alsaq, bu, Ankaranı Avropanın qaz bazarının vacib oyunçusuna çevirəcəkdi. Yalnız tranzit ölkə olmaq isə Ankaranı qane etmir. Görünür, Türkiyənin bu məsələdə güzəştə getməməsi "Qazprom"un planlarına öz təsirini göstərib. Qurum iyunun 15-dən "Türk axını" kəmərinin sualtı hissəsinin inşasına başlamaq qərarına gəlmişdi. Məqsəd 2016-cı ilin sonuna Türkiyəyə qaz tədarükünə başlanılması idi. Amma "Qazprom" iyulun əvvəlində İtaliyanın "Saipem" şirkətinin xidmətindən imtina edib. Halbuki, Qara dənizin dibi ilə qaz kəmərini məhz bu şirkət çəkməli idi. Nəticədə, əvvəlcə "Türk axını"nın ildə 63 milyard kubmetr qaz nəql etməsi nəzərdə tutulmuşdusa, indi onun maksimal ötürücülük qabiliyyəti 32 milyard kubmetrə düşüb.

"Qazprom" "Türk axını" üzrə işlərin dondurulması ilə yanaşı, yeni təşəbbüslə də çıxış edib. İndi o, gücü 55 milyard kubmetr olacaq "Şimal axını-2" layihəsinin reallaşdırılmasını vacib sayır.

İyunun ortalarında Sankt-Peterburqda keçirilmiş iqtisadi forumda E.ON, Shell və OMV arasında qaz kəmərinin Baltik dənizinin dibi ilə Almaniyaya iki yeni qolunun çəkilişinə dair memorandum imzalanıb. Lakin, bu təşəbbüsün tezliklə reallaşdırılması mümkün deyil və ən başlıcası, o, iqtisadi baxımdan effektiv sayılmır.

"RusEnergy" konsaltinq agentliyinin tərəfdaşı Mixail Krutixinin fikrincə, Şimali və Qərbi Avropa ölkələri - Almaniya, Fransa və Belçikada əlavə qaz həcminə tələbat yoxdur. "Layihə istiqamət alacağı Avropa üçün, Almaniya üçün tamamilə lazımsız layihədir. Üstəlik "Şimal axını"nın artıq mövcud olan iki qolu tam gücü ilə işləmir. Onlar maksimal gücünün, orta hesabla, 65%-i qədər yüklənib. Bunun səbəbi heç də yanacağı qəbul edən qaz kəmərlərindən biri olan "OPAL"ın tam gücü ilə işləməməsi (Avropa Komissiyasının üçüncü enerji paketinə qadağası ilə əlaqədar) deyil. Səbəb sadəcə orada qaza təlabatın olmamasıdır", - deyə Krutixin "Azadlıq" radiosuna müsahibəsində bildirib.

Maraqlıdır ki, iyunun sonunda Rusiya prezidenti Vladimir Putin "Qazprom"a 2019-cu ildən Avropaya qaz tranziti ilə bağlı Ukrayna ilə danışıqlara başlamaq tapşırığı verib. Tərəflər arasında bu sahədə mövcud razılaşmanın müddəti məhz həmin dövrdə bitir. "Qazprom"dan isə bildirirlər ki, Ukrayna vasitəsilə tranzit şərtləri onlar üçün qəbuledilməz ola bilər. Məsələ ondadır ki, Kiyev tranzit tariflərinin artırılmasını tələb edir. Ukraynalılar hesab edirlər ki, Rusiya min kubmetr qazın 100 kilometr məsafəyə nəqlinə görə onlara 2,7 dollar yox, 5 dollar ödəməlidir.

Qeyd edək ki, Bolqarıstana çıxışı olan "Cənub axını" layihəsi əvvəldən məhz Ukraynanın qaz nəqli sistemindən tam imtina məqsədilə nəzərdə tutulub və sonradan o, "Türk axını" ilə əvəzlənib. Lakin Bolqarıstanı bu layihədən imtinaya məcbur edən Aİ Türkiyə vasitəsilə qaz kəmərinin çəkilməsi versiyasını da narazılıqla qarşılayıb. Aİ-də hesab edirlər ki, Şərqi Avropanın qazla təchizatı üçün Ukraynanın qaz tranziti sistemi kifayət qədər etibarlıdır. Aİ-də "Qazprom"un 2019-cu ildən Ukrayna vasitəsilə qaz nəqlinin mümkünsüzlüyü, "Türk axını"na qoşulması üçün yeni qaz kəmərlərinin inşasının vacibliyi haqda ultimatumları ilə razılaşmağa tələsmirlər. Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviçin sözlərinə görə, Rusiyanın Ukrayna vasitəsilə qaz tranzitindən imtina planı Avropanın enerji təhlükəsizliyinə problem yaradır və bu, Aİ üçün qəbulolunmazdır.

"Bu, Avropanın enerji təhlükəsizliyi üçün çox mənfi nəticələr verə bilər. Çünki, Ukrayna vasitəsilə tranzit çox vacibdir - bu, ildə 140 milyard kubmetr qazdır", - deyə Şefçoviç bildirib. O deyib ki, Aİ-nin, xüsusilə Mərkəzi Avropanın qaz nəqli sistemi qazın Ukrayna vasitəsilə tranzitinə tam uyğundur.

Bununla yanaşı, Aİ artıq Rusiya ilə Ukrayna arasında sonuncunun baha olması səbəbilə ruslardan qaz almaqdan imtinası ilə müşayiət olunan bitmək bilməyən "qaz müharibə"sindən narahat deyil. İstənilən halda, son illərdə bu iki ölkə arasıda istər qaz, istərsə də siyasi sahədəki münasibətlər Avropaya qaz tranzitinə heç bir təsir göstərmir. Əlbəttə, Ukrayna etibarlı qaz tranziti ölkəsi kimi şöhrətli ad daşımaqda son dərəcə maraqlıdır və bunun üçün qaz istehlakının azaldılması, kömürdən istifadə və s. kimi istənilən addımı atmağa hazırdır: təki tranzit həcmi azalmasın. Kiyevin bu cür addımları faktiki olaraq, "Qazprom"un Ukraynanın qaz tranziti sisteminin etibarsızlığı ilə bağlı narahatlığının əsassız olduğunu göstərir.

"Qazprom"un ayrı-ayrı layihələr arasında çırpınması fonunda Avropa üçün alternativ tədarük məsələsi xüsusi aktuallıq qazanır. Aİ bu işdə yalnız marşrutların şaxələndirilməsini deyil, yeni mənbələrdən qaz əldə etmək imkanlarını da nəzərdən keçirir.

Hələlik Aİ üçün yeganə belə mənbə Azərbaycan, onun "Şahdəniz" layihəsi, həmçinin TANAP və TAP layihələridir. Yeri gəlmişkən, sonuncu Avropa dövlətlərinin növbəti prioritet layihələr siyahısına daxil edilib.

Avropa Komissiyasından verilən məlumata görə, Mərkəzi, Şərqi və Cənubi Avropanın 15 dövləti qaz infrastrukturunun çatışmayan elementlərinin tikintisinin sürətləndirilməsi, qaz tədarükün mənbələrinin şaxələndirilməsi haqda razılığa gəliblər. Perspektivdə hər bir dövlət ən azı 3 müstəqil qaz tədarükü mənbəyinə malik olmalıdır. Bunun üçün 7 infrastruktur layihəsi müəyyənləşdirilib. Qısa müddətdə reallaşdırılmalı olan bu layihələrə maliyyə dəstəyinin veriləcəyi gözlənilir.

"Trans-Adriatik qaz kəməri (TAP), Xorvatiyada mayeləşdirilmiş təbii qaz terminalı və oradan paylama sistemi kimi bir sıra infrastruktur layihələri, Bolqarıstan və Rumıniyadakı sistemlərin gücləndirilməsi, Yunanıstanla Bolqarıstan, həmçinin Serbiya ilə Bolqarıstan arasında interkonnektorı prioritet kimi müəyyənləşdirilib", - deyə məlumatda bildirilir.

"Bloomberg" agentliyinin məlumatına görə, M. Şefçoviç deyib: "Aİ-nin öz istehsalı azalır və bu, bizim idxaldan asılılığımızı artıra bilər. Beləliklə, qaz tədarükünü şaxələndirməliyik. Əmin olmalıyıq ki, heç kəs bizim enerji təhlükəsizliyimizə mənfi təsir göstərəcək hakim mövqeyə malik olmayacaq".

"Bloomberg" bildirir ki, tərəflər TAP-ı az qala ən vacib layihə sayırlar.
Artıq qeyd edildiyi kimi, hazırkı mərhələdə Avopa üçün əsas alternativ qaz mənbəyi Azərbaycan olsa da, yaradılacaq "Cənub" Qaz Dəhlizi digər istehsalçıların qazının nəqli üçün də işə yaraya bilər. Məsələn, Türkmənistan qazının Avropa bazarına çıxarılması üçün Trans-Xəzər qaz kəməri layihəsi ətrafında işlər nəzərəçarpacaq dərəcədə fəallaşdırılıb. Bu günlərdə Brüsseldə bu layihə üzrə işçi qrupun ilk iclası keçirilib. Toplantıda Azərbaycan, Türkiyə, Türkmənistan, Aİ və Gürcüstan nümayəndələri iştirak edib. "İşçi qrup Türkmənistanı başlanğıcını "Cənub" Qaz Dəhlizindən götürəcək nəhəng boru xətləri şəbəkəsi ilə birləşdirəcək Trans-Xəzər qaz kəmərinin inşası variantlarını nəzərdən keçiriblər", - deyə Slovakiyanın "Ekonomika" nəşrinə açıqlamasında Maroş Şefçoviç bildirib.

"Aşqabad artıq Avropaya ildə 30-40 milyard kubmetr qaz nəql etməyə hazır olduğunu bildirib" deyən Avropa Komissiyasının nümayəndəsinin sözlərinə görə, Türkmənistan qazı Avropanın "mavi yanacaq"a olan ümumi tələbatının 10%-ni ödəyə bilər.

Bu arada Türkmənistan gözlənilmədən "Qazprom"u Rusiyaya nəql edilən qaza görə borcunu ödəməməkdə təqsirləndirib. Türkmənistan tərəfinin məlumatına görə, Rusiya şirkəti 2015-ci ilin əvvəlindən Aşqabaddan aldığı qazın haqqını ödəmir. "Qazprom" hələ ki, məsələyə münasbət bildirməsə də, ekspertlər hesab edirlər ki, Aşqabadın bu demarşı "Qazprom"un ondan aldığı qazın həcmini kəskin şəkildə azaltması ilə bağlıdır. Qeyd edək ki, ruslar Türkmənistanda ötən il 10 milyard kubmetr "mavi yanacaq" almışdılarsa, 2015-ci il üçün bu rəqəm 4 milyard kubmetr təşkil edir. Əslində bu məsələdə "Qazprom"u başa düşmək mümkündür. Onun öz qazına olan tələbat son dərəcə azalıb və bu, özünü şirkətin hasilat həcmində də göstərir. Bu şəraitdə kənardan qaz almağa ehtiyac qalmır. Üstəlik, Türkmənistan qiymətlə bağlı kifayət qədər sərt siyasət yürüdür. O, qaza görə nəqliyyat xərclərinin də tutulması ilə, Avropa qiymətləri tələb edir. İstənilən halda, yaranmış vəziyyət Türkmənistanı öz qazını Avropa bazarlarına çıxarmağa daha çox sövq edir. Bunun üçün əsas marşrut isə "Cənub" Qaz Dəhlizinə qoşulacaq Trans-Xəzər qaz kəməri ola bilər. Doğrudur, Türkmənistan qazı öz sərhədlərində satmaq təcrübəsinə sadiqlik nümayiş etdirir və bu, Trans-Xəzər qaz kəməri layihəsinin maliyyələşdirilməsi ilə bağlı ortaya ciddi suallar çıxarır. 

Azərbaycan da Türkmənistan qazının tranziti üçün bütün imkanlarını səfərbər etməyə hazır olduğunu, lakin Trans-Xəzər qaz kəməri layihəsini maliyyələşdirməyəcəyini bəyan edib. Bununla yanaşı, Bakı Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilişinə hər hansı hüquqi və ekoloji maneələrin olduğunu düşünmür. Hər halda, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov belə deyir: "Təsəvvür edin ki, Xəzərin dibi ilə boru xəttinin çəkilməsinin mümkün olmadığını deyirlər. Bunu layihənin reallaşdırılmasının Xəzərdə faunanın məhvinə səbəb ola biləcəyilə əsaslandırırlar. Necə olur ki, Qara dənizin dibi ilə boru xətti çəkmək olur, Xəzər dənizinin dibi ilə isə yox? Biz düşünürük ki, Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsi ekoloji problemlər yarada bilməz".

Avropa üçün daha böyük alternativ qaz mənbəyi isə İran ola bilər. Tehranın nüvə proqramı ilə bağlı problemin həlli, ona qarşı tətbiq edilmiş sanksiyaların ləğvi ilə dünyanın əksər şirkətləri İran iqtisadiyyatına daxil olmaq üçün növbəyə düzüləcək. Bu, xüsusilə onun enerji sektoruna aiddir. İranın nəhənc neft ehtiyatları ilə yanaşı, ciddi qaz ehtiyatına da malik olduğu məlumdur. 33 triolyon kubmetr qaz ehtiyatı olan İran bu göstəriciyə görə dünyada ikinci yerdədir. Aydındır ki, bu yataqların işlənməsinə zaman və böyük investisiyalar lazımdır. Lakin məhz qaz hasilatı məsələsində ən önəmlisi onun ixracıdır. Bu sahədə İran üçün ən yaxşı variant Avropa bazarlarına Türkiyə vasitəsilə çıxmaqdır. TANAP boru xəttinin Türkiyənin şərqindən-qərbinə doğru uzanacağını nəzərə alan Tehran artıq Azərbaycanın yaradacağı bu infrastrukturu nəzərdə keçirir. 
"TAP və TANAP layihələrinə qoşulmaq İran üçün ciddi maraq kəsb edir. Hazırda bu məsələ İranın Neft Nazirliyində və Milli Neft Şirkətində müzakirə edilir. Eyni zamanda biz SOCAR ilə də danışıqlar aparırıq. Nəzərə alsaq ki, bu boru xətlərindən biri 2018-ci ildə istismara veriləcək, bizim yekun qərar qəbul etməmiz üçün hələ kifayət qədər vaxtımız var", - deyə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu günlərdə verdiyi açıqlamasında bildirib.
Nəhayət, "Cənub" Qaz Dəhlizi layihəsi ABŞ tərəfindən də ciddi dəstək görür. Aİ-nin isə Birləşmiş Ştatlarla ciddi qarşılıqlı əlaqəsi hər kəsə bəllidir.
"Hesab edirəm ki, Azərbaycan tərəfindən reallaşdırılan "Cənub" Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyini real olaraq təmin edəcək. Odur ki, ABŞ hökuməti Avropanın enerji təhlükəsizliyinin təmini baxımından əsas layihə olan "Cənub" Qaz Dəhlizi layihəsini bütün səviyyələrdə dəstəkləməkdə davam edəcək", - deyə ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun xüsusi nümayəndəsi Amos Xoxşteyn Bakıya bu günlərdə etdiyi səfəri zamanı bildirib. O, ayrı-ayrı ölkələrin bu layihəyə qarşı olduqlarını da vurğulayıb.
Rəsmi Bakı isə "Cənub" Qaz Dəhlizinin heç bir layihəyə rəqib olmadığını dəfələrlə bəyan edib. O, bu cür müqayisələrə qarşıdır. Əslində bu, başadüşüləndir - Azərbaycan qazının ilkin ixrac həcmi 10 milyard kubmetrdir və bunu Avropanın ümumi enerji balansında damcı saymaq olar. Burada əsas rolu yeni yol ilə nəql ediləcək yeni qaz mənbəyi oynayır. Məhz bu, Aİ-nin maksimum çox sayda mənbədən enerji resurslarının Avropaya sərbəst axını planına cavab verir.
"Region Plyus"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.